|
Astanada Xəzərlə bağlı gərgin müzakirələr aparılacaq
“Hazırda Xəzərin hüquqi statusu ilə bağlı tərəflər arasında konstruktiv dialoq və əməkdaşlıq davam etdirilir. Qarşıdan gələn Astana görüşü də bu istiqamətdə müntəzəm rotasiya qaydasında keçirilən əhəmiyyətli toplantılardan biridir”.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a Xəzərin hüquqi statusu ilə bağlı iyulun 12-13-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək sammitlə bağlı açıqlaması zamanı bildirdi. Hazırda proseslərin hansı mərhələdə olduğu barədə sualın cavabında diplomat bildirdi ki, Xəzərin hüquq statusu məsələsində irəliləyişlər çoxdur: “Artıq konvensiyadakı bir çox məsələlər üzrə ümumi fikir formalaşıb. Əvvəllər də məlumat verdiyimiz kimi, konvensiyanın 70 faizindən artıq hissəsi razılaşdırılıb. Ən vacibi odur k, tərəflər arasında anlaşma şəraiti var”. H.Hacıyevin sözlərinə görə, Xəzər dənizində digər məsələlər üzərində də anlaşma və inkişaf  var: “Bioresursların idarə olunması, fövqəladə vəziyyətlərdə qarşılıqlı yardımın göstərilməsi barədə anlaşma əldə olunub. Vacib olan budur ki, Azərbaycan Xəzəri digər sahilyanı ölkələrdən ayıran yox, birləşdirən bir dəyər hesab edir. Keçirilən görüşlərin ruhu da bunu bir daha təsdiq edir ki, bütün sahilyanı dövlətlər Xəzər dənizini dostluq və əməkdaşlıq dənizi kimi görürlər”.
 
 
XİN rəsmisindən onu da öyrəndik ki, Astana sammitində Azərbaycanı xarici işlər nazir naziri Elmar Məmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Xatırladaq ki, Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi ilk dəfə olaraq 1970-ci ildə müzakirə edilməyə başlanıb. 
 
Bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünüb. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülüb. SSRİ-nin süqutundan sonra, 1992-ci ildən başlayaraq Xəzərsahili dövlətlər ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlara başlayıblar və hələ də bu danışıqlar davam edir. Bakı Xəzərin beynəlxalq sərhəd gölü olduğunu nəzərə alaraq, onun orta xətt prinsipi ilə milli sektorlara bölünməsinə, bu zaman isə keçmiş SSRİ-nin iş praktikasına və 1970-ci ildə qəbul olunmuş bölgüyə əsaslanmağa tərəfdardır. Ancaq İran və Türkmənistan Xəzərin sahilyanı dövlətlərin ümumi sərvəti olduğunu əsas gətirib dənizin beş bərabər hissəyə bölüşdürülməsində uzun müddətdir israr edirlər.
 

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a xatırlatdı ki, Azərbaycan müstəqillik qazanana qədər, yəni 1991-ci ilədək Xəzər dənizi ancaq iki dövlət - İran və SSRİ arasında bölünüb: “Maraqlıdır ki, İranın rəsmi mövqeyi Xəzrin dəniz deyil, göl olmasını qeyd etməklə onun təbii sərvətlərini də beş dövlət arasında bölmək labüddür və ya bütün bu beş dövlət ümumi şəkildə istifadə edə bilər. Əsas sənəd kimi də İran 1940-cı ilin müqaviləsinə istinad edir. Türkmənistan da bir vaxtlar belə bir fikirlə razılaşırdı, son vaxtlar danışıqlarda müəyyən irəliləyiş var. Qazaxıstan və Azərbaycan isə Xəzərin dəniz kimi bölünməsinin, daha doğrusu, beş milli sektorun yaradılmasını istəyir. Bu məqsədlə Qazaxıstan dənizin dibini orta bir xətlə bölməyi və bu nöqtədən bütün dövlətlərin sektorlarını ayırd etməyi təklifi edib”. Rusiyaya gəldikdə, A.Nağıyev bildirdi ki, öz Moskva mövqeyini bir neçə dəfə dəyişib: “Əvvəllər İranın mövqeyini dəstəkləyən Rusiya Xəzərin sektorlara bölünməsinin əleyhinə idi. Lakin Qazaxıstanla yaranan narazılıqdan sonra ikitərəfli müqaviləyə əsasən, Xəzərin dibi ilə bağlı müqavilə də imzalandı. Bu gün Rusiya və Azərbaycan arasında da təxminən belə bir razılıq əldə edilib və yəqin ki, müqavilə imzalanacaq.Təbii ki, İran əvvəlcə Xəzərin status ilə bağlı məsələni dəqiqləşdirdikdən sonra müqavilə bağlamaq istəyir. Düşünürəm ki, Rusiyadan sonra İran da bu addımı atacaq”.
 
Qeyd edək ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin yaxın zamanlarda Bakıda baş tutacaq goruşündə də əsas müzakirə mövzularından birinin Xəzərlə bağlı olacağı güman olunur. Müşahidəçilər hesab edir ki, Bakı və Moskva Tehranı da Xəzərin statusu ilə bağlı yekun qərar verməyə razı salacaqlar və 20 ildən artıq davam edən müzakirələrə son qoyulacaq. Əks təqdirdə Xəzər sülh dənizindən daha çox hərbiləşmiş zonaya çevrilə bilər ki, bu da çox təhlükəlidir.

“Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı iş Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə kimi yekunlaşa bilər”. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzə səfiri, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupun Rusiyadan olan nümayəndə heyətinin rəhbəri İqor Bratçikov deyib. O bildirib ki, razılaşdırılmış həllə nail olmaq üçün baza çox möhkəmdir: “Bu, dənizdə tərəflərin fəaliyyətinin əsas prinsiplərini özündə əks etdirən və ölkə liderləri tərəfindən Həştərxanda imzalanmış siyasi bəyanatdır. İndi əsas məqsəd hüquqi sənədə ümumi yanaşma formalaşdırmaqdır. Qazaxıstan sammitinə kimi Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması tamamilə realdır”. 

(APA) İ.Bratçikov qeyd edib ki, Konvensiya layihəsi gələn həftə Qazaxıstanda toplaşacaq Xəzəryanı ölkələrin xarici işlər nazirləri tərəfindən müzakirə ediləcək: “Güman edirik ki, nazirlər ümumi razılığa gələcəklər və bu razılıq sənəddə öz əksini tapacaq”.

Yeni Musavat