Fikir verin, hansısa bir xırda hadisəyə görə qoşunlarını töküb hamını məhv edən erməni iqtidarı üç gündən artıqdır ki, İrəvandakı hadisələrin qarşısını almır. Bunun səbəbi yenə də Dağlıq Qarabağ məsələsindən qaynaqlanır.
Bu barədə Axar.az-a millət vəkili Asim Mollazadə açıqlama verib.
Onun sözlərinə görə, Ermənistan bu şouları təşkil etməklə beynəlxalq ictimaiyyəti Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı İrəvana təzyiq etməməyə çağırır:
“Guya əks təqdirdə bu, ölkədə çox ciddi narazılıq doğurar. Sözügedən hadisələr qəsdən təşkil olunub və məqsəd beynəlxalq ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltməkdir. Proseslərdə ən fəallar beynəlxalq terror təşkilatı ASALA-nın nümayəndələri, qatı millətçilərdir. Onlar hakimiyyətlə toqquşmaları bu gün ciddi qarşıdurma siqnalları deyil, məhz Ermənistana təzyiq edilməməsi üçündür. Hazırda Ermənistanda heç bir əməliyyat həyata keçirilmir, kimsə bu hadisələrin qurbanı olmayıb. Bu, onu göstərir ki, Ermənistan Dağlıq Qarabağı azad etmək yönündə gələcəkdə olacaq təzyiqlərdən sığortalanmaq üçün belə bir oyun aparır”.
Qeyd edək ki, Ermənistanda Serj Sərkisyan əleyhinə etirazlar baş qaldırıb.
