Lisenziyası ləğv edilən banklarla bağlı problemlər səngimir. Problemlərdən biri də odur ki, bağlanan banklarda əmanətlərə verilən faizlər də dərhal dayandırılır və yalnız qoyulan əmanət əmanətçiyə geri qaytarılır.
Ancaq bank müştəriyə verdiyi kreditə görə faiz hesablanmasını dayandırmır və sonadək krediti faizlə tələb edir. Bəs qanunvericilik nə deyir? Verilən kreditlərə görə lisenziyası ləğv edildikdən sonra banklara faiz hesablamağa hüquq verirmi? Ekspertlər musavat.com-a məsələni fərqli yöndən şərh ediblər.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bankın ləğv olunması kredit üzrə faizlərin hesablanmasını dayandırmır: “Qanunda bu, yoxdur. Borclunun müqavilə müddəti ərzində faizlərin hesablanması necədirsə, o şəkildə faizlər üstünə gələcək. Amma əmanətçinin faizi də eyni məntiqlə üstünə gəlməlidir. Problem burada borclulara münasibətdə deyil. Problem məhz əmanətçilərə münasibətdədir ki, əmanətçilərə deyirlər, bank ləğv olundusa, əmanət dondurulur və onun üstünə daha faiz gəlmir. Qanun özü ədalətsizdir. Bank ləğv olunanda deyir ki, əmanətin üzərinə faiz gəlmir. Amma kredit üzrə bu, nəzərdə tutulmayıb. Qanun əmanətçiyə münasibətdə ədalətsizdir. Amma borcluya heç bir aidiyyəti yoxdur. Məqsəd də burada aydındır. Məqsəd budur ki, ləğv olunan banka ləğvetmə komissiyası təyin olunur. Ləğvetmə komissiyası bir neçə il faktiki olaraq bu bankın pulu ilə dolanır, verdiyi kreditlər üzrə faizlərlə, faizlərin hesabına dolanır. Əgər kredit üzrə faiz gələcəksə, onda əmanətlər üzrə də gəlsin, yaxud hər ikisində dayandırılsın. Bunu bir şəkildə həll etmək olar”.

Qeyd edək ki, bəzi ekspertlər bildirirlər ki, ləğv olunmuş bank kredit ödəyən müştərilərdən faiz tutmalı deyil. Yəni bank ləğv olunub və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) əmanətçilərin hər birinə banka yerləşdirdikləri əmanətlərin qarşılığında maksimum 30 min manat həcmində (faiz verilmədən) ödəyib. İndi bankın heç kimə borcu yoxdur. Qanuna əsasən bankın digər borcları da silinib. Amma bank bağlanmamışdan öncə kredit götürmüş müştərinin kreditinə bank bağlanandan sonra da faizlər hesablanmaqda davam edir. Normal fəaliyyət göstərən bank kredit verərkən faizləri hesablayarkən əmanətçinin vəsaitini kreditə yönəltdiyi üçün, həmçinin bankın inkişafını təmin etməkdən ötrü qazanc əldə etmək məqsədi ilə, məsələn,18 faiz həcmində faiz formalaşdırır. Sadə dillə desək, əmanətçinin vəsaitini kreditə buraxan bank əmanətçiyə illik 12 faiz verməli idi. İndi (bankın lisenziyası ləğv olunduqdan sonra) bunu vermir. Yerdə qalan 6 faiz bankın inkişafına yönəldilməli idisə hazırda bank inkişaf etdirilmir, əksinə, ləğv edilir. İndi bankın depozit müştərisi yoxdur və ləğvedici bankın inkişaf etdirilməsini yox, ləğv edilməsini təmin etməlidirsə, bəs elə isə kreditlərə niyə faiz hesablanmalıdır? Bu fikirdə olan ekspertlər qeyd edirlər ki, Mülki Məcəlləyə görə, bankın ləğvedicisi kreditlərə faiz hesablanmasını dayandırmalıdır. Əgər bank bağlanan gündən kreditlərə görə faizlər hesablanırsa və müştəri faizləri ödəməkdə davam etmişdirsə, müştəri bank rəsmi bağlanan gündən etibarən banka ödədiyi faizləri məhkəmə yolu ilə bankdan geri ala bilər.
Mülki Məcəllənin 439.3-cü bəndində bildirilir ki, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4-cü bənddə bildirilir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 556.1-ci bənddə isə deyilir ki, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.

Milli Məclisin deputatı Vahid Əhmədov isə axar.az-a açıqlamasında bankların verdikləri kredit müqabilində lisenziyası ləğv olunduqdan sonra faiz tələb etməyə hüququnun olmadığını bildirib: “Bankın fəaliyyəti dayandıqdan sonra əmanətlərə faiz hesablanmadığı üçün kreditlərə də faiz gəlməsi düzgün deyil. Çox təəssüf ki, banklar hazırda bundan sui-istifadə edirlər, bank bağlanan kimi əmanətlər üzrə faizlər saxlanılır, ancaq kreditlərə faizlər gəlməsi davam etdirilir. Bu, qanuni deyil və bankların özbaşınalığıdır. Ona görə də hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə baxmalı və müəyyən qərar verməlidir. Palata hazırda bankların diaqnostikası üçün və yəqin ki, bu məsələ ilə əlaqədar da müəyyən müraciətlərə baxılacaq. Problemin həlli yolları barədə MBNP-nin Direktorlar Şurasının sədri ilə danışacağam. Hesab edirəm ki, lisenziyası ləğv edilən bank müştərilərindən kreditə görə faiz tələb etməməlidir”.
Hüquqşünas Pərviz Məmmədov isə qeyd edib ki, bağlanan bankın kredit portfelinin başqa maliyyə təşkilatına satılma halını çıxmaqla, bütün hallarda lisenziyası ləğv edilən banklar tərəfindən kreditə faiz hesablanması dayanmalıdır: “Banklar haqqında qanunun 18.2-ci maddəsinə əsasən, bank lisenziyası və ya xarici bankın bölgə nümayəndəliyinin ləğvi haqqında qərar qüvvəyə mindiyi gündən bankın lisenziya üzrə öncəki fəaliyyət növləri qadağan edilir. Bankın fəaliyyət növlərinə isə kredit verilməsi və verilən kreditlərə faiz hesablanması aiddir. Deməli, ləğv olunan bankın verdiyi kreditlərə faiz hesablamaq ixtiyarı yoxdur. Bank ləğv edilmə prosesinə girdiyi andan etibarən yalnız Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq illik 7 faiz həcmində faiz tələb edə bilər. Çünki bank cəlb etdiyi əmanətlərə faiz hesablamır. Necə ki banka depozitlərə görə faiz hesablamaq qadağan olunur, eləcə də verilən kreditlərə görə də faiz tələbi olmamalıdır”. P.Məmmədov hesab edir ki, vətəndaşlar bunu əsas götürməklə tam haqlı olaraq məhkəmədə həmin faizlərin ödənilməsinin dayandırılmasını tələb edə bilərlər: “Çox yaxşı olardı ki, prosesdə məhkəmə mühasibatlıq ekspertizası təyin olunsun. Ekspertizanın nəticələrindən sonra isə qalıq borca nə qədər faiz ödənilməli olduğu aydın olacaq. Bir sözlə, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, vətəndaşlar ancaq Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən uçot dərəcəsinə əsasən faiz ödməlidirlər, yoxsa 30 və ya 40 faiz deyil”.
Hüquqşünas bildirib ki, bank ləğv edilmə prosesinə girdiyi andan sonra vətəndaş borcu bağlayıbsa və faizləri ödəyibsə, məhkəməyə müraciət edərək indiyə qədər haqsız ödədiyi faizləri geri ala bilər: “Əgər borcun müəyyən bir hissəsi qalıbsa, onda vətəndaş tələb edə bilər ki, ödədiyi faizlərə görə ondan artıq alınan pul əsas məbləğdən çıxılsın”.
