|
Qohumunun qətlində ittiham olunana ömürlük cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, R.Məmmədov ömürlük, N.Zəkərəliyev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilənin Xudat şəhər sakini, 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğlu olduğu, qətlin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərəliyev tərəfindən törədildiyi müəyyən edilib.

O da bəlli olub ki, mərhum Zamiq Xeyirovla Radik Məmmədov uzaq qohum olublar.

Amma R.Məmmədov ittihamlarla razılaşmayıb, belə bir hadisəni törətmədiyini deyib.

Cia.az