Türkiyədə yaşanan 15 iyul qiyamında haqlı olaraq dünyanın əksər ölkələrinin demokratik yolla formalaşmış AKP iqtidarına dəstək vermələri bir çox məsələləri gündəmə gətirib, bəzi suallara yol açıb. Belə ki, 2005-ci ildən başlayaraq, “narıncı inqilablar” adı altında bir sıra ölkələrdə baş verən inqilablar, eləcə də 2011-ci ildə “Ərəb baharı” adlanan proseslər başlandığı zaman əksər dünya dövlətləri və müxalifətlər üsyançıların tərəfində oldular.
O müxalifətçilərə dəstək verildi ki, dövlət çevrilişi həyata keçirilən dövlətlərin bəzilərinin hökumətləri demokratik yolla formalaşmışdı. Azərbaycanın demokratik düşərgəsi dövlət çevrilişlərində həmin ölkələrin xalqını dəstəklədi. 15 oktyabrda isə dünya Türkiyənin seçilmiş hökumətinin yanında oldu. Bu, o deməkdirmi ki, daha bu cür devrimlər dövrü bitdi?
Politoloq Natiq Miri hansı ölkənin olmasından asılı olmayaraq, qanuni hakimiyyətləri zorla devirməyin qanuna zidd olduğunu bildirdi: “Avtoritar ölkələrdə və beynəlxalq hüquqda bunlar birmənalı qəbul edilmir. Misirdə baş verən son qiyama dünya susqunla yanaşdı. Çünki bunun konkret səbəbləri var idi. O hakimiyyət xalq tərəfindən seçilmişdi. Onların yürütdüyü siyasət dünya güclərinin, o cümlədən, Amerikanın Yaxın Şərq siyasətində zidd idi. İsrailin təhlükəsizliyini təmin etmək üçün ərəb dünyasının ən böyük dövləti Misirlə münasibətlər çox vacibdir. Amma Mursinin dövründə Misirin İsrailə münasibəti mənfi istiqamətə dəyişmişdi. Bunu da ABŞ və İsrail Yaxın Şərqdə balansın pozulması kimi qiymətləndirirdilər. Onların dəstəyi ilə hakimiyyət devrildi və beynəlxalq güclər bunu sükutla qarşıladılar. Türkiyədə baş verən proseslər də Misirdə baş verənlərin təkrarı idi. Sadəcə, bu dəfə Misirdən fərqli olaraq, xalq öz hakimiyyətini dəstəklədi. Hərbi gücün zorla hakimiyyəti devirmək cəhdinin qarşısı alındı. Amma Misirdə bir barbarlıq baş verdi. Xalqın seçdiyi Mursi hakimiyyəti devrildi. Heç bir qanuna sığmayan ölüm hökmünə həmin siyasətçiləri qərq etdilər. Misirdən fərqli olaraq, AKP hakimiyyəti başqa siyasət yürütməlidir. Çünki xalq dövlət çevrilişinin qarşısını qanları ilə aldılar. AKP hakimiyyəti bundan doğru istifadə etməlidir. Əks halda, toplumda ciddi parçalanmalar baş verə bilər. Barış mühitinin yaradılmasına böyük ehtiyac var. Türkiyə baş verən hadisədən güclənərək şəkildə çıxmalıdır”.

N.Miri dünya və Azərbaycan müxalifətinin Misir və digər ölkələrdə baş verən dövlət çevrilişlərində qiyamçıların tərəfində olmalarını sərt şəkildə qınadı: “Demokratiya adına mübarizə aparan bütün siyasi güclər üçün bu, böyük biabırçılıq və qeyri-ciddilik idi. Çünki Mursi xalq tərəfindən seçilmiş bir hakimiyyət idi. Amma burada onu devirənlərin dəstəklənməsinə heç bir ad vermək mümkün deyil. Əgər Azərbaycan müxalifəti bu gün ölkədə hakimiyyətin zorla devrilməsinin əleyhinədirsə, o zaman nəyə görə Misirdə qanuni hökumətin devrilməsinə susdular? Ən azından növbəti seçkiyə qədər Azərbaycan müxalifəti Mursi hakimiyyətini dəstəkləməli idi. Çünki hazırkı müxalifət 1993-cü ilin iyununa qədər legitim hakimiyyət idi. Həmin dövrdə iqtidar zor gücünə devrildi. Bu gün Mursi hakimiyyətinin devrilməsinə göz yuman müxalifət, demək, zorla iqtidarlarının devrilməsinə haqq qazandırırlar. Belə səhvlərə yol vermək olmaz. Sənin xoşuna gəlməyə bilər, amma demokratik hakimiyyət istənilən halda dəstəklənməlidir”. (musavat)
