Prezident İlham Əliyevin 2016-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bir daha bəyan etdi ki, münaqişə yalnız mərhələli yolla və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və bundan ötrü də həmsədr ölkələr və ATƏT Ermənistana təzyiq göstərməlidir. Yəni prezident açıq mesaj verib ki, Azərbaycana təzyiq göstərməyin perspektivi ola bilməz.
Prezident müşavirədəki çıxışında ermənilərin təxribatçı əməllərinin davam edəcəyi halda, vəziyyətin dəyişə biləcəyi barədə düşməni və münaqişənin həllində maraqlı olan dövlətləri uyarıb. Bununla bir növ Azərbaycan rəhbəri müharibə anonsunu da verib. Çünki ermənilər hazırda təxribatları davam edir, torpaqlarımız hələ də işğal altındadır.
Politoloq Qabil Hüseynli prezidentin mövqeyinin gözlənilən olduğunu söylədi: “Bu günlərdə NATO və Qərb dünyasından Azərbaycan üçün alqışlanmalı mövqe gəldi. Söhbət NATO-nun Varşava sammitində qəbul edilən qərarlardan gedir. İndiyə qədər olan ikili münasibətin artıq tamam dəyişdiyini görürük. Qərb bu məsələdə kifayət qədər qərarlı təsir bağışlayır. ATƏT münaqişənin həllində seyrçi mövqe tutmaq niyyətində deyil. Ərazi bütövlüyü məsələsi Gürcüstan, Ukrayna, Moldova kimi Azərbaycanın da vacib məsələsinə çevrilib. Rusiyaya necə təsir bağışlayacağından asılı olmayaraq, Azərbaycan ərazi bütövlüyü məsələsində qətiyyətli mövqedən geri çəkilməməlidir. Rusiya öz quberniyasını qorumaq üçün müxtəlif addımlar atacaqsa, biz də bunun qarşısında tab gətirə bilməyəcəyiksə, tarix bunu bizlərə bağışlamaz. Bundan sonra istər Rusiya, istərsə də, İran prezidentləri ölkəmizə səfər etsinlər, heç nə dəyişən deyil. Çünki ortada beynəlxalq hüququn diktə etdiyi fundamental prinsiplər var. Bundan sonra münaqişənin həll variantları bu prinsiplər ətrafında formalaşdırılacaq. Azərbaycan tərəfi bundan çıxış edərək, daha qətiyyətli mövqedə danışacaq. Cırtdan Ermənistanın qarşımızda təcavüzkar dövlət kimi durmasına imkan verilməyəcək. Artıq mübarizəmizin ideoloji hüququ əsasları bütün dünya tərəfindən bəyan edilib. Bunların ətrafında müharibə apara da bilərik, sülh danışıqlarına da gedə bilərik. Unutmamalıyıq ki, ərazi bütövlüyümüz artıq Ukrayna ilə yanaşı tutulur. Burada artıq Rusiya deyil, ABŞ, NATO və Avropa Birliyinin mövqeyi daha keçərlidir. Rusiya yenə cığallıq edib ermənilərin tərəfini tutacaqsa, yeni-yeni sanksiyalar qaçılmaz olacaq. Kimin nə deməyindən asılı olmayaraq, hamı bilməlidir ki, NATO və Amerika dünyanın düzənini müəyyən edir, yəni bu qüdrətə malikdirlər. Onlar Qarabağ münaqişəsində hansı mövqeyi tutublarsa, demək, o da olacaq”.
Politoloq prezidentin son mesajlarında münaqişənin həlli ilə bağlı Azərbaycana edilən təzyiqlərin üstüörtülü şəkildə vurdğulandığını da qeyd etdi: “Mənəviyyatını itirmiş dövlətlər var. Onlar bizə müxtəlif təhdid, təzyiqlər ediblər. Bundan sonra belə təzyiqlərin açıq şəkildə edilməsi elə də asan olmayacaq. Çünki dünya artıq faktlarla ciddi sürətdə tanışdır. Bizə təhdidlər ən çox Rusiyadan gəlirdi. Minsk Qrupu da müəyyən razılığa gedilməsindən danışırdı. Bundan sonra onlar bu fikri təkrarlamayacaqlar. Bizim güzəştə gedəsi heç nəyimiz qalmayıb. 2-5 aprel tarixlərində bu şantajın qabarıq formaları oldu. Amma biz özümüzü kifayət qədər təmkinli apardıq, provokasiyaya getmədik. Bundan sonra Rusiya yenə də əzələ nümayişini davam etdirə bilər. Amma bu əzələ nümayişi bir il əvvəlki kimi olmayacaq. Əgər indi dünyanın bir nömrəli güc dövləti Qarabağ münaqişəsi ilə bağlı proseslərin başında durursa, bu Azərbaycana qarşı indiyə qədər olan təzyiq, şantajların qarşısının alınması deməkdir. Prezidentin ermənilərin təxribatçı əməllərinin davam edəcəyi təqdirdə vəziyyətin dəyişə biləcəyini deməsi təqdirəlayiqdir. Çünki son zamanlar Rusiya münaqişənin həllini sülh danışıqlarına kökləməyi bacarmışdı - xüsusilə də aprel döyüşlərindən sonra. Amma NATO-nun son sammiti yeni prinsipləri irəli sürdü. Bizə içində şantaj olan istənilən təklifi qəbul etdirmək artıq mümkünsüzdür. Hərbi potensialımız günbəgün artmaqdadır. Azərbaycan görsə ki, danışıqlarla baş qatılır, o zaman iradəsini növbəti dəfə ortaya qoyacaq. Prezidentin son mövqeyi diplomatik tərzdə olsa da, açıq şəkildə işarədir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün əlində olan bütün mümkün imkanlardan istifadə edəcək”.
