İki motosikletin toqquşması faciəyə səbəb olub. Zaqatala rayonunda baş verən hadisədə bir nəfər həlak olub, iki nəfər yaralanıb.
ANS PRESS-in məlumatına görə, qəza Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndinin ərazisindən keçən hissəsində baş verib. Rayonun Fındıqlı kənd sakini, 44 yaşlı Bilal Nəbiyevin “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan yük daşıyan motosikletlə eyni adlı digər motosiklet toqquşub. İkinci motosikletin sükanı arxasında isə Aşağı Çardaqlar kənd sakini 43 yaşlı Bəxtiyar Mamayev olub.
Qəzadan sonra Bilal Nəbiyevin motosikletində olan sərnişini - Bakı şəhər sakini, 70 yaşlı Pyotr Kuznetsov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Bilal Nəbiyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Digər motoskletin sürücüsü isə xəsarət almayıb. Qəza zamanı ölən 70 yaşlı Pyotr Kuznesovun Zaqatalaya qonaq gəldiyi bildirilir.
Zaqatala RMX-dan verilən məlumata görə, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən Bilal Nəbiyevin vəziyyəti orta-stabil qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
