|
İqtisadçı ekspertlərdən yeni inflyasiya xəbərdarlığı
Dövlət Statistika Komitəsi son 6 ayın inflyasiya rəqəmini açıqlayıb. Komitənin hesablamalarına görə, 2016-cı ilin birinci yarısında istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki illə müqayisədə 10,5 faiz artıb. Komitənin məlumatına görə, qiymətlər ərzaq məhsullarında 11,9, qeyri-ərzaq məhsullarında 15,4, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 4,5 faiz yüksəlib.

Məlumatda o da qeyd edilir ki, iyun ayında qiymətlərdə artım olub. May ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. 
 
Bəzi qiymətlərdə ucuzlaşma olub, ancaq bu daha çox mövsümi məhsulların hesabına olub. İyunda may ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarının bir çoxunun qiymətində bahalaşma qeydə alınıb. Bahalaşma əsasən parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompüterlərin, minik avtomobillərinin qiymətlərində olub.
 
Əhalini düşündürən suallardan biri də odur ki, hökumətin açıqladığı inflyasiya rəqəmi reallığı əks etdirirmi?
 
İqtisadçı-ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, real inflyasiya hökumətin açıqladığı rəqəmdən daha yüksəkdir, təxminən 15 faizə yaxındır: “Manatın ikinci devalvasiyasından sonra qiymət artımları müşahidə olundu. Bahalaşma ən çox ölkəyə gətirilən məhsullarda hiss olundu. Praktiki olaraq, inflyasiya hesablanan zaman qiymət artımlarının nəzərə alınması olduqca vacibdir. Dövlət Statistika Komitəsinin metodologiyasından istifadə edərək ölkənin fərqli yerlərində qiymətlərin toplanması onu göstərir ki, əgər alternativ inflyasiya hesablansa, DSK tərəfindən elan edilən rəqəmdən daha yüksək olacaq. Çünki qiymət artımları var və özünü həm ərzaq, həm qeyri-ərzaq, həm geyim, həm də digər məhsullarda göstərməkdədir. Durğunluq olmasına baxmayaraq, uzun müddət qiyməti azalan avtomobil bazarında belə son iki ayda müəyyən qiymət artımları müşahidə edilməkdədir. Söhbət köhnə avtomobillərdən gedir. Qiymət artımları ərzaq və qeyri-ərzaq məhsulları da daxil olmaqla, əksər xidmət sahələrini də əhatə edir. Sözsüz ki, kənd təsərrüfatı məhsullarında belə qiymət artımları əvvəlki isə müqayisədə daha bahadır. Bunun səbəbi həm Rusiyaya məhsul ixracı, həm də bu il iqlimlə əlaqədar istehsalın zəif olması ilə bağlı ola bilər. Ancaq reallıq ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının qiymətləri əvvəlki ilə müqayisədə daha yüksəkdir. Qiymət artımı varsa, deməli, inflyasiya da var. Ona görə də, bizim qiymətləndirmələr göstərir ki, inflyasiya 15 faizə yaxındır. Müşahidələrimiz həm də onu göstərir ki, qiymət artımı yalnız idxal olunan ərzaq məhsullarında deyil, həm də ölkə daxilində istehsal olunan ərzaq məhsullarını əhatə edir”.
 
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, hökumət ikirəqəmli inflyasiya açıqlasa da bu real rəqəmdən bir neçə dəfə aşağıdır: “Hökumət bu günə qədər bir dəfə də olsun hansı indikatorlarla bu inflyasiya rəqəmini hesabladığını, istehlak zənbilinə daxil olan məhsulların qiymətlərini hansı kriteriya ilə seçdiyini açıqlamayıb. Dünyada, əsasən də Avropa ölkələrində artıq inflyasiya hesablanarkən istehlak zənbilində kifayət qədər geniş çeşidlərə uyğun olaraq inflyasiya rəqəmləri hesablanır. Azərbaycanda isə çox zaman sovet dövründən qalma bir yanaşma ilə inflyasiya ölçülür. Alternativ mənbələr olmadığından, hökumətin açıqladığı rəqəmlərlə kifayətlənməli oluruq. Azərbaycan vətəndaşlarını ən çox maraqlandıran ərzaq inflyasiyasıdır. Ərzaq inflyasiyası Azərbaycanda böyük bir sürətlə artır”.
 
Ekspertin fikrincə, açıqlanan rəsmi rəqəmlər həm də ona görə maraq kəsb edir ki, hökumət 5-6 ay öncə 1,2-1,3 faiz inflyasiya haqqında danışırdı, indi isə 10,5 faizdən bəhs edir: “Lakin nəzərə alınmırdı ki, ötən il iki dəfə devalvasiya olmuşdu. İndi isə görünən odur ki, hökumət çox aşağı rəqəmlər açıqlamaqdan çəkinir, çünki bu, həm xaricdə, həm də daxildə inandırıcılığını itirib. Bu il ən azından ikirəqəmli inflyasiya açıqladılar, lakin bunun da ən aşağı həddini 10,5 faiz açıqladılar. Hesab edirəm ki, doğru indiqatorlara və beynəlxalq normalara  uyğun olaraq inflyasiya rəqəmləri açıqlansa, hazırkı göstəricidən xeyli yüksək bir rəqəm ola bilər. Çünki Azərbaycanda real qiymət artımı rəsmi rəqəmlərdən xeyli yüksəkdir. Ona görə də ən azından alternativ mənbənin olmadığını nəzərə alsaq, hökumət bu rəqəmin hesablanması ilə bağlı detallı şəkildə məlumat verməlidir. Bizim üçün real inflyasiya dərəcəsi ilə bağlı rəqəm söyləmək çətindir. Çünki bunu hesablayan ciddi bir alternativ yoxdur. Ən azından ərzaq inflyasiyasının son bir ildə 25-30 faiz civarında olduğu açıq-aşkardır. Nəzərə alsaq ki, azərbaycanlıların qazandıqları vəsaitin 70-75 faizi məhz ərzağa xərclənir, o zaman ən maraqlı sahə ərzaq inflyasiyasıdır ki, bu da 25-30 faiz civarındadır”.
musavat