Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə azvision.az-a açıqlamasında hazırkı şəraitdə iqtidar-müxalifət dialoquna ehtiyacın duyulmadığını bildirib. O deyib ki, ölkədə böhran vəziyyəti yoxdur ki, iqtidarla müxalifət qarşı-qarşıya oturub nəyisə müzakirə etsin.
YAP funksioneri dialoq sözünün geniş məfhum olduğunu qeyd edib: “Bu ilk növbədə mühitdir. Bu, elə bir sərbəst mühitdir ki, hər bir tərəf öz fikrini açıq şəkildə ifadə edə bilir, mövqeyini qanunun imkan verdiyi çərçivədə müdafiə edir, bloklar yaradır, gələcək planlarını açıqlayır. Bu mühitdə mətbuat vasitəsilə, hansısa tədbirlərdə tərəflər həm polemikaya girir, həm qarşısındakının mövqeyini öyrənir, həm də hansısa məsələdə öz mövqeyini daha da dəqiqləşdirirlər. Dialoq ilk növbədə budur. Dəyirmi masa arxasında görüş isə dialoqun formalarından biridir. Azərbaycanda oturuşmuş, stabil bir dövlət var. Azərbaycanda proseslər konstitusiya çərçivəsində gedir. Hər bir vətəndaşın və siyasi qüvvənin hüquqları qorunur. Demokratik dövlət olduğumuza görə, siyasi rəqabət var. Müxalifətlə iqtidar hər biri öz mövqeyinə uyğun tərəfdarlar toplayır, öz siyasətini aparır”.
Deputat onu da bildirib ki, müxalifət tərəfdən dialoqla bağlı heç bir müraciət edilməyib: “Bununla belə müxalifət tərəfdən hər hansı bir məsələnin müzakirəsi ilə bağlı görüş istənilərsə, təklif olunarsa, iqtidar onu dinləməyə, təklif olunan məsələni müzakirə etməyə hazırdır. Yəni, iqtidarın qapısı istənilən qüvvə üçün açıqdır, istənilən məsələni müzakirə etmək olar. Müzakirələr heç vaxt konstitusiyanı və qəbul edilmiş qanunları əvəz etmək hüququna malik olmamalıdır”.
Milli Məclis üzvünün dedikləri müxalif camiə daxilində ciddi etirazla qarşılanıb. Demokratik düşərgənin təmsilçiləri hazırkı şəraitdə belə dialoqlara ehtiyac duyulduğunu bildirirlər.

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında hakimiyyətin dialoqa ehtiyacın olmaması ilə bağlı mövqeyinin doğru olmadığını bildirdi: “Müxalifət iqtidarla hansısa bir məsələni müzakirə etmək istəyirsə, bu xoşməramdan irəli gəlir. Hakimiyyətin isə ”heç bir şeyə ehtiyac yoxdur" deməsi, əslində doğru yanaşma deyil. Çünki ən azından Dağlıq Qarabağ kimi problemimiz var ki, hər gün basqılar olur, aprel ayından bu yana istər Qərb, istərsə də, Rusiya dairələri ilə ciddi danışıqlar gedir. Əgər Aydın Mirzəzadə hesab edirsə ki, bu iqtidarın problemidir, o yanılır. Bu bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin problemidir. Onun bütün təbəqələri bu prosesdə iştirak etməlidirlər. Digər tərəfdən, ölkədə iqtisadi vəziyyət ürəkaçan deyil. Manatın son devalvasiyasından sonra həm qiymət artımı, həm də iqtisadi strukturlarda tənəzzüllər göz önündədir. Bunları müzakirə etmək əvəzinə problemlərə göz yummaq, böhranı görmürəm demək çıxış yolu deyil. Müxalifətin məqsədi xoşməramdan irəli gəlir və bu doğru qiymətləndirilməlidir. Bu tipli ölkələrdə doğru-dürüst dəyərləndirmə olmayanda, sonda siyasi institutlar dövriyyədən çıxır və xalqın problemləri qalmaqda davam edir. Yaxın Şərq və digər yerlərdə bunun nümunələrini görmüşük. Biz deyirik ki, problemlər siyasi institutlar vasitəsilə həll olunsun. Hazırda bu problem onlarındır".
Partiya sədri A.Mirzəzadənin müxalifət tərəfdən dialoqla bağlı təklifin gəlmədiyi barədə fikirlərinə sərt reaksiya verdi: “Aydın Mirzəzadənin ya xəbəri yoxdur, ya da özünü bu cür aparır. Antiböhran proqramını iqtidarı təqdim etmişik. Bununla bağlı şəxsən mənə rəsmi cavab verilib. Söhbət Ümid Partiyasından gedir. Səlahiyyətli qurumların hamısı rəsmi cavab veriblər. Əminliklə deyə bilərəm ki, bizim antiböhran proqramımızdan istifadə olunub. Qoyduğumuz bəndlərdən yarımçıq da, alayarımçıq da olsa, istifadə olunub. Daha dərindən istifadə etmək üçün daha böyük addımlara ehtiyac var ki, hakimiyyət bu addımları atmır. Amma ”müxalifətin təklifi olmayıb" kimi fikirlər səsləndirmək doğru deyil. Müxalifət daxilində iqtisadi böhranla bağlı uzun bir proses getdi. Bizim təkliflər üzərində xeyli iqtisadi proqramlar işlənildi. O cümlədən, sərəncamlar verildi. Struktur islahatları, gömrük sadələşdirilməsi kimi hallar oldu. Tikinti sektorunun inkişafına diqqət ayrıldı ki, biz bu sahənin ölkəmiz üçün nə qədər vacib olduğunu əvvəlcədən demişdik. Siyasi məhbusların həbsdə olmasının böhrandan çıxmağa gedən yola olan maneələrini göstərmişdik. Bununla bağlı tam olmasa da, iqtidar bəzi addımlar atdı".
