|
Ukrayna prezidentindən Bakıda mühüm bəyanatlar
İyulun 14-də Azərbaycana rəsmi səfər edən Ukrayna prezidenti Pyotr Poroşenko dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüşdə Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. 

Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.
 
Prezidentlərin görüşündən sonra Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçirilib. Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasının nəticəsi olaraq, bir sıra ikitərəfli sənədlər imzalanıb. Ölkə başçılarının iştirakı ilə iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə yük daşınması zamanı gömrük pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sənəd və iki ölkənin Mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramı imzalanıb.
 
Sonra prezidentlər mətbuat konfransı keçiriblər. Prezidentlərin öz doğma dillərində danışması da diqqət çəkib.
 
Azərbaycanın uğurlu iqtisadi inkişafını qeyd edən P.Poroşenko Azərbaycan-Ukrayna əlaqələrinin genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. Ukraynalı lider bu baxımdan Azərbaycanın 10 ədəd “AN-178" təyyarəsi almasını xüsusi qeyd edərək bu təyyarələrin Azərbaycanda tikilməsinin mümkünlüyünü diqqətə çatdırıb. P.Poroşenko Ukraynanın azərbaycanlı investorların ölkəsinin yanacaq-energetika bazarına çıxışına hər cür yardım göstərəcəyini bildirib.
 
 
Pyotr Poroşenko bəyan edib ki, Ukrayna Dağlıq Qarabağ problemi ilə bağlı mövcud status-kvonun saxlanılmasını qəti şəkildə qəbul etmir. O bildirib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:“Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı qəti mövqeyini sevinclə qarşılayır və alqışlayırıq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və Ukraynanı fəal dəstəkləyib. İndi biz bildiririk ki, Azərbaycan da bizim 2016-2017-ci illərdəki üzvlüyümüz dövründə Ukraynanın dəstəyinə arxalana bilər”.
 
Azərbaycan prezidenti İlham Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından Ukrayna prezidentinin Bakıya səfərinin önəmini qeyd edib.

“Ukrayna və Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır”. APA-nın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti deyib. “Biz ciddi şəkildə Odessa-Brodi layihəsinin reallaşdırılmasını müzakirə etdik, çünki Azərbaycan Avropa bazarına böyük həcmdə neft ixrac edir”, - deyə prezidnet İ.Əliyev söyləyib. Dövlət başçısı iki ölkənin hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb. Prezident qeyd edib ki, birgə sənaye komplekslərinin yaradılması çox vacibdir: “Həm ağır sənaye, hə də hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yaxşı imkanlar var”.
 
Bakı və Kiyevin münasibətlərindəki bu yaxınlığın Kreml tərəfindən anlayışla qarşılanmayacağı barədə ehtimallar da var. Hesab olunur ki, Rusiya hakimiyyəti hazırda özünün ən birinci düşməni olan Ukrayna prezidentinin Bakıda yüksək səviyyədə qarşılanması və əlaqələr qurulmasına kəskin reaksiya verə bilər. Ancaq təhlilçilər fərqli düşünür.
 
 
Siyasi şərhçi Elxan Mehdiyev düşünmür ki, Rusiya Poroşenkonun Bakı səfərini qıcıqla qarşılaya bilər:“Çünki Rusiyanın özünün Azərbaycanla münasibətləri dinamik inkişaf edir və artan istiqamətdə gedir. Bəlkə də bu münasibətlər ən yüksək nöqtəsindədir. Bu mənada düşünmürəm ki, onun Bakı səfərinə Rusiyadan sərt yanaşma olacaq. Əsas məsələ odur ki, Rusiya ilə Azərbaycanın münasibətləri artan dinamika ilə inkişaf edir. Əgər Ukrayna-Azərbaycan münasibətləri Rusiyaya qarşı addımları özündə ehtiva edərdisə, bu halda nə isə gözləmək olardı. Amma düşünmürəm ki, Azərbaycan Rusiyaya qarşı bir addım atsın”.
 
Politoloq Şahin Cəfərli də “Yeni Müsavat”a bildirdi ki, Ukrayna prezidentinin Azərbaycana səfərinin Rusiyada ciddi qıcıq yaradacağını düşünmür: “Azərbaycan və Ukrayna müstəqil dövlətlər kimi öz siyasətlərini özləri müəyyən edir. Hesab edirəm ki, Rusiya ciddi dövlət kimi bu əməkdaşlığa müdaxilə etmə haqqı olmadığını anlayır. Digər tərəfdən, Azərbaycan-Ukrayna münasibətlərində Rusiyanın maraqlarına zidd müəyyən məqamlar və istiqamətlər olsa da, bu əməkdaşlıq Rusiyaya qarşı yönəlməyib. Ən azı, Azərbaycan tərəfinin bu məsələdə çox ehtiyatlı olduğunu bilirik”.
 
Ş.Cəfərli Ukrayna və Azərbaycan arasında siyasi əlaqələrdən başqa, iqtisadiyyatın müxtəlif istiqamətlərini, enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatını əhatə edən əhatəli əməkdaşlığın mövcud olduğunu vurğuladı: “Bundan başqa, əməkdaşlıqda hərbi-texniki sahəni xüsusi qeyd etməliyik. Sirr deyil ki, Qarabağ müharibəsinin ilk vaxtlarından Ukrayna Azərbaycan üçün ən etibarlı silah bazarı olub. Ehtiyac duyduqda, silah və hərbi texnika üçün hər zaman Ukraynaya üz tutmuşuq. Hazırda bu sahədə əməkdaşlıq davam edir və təsadüfi deyil ki, ölkə prezidentləri Bakıda apardıqları danışıqlarda bu əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər. Bu, həm də Azərbaycanın çətin durumda olan Ukraynaya mühüm dəstəyi kimi qiymətləndirilə bilər. İki ölkə nəqliyyat dəhlizlərində də birgə iştirak edir. 
 
Ukrayna bu il rəsmi Bakının da razılığı ilə Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşulub. Çini Türkiyə vasitəsilə Avropa ilə birləşdirəcək bu dəhliz Azərbaycan, Gürcüstan, Qazaxıstan və Çinin iştirak etdiyi, Rusiyadan yan keçən nəqliyyat dəhlizidir. İlin əvvəlində Bakıda Azərbaycan, Ukrayna, Gürcüstan və Qazaxıstan arasında bu marşrutla yük daşımaları üçün rəqabətədavamlı və güzəştli tariflərin müəyyənləşdirilməsi barədə protokol imzalanıb”.
 
Yeri gəlmişkən, Ukraynada səfir təyinatı da xeyli vaxtdır gecikir. Ötən il Eynulla Mədətli Azərbaycan Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılandan sonra onun postu boş qalıb. Bir müddət öncə Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyevin Ukraynaya səfir təyin edildiyi xəbəri mətbuatda yayılsa da, rəsmi təsdiqini tapmadı.

Son zamanlar azərbaycanlılar üçün kifayət qədər problemlərin hökm sürdüyü Ukraynaya səfir təyinatının gecikməsi ilə bağlı müxtəlif fikirlər var. Amma Ş.Cəfərli hesab edir ki, bu məsələdə siyasi səbəblər axtarmağa dəyməz: “Ola bilsin, prosedurlar ləng irəliləyir və ya bu vəzifə üçün uyğun bir diplomat tapılmır”.