Xəbər verdiyimiz kimi, bir neçə gün öncə rəsmi “Azərbaycan” qəzetində “ABŞ-Azərbaycan münasibətlərinə kiçik ekskurs və gələcək haqqında düşüncələr” adlı məqalə dərc olunub.
Həmin yazıda ABŞ-a qarşı sərt ittihamlar yer alır, eyni zamanda Amerikanın 2005-ci ildə eks-spiker Rəsul Quliyev və sabiq nazir Fərhad Əliyev vasitəsilə dövlət çevrilişi etmək istədiyi iddia olunur.
“Azərbaycan” qəzetində dərc olunan məqaləni, yəni illər öncənin olaylarının yenidən dövriyyəyə buraxılmasını son vaxtlar ABŞ-da Azərbaycan hökumətinə yönəlik tənqidlərə cavab reaksiyası da saymaq olar. Belə ki, Amerika mətbuatı son vaxtlar ardıcıl şəkildə Azərbaycan iqtidarını vətəndaş cəmiyyəti və mətbuata təzyiqlərə, həyata keçirilən həbslərə görə ittiham edib.
Sitat: “...Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və ”hakimiyyətdaxili müxalifət" olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələm-tələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu".
Bu ittihamla bağlı hazırda ABŞ-da yaşayan Rəsul Quliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, son vaxtlar hökumət mətbuatında ABŞ və Qərbin əleyhinə gedən yazılar isterikdir və bu siyasət ölkəmizi uçuruma aparır, bunu anlamamaq bizə çox baha başa gələcək: “Bu yazılar kimlərin qulaqları üçün nəzərdə tutulub bilmirəm. Ancaq onu deyə bilərəm ki, bu yazıların effekti normal düşüncəli adamlar üçün ancaq neqativ ola bilər. Hətta Azərbaycandan qat-qat güclü olan Qazaxıstan və Özbəkistan heç vaxt belə isterik yazılara yol vermədi. Çünki ağzını geniş açmış qonşusunun - ”ac timsah"ın qarnına getməməyin yeganə yolu Qərblə dil tapmaqdadır, onlar da bunu çox gözəl anlayırlar".
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bu yazılarla bağlı bildirib ki, qəzetdə bir analitik qrup öz təhlilini ictimaiyyətə təqdim edib: “Amma dövlətin hər hansı nümayəndəsi, tutaq ki, Xarici İşlər Nazirliyi, MTN, digər rəsmi qurumun nümayəndələri belə bir bəyanatla çıxış etməyib. Təbii ki, ”Azərbaycan" dövlət qəzetidir, parlamentin orqanıdır. Amma bununla yanaşı, orda müxtəlif yazılar çap olunur, müsahibələr gedir, hər kəs fikir və rəylərini ifadə edir. Bu yazı da hansısa bir qrupun fikir və rəyidir. Müxtəlif qəzetlərdə olduğu kimi, "Azərbaycan" qəzetində də müxtəlif səpkili yazılar gedir. Redaksiya bu yazılara görə cavabdehlik daşımır".
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə “Yeni Müsavat”a açıqlamasında bu iddiaları cavablandırmaq istəmədiyini bildirdi. Onun sözlərinə görə, “Azərbaycan” qəzeti nə yazırsa, bunu adi oxucudan tutmuş, politoloqa, siyasətçiyə qədər hər kəs anlayır: “Kim isə harada açıqlama verirsə, bu, onun şəxsi mövqeyidir. İşimizi açıq-aşklarlıq şəraitində görürük, bütün mövqelərə hörmətimiz var”.
