Paytaxtın müxtəlif rayonlarında sovet dönəmində inşa edilmiş binaların sökülməsi yenidən gündəmə gəlib. “Xruşşovka” adlandırılan beşmərtəbəli yaşayış binalarının sökülməsi yönündə qərar qəbul edildiyi də bildirilir. Bu binaların neçə illərdir söküləcəyi barədə məlumatlar yayılsa da, real addım ortada yoxdur.
Məlumata görə, “Xruşşovka”lar sökülərək yerində çoxmərtəbəli müasir binalar ucaldılacaq. Panel beşmərtəbəli binaların kütləvi şəkildə söküləcəyi ilə bağlı yayılan xəbərləri ekspertlər musavat.com-a şərh ediblər.
Qeyd edək ki, son olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov bir müddət əvvəl sahibkarlarla görüşündə bu məsələyə toxunub. O bildirib ki, Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb. K.Heydərov bildirib ki, konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur: “Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək”.

Ekspert Nüsrət İbrahimov məsələ ilə bağlı musavat.com-a bildirib ki, həmin binaların sökülməsi haqqında hazırda dövlət proqramı yoxdur: “Əslində "Xruşşovka"lardan daha əvvəl sökülməsi nəzərdə tutulan layihələr, evlər çoxdur. Köhnə Alatava, Keşlə, “Sovetski”, “Kubinka” adlanan ərazidə o qədər fiziki cəhətdən aşınmış, yararsız evlər var. Ondan başqa “İtalyanka” binalar var, taxta evlər var, qamış evlər var. Hansı ki, onların istismar müddəti 20-25 il bundan əvvəl qurtarıb, yaşayış üçün tam yararsızdır. Onların sökülmə məsələsi aktuallaşsa, daha effektiv olar. Amma “Xruşşovka” evlər hələ 20 il sonra da istismara qismən yararlı olacaq. Bu binaların sökülməsini hərdən mövzu kimi ortaya atıb müzakirə edirlər, amma kütləvi şəkildə yaxın perspektivdə sökülməsi və yeni tikililərlə əvəz edilməsi günün aktual məsələsi deyil. Həmin binalar tezliklə sökülməyəcək".

Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında deyib ki, “Xruşşovka” evlər tikilərkən 30-40, maksimum 50 illik zaman kəsiyi üçün tikilmişdi: “Bir çox hallarda artıq onların zamanı keçib. Sadəcə burada texniki məsələdən çox maliyyə məsələsi önəmlidir. Hansı vəsait hesabına bu işlər görüləcək. Bu işlərin görülməsi üçün kifayət qədər, milyonlarla vəsait lazım olacaq. Bunu Azərbaycan hökuməti haradan tapacaq? Bu sualın cavabı daha maraqlıdır, nəinki texniki detallar. Məsələnin texniki cəhətdən əsaslandırılması mümkündür. Düşünürəm ki, hökumət sadəcə indiki durumda bu məsələyə sosial gərginliyin azaldılması kimi baxır. Çünki söküntü işçi qəbul edə biləcək sahədir. Bununla müvəqqəti də olsa iş yerlərinin yaranmasına çalışılacaq. Problem maliyyə mənbəyidir. Bununla bağlı büdcədə maliyyə çatışmazlığı olacaq. Yeganə mənbə ya beynəlxalq kreditlər hesabına, ya Neft Fondu hesabına olacaq. Yəni bu məsələ çözülməlidir. Mənbəyi tapılmalıdır ki, hansı mənbə hesabına bu layihələr həyata keçiriləcək”.
Cia.az
