|
Azərbaycan ətrafında üç ölkədə gərginlik
Son günlərdə Azərbaycanla qonşu olan dövlətlər daxilində gərginlik getdikcə artmaqdadır. Türkiyədə baş verən 15 iyul qiyamı, ardınca Ermənistanda hərbiçilərin üsyanı və son olaraq da Qazaxıstanın mərkəzindəki polis idarələrinə edilən silahlı hücumlar və bir neçə polis əməkdaşının öldürülməsi dediklərimizə əyani sübutdur. 
Baş verən hadisələrin ölkəmizə təsir edəcəyi ilə bağlı ekspertlər həyəcanlı proqnozlar verirlər. Heç şübhəsiz ki, hər bir ölkədə yaşanan bu tipli hadisələr qonşu dövlətlərə də sıçrayır. Bu baxımdan Azərbaycan hökumətinin önləyici tədbirlər almasının vacibliyini deyənlərin sayı durmadan artır. 
Sabiq MTN-çi Arzu Nağıyev qonşu ölkələrdə baş verənlərin səbəb və məqsəddən doğduğunu düşünür:“Ermənistan, Qazaxıstan və Türkiyədə gedən proseslərin səbəbləri müxtəlifdir. Təbii ki, heç bir dövlət belə məsələlərdən sığortalanmayıb. Hər bir baş tutan dövlət çevrilişi inqilab deməkdir, hər bir baş tutmayan inqilab dövlət çevrilişi deməkdir. Dünyada belə prinsip var. Qazaxıstanda son ayda belə hadisələr bir neçə dəfə baş verib. Qazaxıstanda baş verənləri radikal islam qrupları ilə, Türkiyədəkini dövlət çevrilişi, Ermənistandakını isə konstitusion hüquqlardan düzgün istifadə etməməklə əlaqələndirdilər. Qərbyönlü siyasətçilər artıq meydana çıxmağa başlayıblar. Hər üç ölkədə baş verən hadisələrin birbaşa olmasa da, dolayısı ilə Azərbaycana təsiri var. Əgər Ermənistanda dövlət çevrilişi baş versə, təsəvvür edin ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yenidən baxılmalıdır. Qazaxıstan da bizə yaxın ölkədir. Ümumiyyətlə, Orta Asiya regionunda baş verən hər bir hadisə birbaşa Rusiyaya təsir edir, Rusiyanın təsiri isə regiona və o cümlədən Cənubi Qafqaza təsir edir, Türkiyə də həmçinin. İqtisadi layihələr baxımından orada baş verənlərin bizə təsiri qaçılmazdır. Nəzərə də almaq lazımdır ki, qardaş ölkə bizim ən yaxın strateji müttəfiqimizdir. Amma baş verənlərin ölkəmizə sıçraması mümkün deyil. Çünki hansısa bir hadisə yetişməlidir ki, sonda baş versin. Bu gün Azərbaycanda hərbi və digər çevrilişlərə cəhdlər qeyri-mümkündür”.
Politoloq Elxan Mehdiyev bildirdi ki, Ermənistanda baş verənlər bizim üçün sevindiricidir və bu proseslərin davamlı olmasını Azərbaycanda hər kəs istəyir: “Ermənistanda baş verənlər Azərbaycanın maraqlarına tam uyğundur. Qazaxıstana gəlincə, bu dövlət bizimlə qardaş ölkədir. Bu dövlətin prezidenti bizi bütün forumlarda dəstəkləyir. Orada baş verənlərin, hakimiyyəti zorla dəyişmə cəhdlərinin tam əleyhinəyəm. Bu baxımdan, Azərbaycan Nursultan Nazarbayev hökumətini tam dəstəkləməlidir. Türkiyədə baş verənlər təkcə bölgəyə deyil, beynəlxalq təhlükəsizliyə zərbə vuran hadisədir. Daxildə yaşananlar Türkiyənin zəifləməsinə və beynəlxalq aləmdə nüfuzdan düşməsinə doğru gedən hadisələrdir. Bütün bunlar Azərbaycanın maraqlarına uyğun deyil. Erməni işğalı, eləcə də Amerika və digər Avropa dövlətləri, o cümlədən NATO ilə münasibətlər baxımından Türkiyədə cərəyan edən hadisələr Azərbaycana zərbə vura bilər”.
cia.az