|
Yeni referendum aktı ictimai müzakirədə
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb. 
Dəyişikliklərə əsasən dövlət başçısı Milli Məclisi buraxmaq səlahiyyətinə də malik olacaq, prezident seçilməklə bağlı 35, deputat seçilməklə bağlı 25 yaş məhdudiyyəti aradan qaldırılacaq, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq, baş nazir postu ləğv ediləcək, əvəzinə birinci vitse-prezident və vitse-prezidentlər təyin olunacaq. Qeyd edək ki, konstitusiyaya dəyişikliklərlə bağlı layihə iqtidar  və müxalifət düşərgəsində fərqli qarşılanıb. İqtidaryönlü siyasi xadimlər layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirsələr də, müxalif düşərgədə bu, prezident hakimiyyətinin möhkəmləndirilməsi və hakimiyyətin bir əldə cəmləşdirilməsi kimi qiymətləndirilib. 
 “Yeni Müsavat”a açıqlamasında deputatı Fəzail Ağamalı qeyd edib ki, ölkə prezidentinin konstitusiya ilə bağlı təklif etdiyi dəyişikliklər reallığı ifadə edir və mahiyyət etibarilə Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə, ölkəmizdə demokratik cəmiyyətin daha yüksək səviyyədə inkişaf etməsinə xidmət edən təkliflərdir: “Dünyada gedən siyasi  proseslər və bu proseslərdən çıxan konkret nəticələri nəzərə alaraq,  Azərbaycanda dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş təşəbbüsdür. Birincisi, istər parlament seçkiləri ilə bağlı, istər prezident seçkiləri ilə bağlı  yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə zidd olan məqamların aradan götürülməsi deməkdir.
Artıq  18 yaşından yuxarı istənilən Azərbaycan vətəndaşının parlament üzvü seçilməsi onun hüququdur, lakin onun seçilmək imkanları xalqın səsindən asılıdır. Prezident seçkilərində kiminsə 35 yox, 324 yaşı varsa, lakin istedad sahibidirsə, siyasətdə özünü təsdiq edibsə, onun hüquqlarının məhdudlaşdırılması doğru deyil. Buna görə də onlara şans verilir. Digər tərəfdən, ölkə prezidentinin 7 ildən bir seçilməsi də dünya praktikasında mövcuddur. Bu, tamamilə dünyada, regionda gedən proseslər fonunda son dərəcə düzgün yanaşmadır”. 
F.Ağamalı onu da diqqətə çatdırdı ki, vitse-prezidentlər institutunun yaradılması tam yeni bir yanaşmadır:“Bəzi ölkələrdə yalnız vitse-prezident var. Lakin təklif olunan variantda birinci vitse-prezident və vitse-prezidentlər var. Bu, artıq idarəçiliyin tamamilə yenidən qurulması deməkdir. 
Bu layihə referendumdan keçəndən sonra biz görəcəyik ki, idarəetmə sistemində hansı islahatlarla müşahidə olunacaq. Mənim fikrimcə, idarəetmə sistemi daha da sadələşdiriləcək, konkretləşdiriləcək, vitse-prezidentlərin idarəçilik sistemində iştirak etməsi bir sıra institutların ləğvinə və ya birləşməsinə gətirib çıxara bilər. Bu halda nazirlər və nazirliklər necə olacaq, bilmirəm. Dünyanın heç bir yerində belə format yoxdur. Lakin bu, dövlətin güclənməsinə, daha yüksək demokratik səviyyəyə qalxmasına, xalqın inkişafına xidmət edəcək". 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə aznews.az-a açıqlamasında bildirib ki, bu, Azərbaycanda ciddi islahatların həyata keçiriləcəyinin anonsudur: “Bu sərəncamda əsas məqsəd vitse-prezidentlik institutunun yaradılmasıdır. O cümlədən də prezident yaşının 35-dən 30-a, millət vəkillərinin isə yaş həddinin 25-dən 18-ə endirilməsi məsələləri önə çəkilib. Bundan başqa, struktur islahatlarının həyata keçirilməsinə başlanılacaq. Hesab edirəm ki, prezident bu islahatlarla bağlı vaxtında addım atdı. Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasına ehtiyac var. Bu institutların yaradılması daha çox konkret məsələlərlə məşğul olmaq, həm xaricdə, həm daxildə Azərbaycanın maraqlarını müdafiə etmək və s. referendum aktında öz əksini tapacaq. Hesab edirəm ki, bu müsbət addımlardır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, təklif olunan dəyişikliklər daha çox hakimiyyətin vahid əldə cəmləşməsinə xidmət edəcək: “Bu gün dünyada, XXI əsrdə konstitusiya layihələri ictimai nəzarət mexanizminin, bu strukturların bir-biri üzərində nəzarət mexanizminin gücləndirilməsinə yönəlib. Bu təklif olunan layihə isə səlahiyyətlərin paylaşılması yox, daha çox vahid əldə cəmləşməsidir. Bunun səbəbi regionda baş verən hadisələrdir, yoxsa nədir, mən bunu deyə bilmərəm. Ancaq hər halda, əsaslandırma olacaqsa, Konstitusiya Məhkəməsi mövqeyini ifadə edəcəksə, ondan sonra mən də mövqeyimi ifadə edəcəyəm. Lakin indiki gündə təklif edilən bu dəyişikliklərdən heç birini demokratikləşmə, Azərbaycanın gələcəyinə yardım edilməsi, şəffaf, açıq, inkişaf etmiş cəmiyyətə çevrilməsi üçün əsaslı dəyişikliklər hesab etmirəm. Bu, prezidentlik institutunun gücləndirilməsi, baş nazirlik institutunun zəiflədilməsidir. Deputat və prezident seçkiləri ilə bağlı yaş məhdudiyyətinin aradan qaldırılmasını da onunla əsaslandıracaqlar ki, bu demokratiyanın göstəricisidir, hər kəsə seçib-seçilmək hüququ verilir. Lakin hər bir ölkədə bununla bağlı yaş məhdudiyyəti var. prezident və ya deputat bəlli bir yaşdan sonra olmalıdır. Mən bunu da uğurlu dəyişiklik hesab etmirəm. Bununla bağlı müxalifət partiyaları arasında müzakirələr aparılacaq və ondan sonra mövqeyimizi bildirəcəyik”.
Müsavat Partiyası da referendum layihəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, son illər Azərbaycan hakimiyyəti tez-tez qanunvericilikdə və Konstitusiyada dəyişikliklər edir. Təəssüf ki, bu dəyişikliklər bir qayda olaraq neqativ dəyişikliklər olmaqla, idarəçiliyin daha da sərtləşməsinə, demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edir: “İlham Əliyevin Konstitusiya Məhkəməsinə göndərdiyi ”Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin məzmunu  göstərir ki, hakimiyyət mövcud olan avtoritar rejimi daha da sərtləşdirmək, ölkədə prezident hakimiyyətini mütləqləşdirmək niyyətindədir. Prezidentlik müddətinin 7 ilədək artırılmasını, prezident tərəfindən təyin olunan, Milli Məclisdə təsdiq olunmayan vitse-prezidentlik institutunun yaradılmasını, prezident seçilmək üçün aşağı yaş həddinin aradan qaldırılmasını nəzərdə tutan əlavə və dəyişikliklər layihəsinin irəli sürülməsi ölkədə avtoritar rejimin daha da gücləndirilməsi meyllərindən xəbər verir. Prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, parlamentin səlahiyyətlərinin və torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması və başqa müddəalar da mürtəce xarakter daşıyır. Müsavat Partiyası indiki, demokratik seçki sisteminin mövcud olmadığı şəraitdə bu dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsinin ölkədə avtoritar cəmiyyətin daha da möhkəmləndirilməsinə xidmət etdiyini, dövlətimizin və xalqımızın mənafelərinə zidd olduğunu əsas götürərək, belə referendumun keçirilməsinə yol verməmək üçün konstitusiya və qanunların imkan verdiyi bütün vasitələrdən istifadə edərək mübarizə aparacağını bəyan edir".
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də vurğuladı ki, bu layihə demokratik islahatlara gətirib çıxarmayacaq: “Layihə  öyrənilib müzakirə  olunub dəyərləndiriləcək və Xalq Partiyasının bu barədə rəsmi bəyanatı olacaq. İlkin olaraq, bildirmək istəyirəm ki, bu dəyişikliklər birmənalı şəkildə  demokratiya istiqamətində olan və demokratik islahatlara gətirib çıxaracaq təkliflər deyil. Əksinə, formal məzmunu baxımından bu təkliflərin əksəriyyəti, həm ifadə, həm  mülkiyyət, həm də  siyasi sahədə  antidemokratik rejimin möhkəmləndirilməsinə, hüquq və azadlıqların məhdudlaşdırılmasına yönəldilib. Lakin hazırda Azərbaycanda elə bir siyasi şərtlər mövcuddur ki, hüquq müstəvisində olan hər hansı dəyişikliklərin  siyasi  proseslərin taleyinə təsirinin həlledici olmadığı qənaətindəyəm. O baxımdan da, şübhəsiz bu dəyişikliklərin mahiyyəti istiqamətində diskussiyalar getməlidir, mövqelər bilinməlidir, dəyişikliklərin siyasi və hüquqi mahiyyəti cəmiyyətə izah olunmalıdır və   belə də olacaq, lakin  gerçək siyasi proseslərin taleyinə təsir baxımından təklif olunan dəyişikliklərin və referendumun   mühüm, həlledici təsiri olmayacağı qənaətindəyəm. Bir məsələni də qeyd  edim ki, bu dəyişikliklər hazırkı siyasi hakimiyyətə loyal olan qüvvələrin də gözləntilərini doğrultmadı. Siyasi müxalifətdə olan bir sıra qüvvələrin, beynəlxalq  təşkilatların tələb və tövsiyələri parlamentin səlahiyyətlərinin genişləndirilməsi, parlamentə hesabatlı hökumətin formalaşdırılması, ölkədə siyasi idarəçilik üsulunun qarışıq sistemə , prezident-parlament idarəçilik üsuluna keçməsi, icra hakimiyyətinin səlahiyyətlərinin məhdudlaşdırılması, Nazirlər Kabinetinin rolunun yüksəldilməsi, hüquq və azadlıqların konstitusion  səviyyədə möhkəmləndirilməsi istiqamətində idi.  Lakin  təkliflər bunların  180 dərəcə əksinə oldu. Belə görünür ki, məsələlər siyasi - hüquqi müstəvidən daha fərqli sahəyə keçir”. 
Referendumun nə zaman keçiriləcəyinə gəlincə, hüquqşünas Müzəffər Baxış bildirdi ki, referendum təyin olunduğu gündən 60 gün müddətinə həyata keçirilir: “Qanunvericiliyə görə, Konstitusiya Məhkəməsi referendum aktına müsbət rəy verərsə, bundan  sonra prezident referendum təyin edəcək. Çünki yalnız prezidentin referendum təyin etmə səlahiyyəti var.  Referendum 60 gün  müddətinə, yəni iki ay sonra keçiriləcək”.
musavat.com