|
Ömürlük OMON-çu məhbus ölüm ayağında...
Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimlinin amnistiya ilə azadlığa çıxacağı dəqiqləşib. Bu barədə başqan müavininə saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsindən xəbər veriblər. 

Vicdan məhbusunun atası Raqif Kərimli “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “İyulun 4-də telefonla danışdıq. Zarafatla dedi ki, cəzaçəkmə müəssisəsindən amnistiya aktına düşənləri azad edirlər, hələ mənə növbə çatmayıb. Maddəsi amnistiya aktına düşüb. Rəisin özü Fərəcə deyib ki, amnistiyaya düşmüsən, burada qonaqsan. Məndən məcburi köçkünlük haqqında arayış da istədilər. Mən də aparıb verdim. Fərəcin azad olunacağı günü gözləyirik. Əvvəllər belə həyəcanla gözləmirdik”.
 
REAL hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədov ötən həftə həbsxanada onunla görüşüb. Görüşün necə keçməsi barədə V.Məmmədova bunları dedi: “İyulun 1-də İlqarla görüşdüm. Normal görüş keçdi. Müəssisədə elə bir problem yoxdur. Sadəcə, çox istidir. O da hər yerdə istilər var. Ali Məhkəməyə müraciət edilib. Hələ də məhkəmənin  günü ilə bağlı bir xəbər yoxdur”.

Jurnalist Seymur Həzinin atası Məşgül Həziyev iyunun 30-da oğlu ilə görüşüb. Məhbus atası övladının vəziyyətinin normal olduğunu bildirdi: “Müəssisədə vəziyyəti normaldır. Seymur amnistiyaya düşmür. Yay olduğuna görə çox istidir. Müəssisədə vəziyyət bu baxımdan ağırdır. Bütün həbsxanalarda bu vəziyyət mövcuddur”.

Vəkil Elçin Sadıqov iyulun 2-də həbsdə olan 3 ömürlük OMON-çu məhbuslarla görüşüb. Vəkil sosial şəbəkələrdə görüş barədə paylaşdığı statusda OMON-çu məhbuslardan Elçin Əmiraslanovun ölümcül xəstəliyə yoluxdurulduğunu bildirib: “2 iyul 2016-cı il tarixdə barələrindəki ölüm cəzası qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilən, artıq 20 ildir qanunsuz ömürlük cəza çəkən Elçin Əmiraslanovla Penitensiar Xidmətin Müalicə Müəssisəsində, Səfa Poladov və Arif Kazimovla Penitensiar Xidmətin həbsxanasında görüşdüm. Hamıya salam dedilər. Səhhətləri qənaətbəxş deyil. Xüsusilə Elçin Əmiraslanov ölümcül xəstəliyə yoluxdurulub. Hər üç şəxs 15 ildən artıqdır - həmişə siyasi məhbus siyahısında olmalarına baxmayaraq- azad edilməyiblər.
 
Ölüm cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunan şəxslərlə bağlı digər postsovet ölkələri səmərəli addımlar atsa da, 70-dən çox şəxs var ki, onların ölüm cəzaları qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə baxmayaraq, hələ də Azərbaycan hökuməti bu problemi həll etməyib.
 
2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, ölüm cəzası bağışlandıqda maksimum 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz oluna bilərdi, ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəz oluna bilməzdi".
Cia.az