|
“Britaniya-Azərbaycan münasibətləri daha da inkişaf edəcək”
Böyük Britaniyada Mühafizəkarlar Partiyasının lideri Tereza Mey baş nazir təyin olundu. O, kraliça II Yelizavetanın fərmanından sonra  vaxt itirmədən yeni hökumətini də formalaşdırdı.
 
Belə ki, yeni Nazirlər Kabinetində ən təcrübəli isimlərdən biri Londonun sabiq bələdiyyə başçısı Boris Conson xarici işlər naziri vəzifəsini tutdu. Conson referendumda Avropa Birliyindən ayrılmağın tərəfdarları sırasında idi. Artıq Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı bütün işlər yeni xarici işlər nazirinə həvalə edilib.
 
Boris Conson Britaniya tarixində qeyri-adi siyasətçi kimi tanınır. Belə ki, o, 2008 və 2012-ci illərdə Londonun meri seçilib. 2016-cı ildə keçiriləcək seçkilərdə iştirakdan isə imtina edib. Britaniyanın Baş naziri postuna əsas namizədlərdən olan siyasətçi son anda bu qərarını da dəyişib.

Bundan başqa Tereza Mey sabiq baş nazir David Kemeron dövründə xarici işlər naziri vəzifəsini icra edən Filip Hammondu maliyyə naziri təyin edib. Tereza Mey hökumətində yalnız müdafiə naziri öz vəzifəsini qoruya bilib. Belə ki, 2014-cü ildən müdafiə naziri vəzifəsində çalışan Maykl Fellon ölkəsinin Avropa Birliyindən çıxmasının tərəfdarı olmayıb.

Tereza Mey kimdir?
 
T.Mey Oksford Universitetini bitirib. 2010-cu ildə bəri daxili işlər naziri olan xanım siyasətçi 1997-ci ildə millət vəkili seçilib.
 
1977-1983-ci illərdə İngiltərə Mərkəz Bankında çalışan Mey siyasətə 1986-cı ildə Merton bələdiyyəsində məclis üzvü kimi başlayıb. 1992-ci ildə keçirilən parlament seçkilərində və 1994-cü ildə keçirilən bələdiyyə seçkilərində uğur qazana bilməyən Mey 1999-cu ildə Mühafizəkarlar Partiyasının kölgə kabinetində təhsil naziri olub. O, 2002-ci ildə Mühafizəkarlar Partiyasının ilk qadın başçısı seçilib.
 
Tereza Mey  özü də referendumdan öncə Britaniyanın AB-də qalmasının tərəfdarı olub.

Britaniyada yeni hökumətin Azərbaycan siyasətinə mümkün təsirləri barəsində  “Yeni Müsavat”a Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Asim Mollazadə danışıb. O bildirib ki, iki dövlət arasında bundan sonra da sıx əməkdaşlığın olacağını güman edir:“Düşünürəm ki, Britaniyada yeni qurulan hökumət Azərbaycanla münasibətləri daha da inkişaf etdirəcək. Ümumiyyətlə, Britaniya Azərbaycanın uzun illərdir ki, çox mühüm tərəfdaşıdır. Biz bir sıra istiqamətlərdə çox ciddi əməkdaşlıqlar edirik. Əminəm ki, yeni hökumətlə də bu münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək. Əslində bir məqamı da qeyd edək ki, Böyük Britaniyanın hakimiyyətində eyni partiya qalıb. Britaniya parlamentində çoxluq Mühafizəkar Partiyasındadır. Sadəcə olaraq referendumdan sonra baş nazir David Kemeron istefa verdi və hökumətdə cüzi dəyişikliklər edildi. Bunun da Azərbaycanla münasibətlərə bir təsiri olacağını düşünmürəm. Münasibətlərdə o halda əsaslı dəyişikliklər olardı ki, hakimiyyətdə başqa bir partiya gəlsin və hökumət formalaşdırsın. Lakin Britaniyada  seçkilər keçirilmədi. Sadəcə olaraq, referendumdan sonra hökumətdə müəyyən dəyişikliklər edildi”.
 
A.Mollazadə bildirib ki, bundan sonra Böyük Britaniyanın taleyi hər bir halda müsbət olacaq: “Britaniya çox böyük bir potensiala malik olan dövlətdir. Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqidir. Bununla yanaşı, Britaniya Avropa Birliyi ölkələri ilə də öz əməkdaşlığını davam etdirir və etdirəcək. Dünyada da ümumi inkişafa öz müsbət təsirini göstərməyə çalışacaq. Azərbaycan enerji, siyasi və iqtisadi sahələrdə Britaniya ilə çox geniş əməkdaşlıq edir. Yeni hökumətə uğur arzu edirəm. Eyni zamanda onu nəzərə alaq ki, yeni hökumət Britaniya vətəndaşlarının iradəsini ifadə edir. Bu baxımdan hansısa ciddi bir dəyişikliyi gözləmirəm”.
 

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Böyük Britaniyanın yeni hökumətinin ömrü uzun olmayacaq:“Buna görə də onların Azərbaycana qarşı siyasətlərində hər hansı bir dəyişikliyin olacağını düşünmürəm. Yeni hökumət vaxtı çatmış parlament seçkiləri nəticəsində formalaşmayıb. Bu səbəbdən də yaxın zamanlarda parlament seçkilərinin keçirilməsi və nəticədə yeni hökumətin formalaşması gündəmə gələcək. Yalnız bundan sonra  həmin hökumətin siyasəti haqqında danışmaq olar. Britaniyada hazırda vəziyyət o dərəcədə ağırlaşıb ki, ölkə əhalisi sanki parçalanmış vəziyyətdədir. Hətta ölkə yenidən referendum keçirib, Avropa Birliyinə qayıtmaq haqqında da düşünür. Bunun üçün lazım olan 4 milyonluq petisiya da toplanıb. Ölkə bir tərəfdən Avropa Birliyindən çıxmağın yaratdığı problemlərdən çıxmağa çalışır, digər tərəfdən isə əhalinin təzyiqi qarşısında yeni referendumun  keçirilməsi ilə bağlı məsələləri sahmana salmağa cəhd edir. Bu baxımdan da orada vəziyyət bir o qədər də yaxşı deyil”.