Bakı Apellyasiya Məhkəməsində Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Ümid oğlu Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namaz oğlu Namazov və 1988-ci il təvəllüdlü Fərid Quncəli oğlu Əlibəyovun barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protest və apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əflatun Qasımov sədrlik edib. Prosesdə qərar elan olunub.
Qərara görə,dövlət itithamçısının apellyasiya protesti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.
Məhkəmə İ.Qəhrəmanovun apellasiya şikayəti üzrə də qərarını elan edib. Məhkəmə təqsirləndirilən şəxsin şikayətini təmin etməyib. Amma İ.Qəhrəmanovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində deyil, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi haqda qərar verib.
İstintaq zamanı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi və mənzillərdən 1 milyon manatdan artıq dəyəri olan qızıl və müxtəlif valyutalar oğurlaması müəyyən edilib.
Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. İ.Qəhrəmanov evlərdən ölçüsü kiçik, dəyəri böyük olan şeyləri, yəni ancaq qızıl və pulları götürürmüş. Nə qədər bahalı olursa olsun, peşəkar oğru qarşısına çıxan telefon və digər elektron avadanlıqlara tamah salmırmış. Onun qarət etdiyi evlərin sahibləri arasında xeyli varlı və tanınmış adamlar da var.
İ.Qəhrəmanova Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.2, (quldurluq) 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Digər təqsirləndirilən Zaur Namazova və Fərid Əlibəyova isə Cinayət Məcəlləsinin 32.5 (iştirakçılıq) və 177.3.2-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb. Hər ikisinin barəsində başqa yerə getməmək iltizam tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən İsmayıl Qəhrəmanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində maddi imkansızlıqdan oğurluğa əl atdığını, əldə etdiyi pulların bir qismini gecə klublarında dostlarına, qızlara sərf etdiyini desə də yoxsulluqdan əziyyət çəkən yaxın qohumlarını unutmadığını da göstərib.
Bu il fevral ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qəhrəmanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Z.Namazov və F.Əlibəyov barəsində isə bəraət hökmü çıxarılıb.
Hökmdən narazı qalan zərərçəkmiş şəxslər İlqar Zülfüqarovla İlqar Ağayev, təqsirləndirilən İsmayıl Qəhrəmanov apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.
