Türkiyədə baş verən 15 iyul qiyamının canlı şahidlərindən biri olan “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan hadisə ilə bağlı təəssüratlarını bölüşüb. Çevrilişə cəhdin başladığı ilk anlarda bu haqda sosial şəbəkədəki səhifəsində şərhlər yazıb, baş verənləri təhlil edən, Azərbaycandan Türkiyəyə baxışda yol verilən nöqsanlara münasibət bildirən redaktor müavini artıq vətənə dönüb. Bu baxımdan, Türkiyədə baş verənlərlə bağlı onun da təəssüratlarını, mövqeyini öyrəndik.
- Azər bəy, hadisədən bir neçə gün öncə də Türkiyədə idiniz. Vəziyyət necə idi, cəmiyyətdə hər hansı gərginlik var idimi?
- Hadisədən bir gün öncə, iyulun 14-də İstanbulda bir bomba həyəcanı yaşandı. Mən Eminönündə idim, bu ərazi həmişə qarışıqlıq olur. Tramvayla Sultan Əhməd Camesinə getmək istəyərkən məlum oldu ki, tramvay xətləri dayandırılıb və sərnişinlər düşürülür. Təhlükəsizlik xidmətinin əməkdaşları bildirdilər ki, “Sirkəci” deyilən ərazidə bomba həyəcanı var, ona görə də həmin istiqamətə gedən bütün tramvay xətləri ləğv olunub, sərnişinlər düşürülür. Həm müşahidələrim əsasında, həm də intuitiv olaraq hiss edirdim ki, İstanbulda bir gərginlik var. Davamlı terror hadisələrinin olduğu bir ölkənin əsas şəhərində gəzmək insanda bir psixoloji gərginlik yaradır. Hər an nə isə baş verəcəyini gözləyirdik.
- Bəs hadisələrin başlamasından, bunun məhz hərbi çevriliş olmasından nə zaman xəbərdar oldunuz?
- 15 iyulda axşam saatlarında eşitdik ki, İstanbuldakı hər iki körpü bağlanıb. Türkiyənin əsas xəbər kanalı olan NTV-ni açdım. NTV-nin şərhçiləri təəccüblə deyirdilər ki, maraqlıdır, körpünün Asiyadan Avropaya keçən hissəsini əsgərlər, digər tərəfini isə polislər tutub. Şərhlərdə də bildirilirdi ki, bu, heç vaxt belə olmayıb. Əgər antiterror tədbiridirsə, burada polis və xüsusi xidmət orqanları iştirak etməlidir. Əsgərlərin görünməsi sual yaradırdı. Təxminən 5-10 dəqiqə sonra Türkiyənin baş naziri Binəli Yıldırımı telefon vasitəsilə canlı yayıma qoşdular. Mən burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, Türkiyə məmurları, baş nazirdən tutmuş, valiyə qədər, hər kəs jurnalistlər üçün əlçatandır. Əksər vaxtlarda onlarla əlaqə saxlayıb rəy ala bilirlər. Binəli Yıldırım da ilk olaraq canlı yayıma qoşuldu və bildirdi ki, bu “askeri ayaklanma”dır. Sonrakı prosesləri də zatən hər kəs bilir.
|
“Bir gün öncədən, həm müşahidələrim əsasında, həm də intuitiv olaraq hiss edirdim ki, İstanbulda bir gərginlik var” |
- Təəssüratınız necə idi, çevrilişin baş tutacağını gözləyirdiniz, yoxsa yatırılacağını?
- Biz də 90-cı illərdən bəri Azərbaycanda bir neçə hərbi çevrilişin, qiyamın, silahlı yolla iqtidar dəyişimlərinin bilavasitə mərkəzində iştirak etmiş adamlarıq. Bu cür prosesləri dəfələrlə həm jurnalist, həm vətəndaş, həm də hərəkatda iştirak edən şəxs kimi yaşamışıq. Mən hiss edirdim ki, bu hərbi qiyamın perspektivi görünmür. Təbii ki, həm də narahat idim, həmin gecə səhərə kimi yatmadıq. Mənim qaldığım hotel Atatürk Hava Limanının 2-3 kilometrliyində idi, orada iki partlayış oldu, havada F16-lar uçurdu. Bu haqda musavat.com-da məlumat verilmişdi.
- Hansı qənaətə gəldiniz baş verənlərdən?
- Birinci qənaətim odur ki, bu fəlakətin qarşısı Rəcəb Tayyib Ərdoğanın iradəsi ilə alındı. Türkiyə prezidenti Ali Baş Komandan və ölkə rəhbəri olaraq o ağır, çətin və təhlükəli vəziyyətdə ortaya iradə qoydu; qaçmadı, gizlənmədi, əksinə, hadisələrin ən qızğın cərəyan edən yerinə - İstanbula gəldi. Öncə jurnalistlərin, sonra xalqın qarşısına çıxdı. Xalqı meydanlara çağırdı. Xalq da onun səsinə səs verib küçələrə, meydanlara axışdı. Hakimiyyət və xalq birləşib dövləti xilas etdi.
- Sizin facebookda bir neçə statusunuzu oxuduq. O statuslarda olaylara Azərbaycandan verilən reaksiyaları tənqid etmişdiniz.
|
“Birinci qənaətim odur ki, Türkiyənin başına gələn bu fəlakətin qarşısı bu ölkənin lideri Rəcəb Tayyib Ərdoğanın iradəsi ilə alındı” |
- Bəzi Azərbaycan jurnalistləri, siyasi şərhçilər, partiya funksionerləri, aktivistlər Türkiyədəki məlum hadisələrə macəra filminə baxırmışlar kimi yanaşırlar. Bəzən görürsən ki, kimsə deyir, “kaş Ərdoğan devriləydi”. Guya bundan sonra Türkiyədə hər şey düzələcəkdi. Bu, olduqca zərərli və həm də yanlış qənaətdir. Hərbi xuntanı dəstəkləmək, onun iqtidar olmasını arzulamaq böyük ayıb və demokratiya adına ləkədi. Qiyamçılar Türkiyə Böyük Millət Məclisinin binasını bombardman ediblər. Parlament binası Türkiyə demokratiyasının beşiyidir.
TBMM-in binasını bombalamaq, Türkiyədə demokratiyanı bombalayıb məhv etmək anlamına gəlir. Həmçinin TC-nin qəlbi sayılan bir neçə güc strukturlarının binası atəşə tutulub. Özəl Hərəkat Polisinin xeyli əməkdaşı qiyamçılar tərəfindən öldürülüb. Baş Qərargah rəisi girov götürülüb. Ən dəhşətlisi isə əliyalın vətəndaşlara atəş açılıb, xeyli sayda mülkü şəxs öldürülüb, yaralananların sayı-hesabı bilinmir. Belə bir qüvvənin iqtidara gəlməsi Türkiyə üçün fəlakət olardı.
|
“Heç bir hakimiyyət hərisliyi, iqtidara gəlmək arzusu insanların göz yaşından önəmli deyil. Ona görə də seçki yolu ilə iqtidarların dəyişməsi ən gözəl mexanizmdir. Silahla, tankla, topla iqtidar dəyişmək olmaz" |
Mən çəkinmədən deyirəm ki, Ərdoğan Türkiyəni xilas elədi. Çox vaxt bəzi siyasi fəallar yazırlar ki, Ərdoğan Atatürk Türkiyəsini məhv elədi. Mən tam məsuliyyətimlə deyirəm ki, əksinə, 15 iyul gecəsi Ərdoğan Atatürk Türkiyəsini böyük bir fəlakətdən qurtardı. Bu prosesdən sonra Ərdoğanın necə davranacağı başqa bir məsələdir. O, demokratik təsisatların fəaliyyətini daraldacaqmı, yoxsa demokratik açılım edəcəkmi, bu başqa məsələdir. Məhz 15 iyul gecəsi Türkiyənin Suriyanın və digər ərəb ölkələrinin gününə düşməsinin qarşısını aldı. Təsəvvür edin ki, qiyamçılar silahlı yolla hakimiyyəti ələ keçirirlər və ölkənin legitim hakimiyyəti buna müqavimət göstərir.
|
“Elə bir ölkə yoxdur ki, orada hərbi qiyam baş versin və sonradan xoşbəxtliyə nail olsunlar” |
Bu hal günlərlə, aylarla davam etsəydi, bu ölkənin vəziyyəti necə olacaqdı? Türkiyəni sevməyən, bu ölkənin qarışması üçün illərdir çalışan xarici qüvvələr bu prosesdən istifadə edib Türkiyənin daha da dağılmasında maraqlı olacaqdılar. Bizim üçün ikinci vətən sayılan, gedərkən din, dil, mədəniyyət problemi yaşamadığımız, dünyada yeganə və gerçək müttəfiqimiz olan Türkiyənin bu cür aqibətlə üzləşməməsinə görə sevinməliyik. Söhbət Ərdoğanın şəxsindən getmir, söhbət AKP-nin iqtidar olub-olmamasından getmir. Söhbət ondan gedir ki, Türkiyə qarışmasın, bütöv qalsın, orada hərbi çevriliş yolu ilə iqtidarlar dəyişməsin, seçki yolu ilə dəyişsin.
- Sizcə, Türkiyə xalqı bu sınaqdan necə çıxdı?
- Hadisələrdən təxminən bir həftə öncədən Türkiyədə idim. Xalq Suriyadan olan qaçqınlara görə hökumətdən narazı idi. Vətəndaşlar suriyalılara qucaq açdığına görə həm AKP-ni, həm də birbaşa olaraq Ərdoğanı qınayır, ciddi şəkildə tənqid edirdi. Lakin çevriliş günü hər kəs hökuməti dəstəklədi, Ərdoğanın çağırışına səs verib meydanlara toplaşdı. Bizdə bir misal var ki, ilan vuran ala çatıdan qorxar. Türkiyə vətəndaşları Cümhuriyyət dövründə bir neçə dəfə hərbi çevriliş yaşayıb. Buna görə də xalq çevrilişdən sonra nələrin yaşandığını, ölkənin hansı fəlakətlərlə üzləşdiyini görüb. Türkiyə vətəndaşı həddindən artıq yetkindir - proseslərdən xəbərdardır, dünyada, regionda, ölkəsində baş verənləri analiz etmək qabiliyyətinə malikdir. Türkiyə xalqı öz dövlətini müdafiə elədi. Bundan gözəl nə ola bilər?
|
“Parlament binası Türkiyə demokratiyasının beşiyidir. TBMM-in binasını bombalamaq, Türkiyədə demokratiyanı bombalayıb məhv etmək anlamına gəlir” |
- Bu yaşadıqlarınızdan sonra Türkiyəyə getməyə ehtiyat edəcəksinizmi?
- Bu cür hadisələr, terror təhlükəsi təkcə Türkiyədə deyil, Avropada da var. Türkiyədəki hərbi çevriliş cəhdindən bir gün əvvəl Fransanın kurort şəhəri olan Nisdə də terror hadisəsi baş verdi, insanlar öldü. Dünyanın heç bir ölkəsi terrordan sığortalanmayıb.
Mən o gecə yaşadıqlarımızı xatırlayıram, yanımda övladlarım qorxur, həyat yoldaşım qorxur, insanlar təlaş içindədirlər. Heç bir hakimiyyət hərisliyi, iqtidara gəlmək arzusu insanların göz yaşından önəmli deyil. Ona görə də seçki yolu ilə iqtidarların dəyişməsi ən gözəl mexanizmdir. Silahla, tankla, topla iqtidar dəyişmək olmaz. Elə bir ölkə yoxdur ki, orada hərbi qiyam baş versin və sonradan xoşbəxtliyə nail olsunlar. Bu, mümkün deyil.
Mən bir məsələni də qeyd etmək istəyirəm ki, bu qiyamın yatırılmasının əsas səbəblərindən biri də qiyamçıların media dəstəyinin olmaması idi. Bu səbəbdən onlar gedib Türksatın fəaliyyətini dayandırmağa çalışdılar. Təsəvvür edin ki, Türksatın fəaliyyəti dayansaydı, Türkiyədə nə radio-televiziya, nə internet, nə də digər kommunikasiya vasitələri işləməyəcəkdi. Qiyamçıların əsas məqsədlərindən biri bu idi. Necə ki, 20 Yanvarda AzTV-nin enerji blokunu dağıtdılar, nəyin baş verdiyini bilmədik və bir gecənin içində sovet ordusu Bakıya daxil olub vətəndaşlarımızı qırdı. Türkiyədə də qiyamçıların məqsədi bu imiş ki, medianı qapadıb, küçələrdə vətəndaşları qırıb, insanların meyitinin üzərindən hakimiyyətə gəlsinlər. Yəqin sonra da deyəcəkdilər ki, xalqı Ərdoğan hökuməti qırıb.
musavat
