“Əsası, bünövrəsi olmayan qərarlar dayanıqlı iqtisadi effekt vermir”. Ekspert Elşad Məmmədov milli valyuta olan manatla bağlı son peroseslərə münasibət bildirərkən belə deyib. O, musavat.com-a açıqlamasında bildirib ki, manat hələ də izibati üsullarla tənzimlənir:
“Mərkəzi Bank tərəfindən manatın bazar iqtisadiyyatı prinsipləri ilə ”üzən məzənnə" əsasında formalaşması barədə qərarın bəyan edilməsindən 6 aydan artıq vaxtın keçməsinə baxmayaraq, manatın məzənnəsi daha çox valyuta bazarındakı real vəziyyətlə deyil, inzibati üsullarla tənzimlənir. Sadəcə olaraq, əgər bu ilin əvvəlinə kimi manatı qorumaq üçün valyuta bazarına intervensiyalar Mərkəzi Bankın vəsaitləri hesabına həyata keçirilirdisə, ilin əvvəlindən Mərkəzi Bankın ehtiyatlarının kəskin azalması səbəbindən intervensiyalar Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilir. Bundan əlavə, ölkədə sərt restruktiv monetar siyasət tətbiq edilir ki, bunun da əsas məqsədi pul kütləsinin azaldılması və manata tələbatın artırılması vasitəsi ilə milli valyutaya təzyiqin azaldılmasıdır. Lakin bütün yuxarıda qeyd edilənlər nə orta, nə də uzunmüddətli perspektivdə manatın möhkəmlənməsini təmin etmək iqtidarında deyil".
Ekspertin sözlərinə görə, hazırkı iqtisadi şəraitdə əsas fundamental makroiqtisadi amillər manatın möhkəmlənməsinin əksinədir: “Belə ki, 2016-cı ilin ilk rübünün tədiyyə balansına əsasən, ölkə iqtisadiyyatı ilin əvvəlini təxminən 1,2 milyard dollar mənfi saldo ilə başa vurub. Nəzərə alsaq ki, həm cari əməliyyatlar hesabı, həm də maliyyə hesabı üzrə 2016-cı ilin ikinci rübündə də bu tendensiyaların əhəmiyyətli dərəcədə dəyişməsi müşahidə olunmayıb, 3-4-cü rüblərdə də vəziyyətin dəyişdirilməsi proqnozlaşdırılmır, manata təzyiqin davam edəcəyini əminliklə söyləmək olar”.
Devalvasiyanın nə zaman olacağına gəldikdə isə E.Məmmədov vurğulayıb ki, hazırkı vəziyyətdə bu daha çox hökumətin bu istiqamətdə verdiyi inzibati qərardan asılıdır: “Çünki real iqtisadi şərait manatın zəifləyəcəyini göstərir. Lakin ölkədə mövcud olan sosial-iqtisadi vəziyyət, daxili bazarın, o cümlədən istehlak bazarının idxaldan asılılığının kritik səviyyədə olması, fikrimcə, hökuməti sərt devalvasiyaya qarşı maksimum müqavimət göstərməyə məcbur edir. Buna görə də devalvasiyanın konkret olaraq hansı ayda baş verəcəyi, Azərbaycan şəraitində iqtisadi qanunlardan çox, inzibati qərarlardan asılıdır. Bununla belə, nəzərə almaq lazımdır ki, iqtisadi proseslərin, iqtisadi sistemlərin spesifikası ondan ibarətdir ki, iqtisadi bünövrəsi olmayan qərarlar dayanıqlı iqtisadi effekt vermir. Hökumətin iqtisadi blokunun, Mərkəzi Bankın bu məsələdə imkanları məhduddur. Ölkənin strateji valyuta ehtiyyatları kəskin azalmış və bu prosesin dərinləşməsi iqtisadi cəhətdən, sözsüz ki, məqbul deyil. Ona görə də düşünürəm ki, yaxın aylarda ölkə hökuməti manatın devalvasiyasının qarşısını ala bilməyəcək. Hökumətin mövcud inzibati və iqtisadi resursları devalvasiyanın nisbətən kəskin olmamasına yönəldiləcək. Ölkənin milli valyutasının dayanıqlı şəkildə möhkəmlənməsi üçün istehsal prosesinin, real sektorun inkişafı, struktur disbalansın azaldılması, idxal-ixrac əməliyyatlarında struktur dəyişikliklər istiqamətində real nailiyyətlərin əldə olunması, ölkədən kapital axınının qarşısının alınması zəruridir. Yalnız bu şərtlər çərçivəsində, milli valyutanın dayanıqlı möhkəmlənməsindən söhbət gedə bilər”.
Musavat
