|
“Daşkəsən Filizsaflaşdırma”nın özəlləşdirməsi-alıcı tapılacaqmı?
Azərbaycanın polad istehsalı kompleksinə daxil olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarılıb. Dövlət başçısı İlham Əliyev iyulun 13-də bununla bağlı sərəncam imzalayıb. Sərəncam metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.

Sənədə əsasən, “Daşkəsən Filizsaflaşdırma” özəlləşdirməyə açıq elan edilərək, Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilib. Bundan sonra “Daşkəsən Filizsaflaşdırma”nın dövlətə məxsus səhmləri investisiya müsabiqəsi vasitəsilə satışa çıxarılacaq. Dövlət komitəsi investisiya müsabiqəsinin daha uyğun şərtlərlə həyata keçirilməsi üçün zəruri addımları atmalıdır. Səhmlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.
 
Ekspertlər isə bildirirlər ki, özəlləşdirməyə xarici investorların cəlb edilməsi asan məsələ deyil. Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, dövlətin əlində olan müəssisə olaraq “Daşkəsən Filizsaflaşdırma”nınözəlləşməsi prosesi həyata keçiriləcək, ancaq burada suallar meydana çıxır. 
 
“Həmin müəssisə ilə bağlı bir neçə sual meydana çıxır. Özəlləşdirmə şərtləri ilə bağlı bir çox suallar meydana çıxır. Çünki bu müəssisə son zamanlar kifayət qədər məhsul istehsal etmirdi, durma nöqtəsinə gəlmişdi. Avadanlıq vəziyyəti necədir, hansı səviyyədədir, nə qədər istehsal gücü var, bununla bağlı təəssüf ki, məlumatlar yoxdur. Hər hansı investor ilk olaraq ətraflı məlumat almaq istəyir. Həmin müəssisənin bu günü haqqında, eyni zamanda, gələcək perspektivləri haqqında məlumat istəyir. 
 
Bununla bağlı hökumət açıqlama verməlidir, açıq şəkildə məlumat yaymalıdır. Əgər hökumətin belə bir fikri varsa, ən azından, ictimaiyyətə açıq şəkildə, iş adamlarına, iş çevrələrinə açıq şəkildə ətraflı alıcı məlumatı təqdim etməlidir. Əsas hədəf xarici investorların cəlb olunmasıdırsa, xarici investorların bir çox şərtləri olacaq. Özəlləşdirmə layihəsində iştirak etmək üçün investorların şərtləri var. 
 
Buna görə də Azərbaycan hökuməti beynəlxalq təcrübəni öyrənməlidir və belə böyük tender layihələrinin necə həyata keçirilməsini, özəlləşdirmənin hansı qaydalar çərçivəsində olmasını, Azərbaycandan investorların hansı gözləntilərinin olduğunu, hökumətin hansı tələbləri yerinə yetirərkən investorları cəlb edə biləcəyi haqqında bir araşdırma aparılmalıdır. 
 
Hələ ki, 25 ilə yaxın müstəqil olmağımıza baxmayaraq, hələ də bununla bağlı ətraflı araşdırmalar aparılmayıb. İnvestorlar üçün bir yol xəritəsi hazırlanmayıb. İndi özəlləşdirmənin özü taktiki bir məsələdir.
 
Hər hansı aktivlərdən dövlətin satışa çıxarılması və büdcənin yükünün azaldılması, özəlləşdirmə yolu ilə əlavə gəlirlərin gətirilməsi taktiki məsələdir. Sadəcə bu, beynəlxalq standartlara uyğun, investorların qəbul etdiyi və öyrəşdiyi oyun qaydalarına uyğun aparılmalıdır. Hələlik, sadəcə niyyət bəyan olunub. Bu, hansı formada aparılacaq, necə investorlar cəlb olunacaq, ətraflı məlumat yoxdur”.