Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk vasitəsi ilə canlı yayımda çıxış edib.
Canlı yayım imkanları məhdud olduğundan, telefon vasitəsi ilə görüntülü danışan prezident Ərdoğan bəyan edib ki, bu, TSK içindən kiçik bir qrupun təşəbbüsüdür və onlar sərt şəkildə cəzalandırılacaq: "Onlar bunun bədəlini ödəyəcək".
Musavat.com-un məlumatına görə, R.T.Ərdoğan deyib ki, bu xunta paralel yapı adlandırılan qurumun təhriki ilə hərəkətə keçib.
Ərdoğan xalqı meydanlara, hava limanlarına səsləyib və deyib ki, özü də Ankaraya hərəkət edir: "Qoy, bu kiçik xunta xalqın gücünün nə demək olduğunu bilsin".
Lakin Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akarın taleyi ilə bağlı bilgili olmadığını söyləyib.
Görüntülərdən belə məlum olub ki, prezident Ərdoğan hazırda gizli durumdadır və fəaliyyətini bəyan edilməyən məkandan həyata keçirir.
O da məlum olur ki, hazırda Türkiyədə hökumətin fəaliyyəti iflic olub və bütün nazirlər gizli fəaliyyətə keçiblər.

****
Daha sonra NTV telekanalı ilə çıxış edən Ərdoğan bütün xalqı şəhərlərin meydanlarına, hava limanlarına çağırıb. Ərdoğan bildirib ki, o, hazırda İstanbuldadır.
Ərdoğan bütün siyasi partiyaları da meydanlara çıxmağa və demokratiyanı müdafiə etməyə çağırıb.
Cia.az
