|
Bakı küləyi ölkə turizminə qənim kəsilib
İyul ayını, təqvimlə isə yayı yarı etdiyimiz bu günlərdə şəhərə küləkli hava hökm edir. Artıq bir neçə gündür ki, Bakı klassik küləyinin əsarətindədir. Bu isə istər-istəməz daxili turizmə öz mənfi təsirini göstərir. Bu günlərdə Abşeron çimərliklərində aparılan monitorinqlər də onu göstərib ki, çimərliyə gələnlərin sayı kəskin şəkildə azalıb. Bir tərəfdən havanın temperaturunun aşağı düşməsi, digər tərəfdən sərt külək istirahət əhvalını da minimuma endirib.
 
Yay girəndən bəri xüsusən həftə sonlarının təsadüfən də olsa küləkli havaya təsadüf etməsi isə həm istirahət arzusunda olan paytaxt sakinlərinin, həm də turizm obyekti sahiblərinin əhvalını korlayır. Məhz bu səbəbdən çox adam Xəzər dənizi sahilindəki istirahət guşələrinə, otellərə üz tutmur.
 
Turizmçi deyir ki, onların düşməni küləkdir...
 
“Fly Travel” Turizm Agentliyinin rəhbəri Mamed Əliyev deyir ki, insanlarımız istirahət üçün daha çox isti ölkələri tərcih edirlər. Onlar üçün yay istirahəti anlayışının altında qızmar isti, qum, dəniz nəsnələri yer alır. Müsahibimiz deyir ki, yerli əhali nadir halda Xəzər sahilindəki istirahət bölgələrini seçirlər. Çünki bunun risk olduğunu bilənlər çoxdur: “Bundan başqa, insanlar paytaxtda havanın sərin, küləkli keçdiyini görüb, tətil haqda az düşünürlər. Çoxları belə fikirləşir ki, qoy bu sərin havalarda bir qədər işləyim, hava isinən kimi tətilə çıxaram. Bu cür yanaşma iləsə yayın yarıdan çoxu gedir və bu, turizmə ziyan vurur. Halbuki yay ayları küləksiz, isti keçsə, turist məzuniyyətinin bir hissəsini yayın  əvvəlində, bir hissəsini sonunda keçirər. Bu isə həm onun özünə, həm də daxili turizmə fayda gətirər”.
 
Xəzrisi bir cür ziyan verir, gilavarı başqa cür
 
Ümumilikdə isə ilin əksər günlərində Bakıda küləklər əsdiyinə görə Bakı “küləklər şəhəri” adlanır. Əsasən də şimal istiqamətindən əsən küləklər üstünlük təşkil edir ki, buna xəzri deyilir. Cənubdan əsən küləkləri isə gilavar adlandırılır. Yəni Bakıda daim xəzri, gilavar bir-birini müşayiət etdiyi üçün Bakı küləklər şəhəri adlanır.
 
Abşeron yarımadasında dünya okeanı səviyyəsindən mənfi 28 metr aşağıda yerləşən küləklər şəhəri Bakının iqlimi mülayim-isti, yarımsəhra iqlim olub yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. “Xəzri” deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. “Gilavar” deyilən cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir. XX əsrin əvvəllərində güclü külək və toz əlindən Bakının küçələrinə çıxmaq mümkün deyildi. Amma Xəzər dənizindəki vəziyyəti təkcə gözlə görünən küləklər müəyyənləşdirmir.
 
Xəzər dənizinin hidroloji rejimini təyin edən əsas faktorlar bunlardır: iqlimi, su axını, dənizin dərinliyi, dibinin relyefi və sahillərinin kələ-kötürlüyü. Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır.

Külək sürəti artanda dalğalar hara qədər yüksəlir?
 
Biz hər zaman küləkli havada Xəzərin səviyyəsindən, orda baş verənlərdən narahat oluruq. Elmi araşdırmalar isə sübut edib ki, Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük qiymətlərinə külək sürətinin 15 - 20 m/s-ə çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal - qərb istiqamətli küləklər əsən zaman Abşeron yarımadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Mahaçqalanın şimal - şərqində isə güclü dalğalanma cənub-şərq küləklərində yaranır.
 
Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən - Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatoriyası.
 
Şimali Xəzərdə ən böyük sürətə şimal - şərq və cənub - qərb (25 sm/s), az sürətə isə şimal - qərb və cənub - şərq (13 sm/s) axınları malikdir. Digər istiqamətlər üzrə axınların sürəti 15-18 sm/s intervalında dəyişir, naviqasiyası müddətində qərb ərazilərdə axınların sürəti 100 sm/s də çata bilər.
 
Orta Xəzərin qərb sahilləri boyunca cənub - şərq istiqamətli axınlar hakimdir. Abşeron yarımadası ərazisində sahilin təsiri nəticəsində güclü şimal - qərb küləkləri sahildən şərqə, açıq dənizdə isə şimal-qərbə yönəlmiş axınlar yaradir.
 
Abşeron yarımadasından şimala doğru zəif küləklərində axınların sürəti 10 - 20 sm/s, mülayim küləklərdə 30 - 40 sm/s və güclü küləklərdə isə 60 -100 sm/s təşkil edir.
Ümumilikdə sahil boyunda sualtı silsilə qayalıq olan ərazilərdə çimmək təhlükəlidir. Şüvəlan qəsəbəsində Bilqaya adlanan ərazi silsilə qayalıqlardan ibarətdir, Pirallahı tərəfdə də belə təhlükəli relyefli ərazilər var. Xilasedicilər tərəfindən üzmə sərhədləri müəyyən edilib. Böyüklər üçün boy həddi 170 santimetrdən çox olan məsafədən uzaqlaşmaq təhlükəlidir.

Apreldə isinir, oktyabrda soyuyur - norma belədir, reallıqda isə...
 
Şimali Xəzərdə aprel ayından başlayaraq su kəskin istiləşməyə başlayır və sahil zonasında səthdə 12°C-ə, açıq dənizdə isə 6 -10°C-ə çatır. Bu zaman Orta Xəzərdə 9-10°C, Cənubi Xəzərdə isə 11-14°C temperatur hakimdir. Suyun ən çox qızması aprel-may aylarında baş verir. Mövsümün axırında Şimali Xəzərdə 17-18°C, Orta Xəzərdə 13 -14°C və Cənubi Xəzərdə 16 -18°C çatır. Iyun ayında temperaturun yüksəlməsi davam edir və ayın axırında maksimuma çatır. Bu vəziyyətdə suyun termik rejimi avqustun axırına qədər saxlanılır və dənizin səthi temperatur bircinsliyi ilə xarakterizə edilir. Suyun səth temperaturu Şimali və Orta Xəzərdə 24 - 24°C, Cənubi Xəzərdə isə 25 - 28°C - ə bərabər olur. Yay mövsümündə dənizin orta hissəsində mənfi temperatur anamaliyaları da müşahidə edilir. Xüsusilə, şərq sahillərində, sahildən uzaqlaşdıqda temperaturun artması baş verir. Qərb sahillərində də bu hadisə müşahidə edilir. Lakin nisbətən az ərazini əhatə edir.
 
Dənizin soyuması sentyabr ayının əvvəllərindən başlayır. Oktyabr ayında Şimali Xəzərdə suyun temperaturu 10°C -17°C, Orta Xəzərdə 15 - 18°C və Cənubi Xəzərdə 19 - 21°C intervalında olur. Noyabr ayında dəniz səthində suyun temperaturu şimalda 3 - 10°C, cənubda isə 16 -18°C diapazonunda dəyişir.
musavat