|
Hillari Klintonun prezidentliyə namizədliyi təhlükədə
Ötən gün sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna faktiki namizəd Hillari Klinton “elektron poçt işi” üzrə Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən dindirilib.

“RİA Novosti”nin yaydığı məlumata görə, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən özünə məxsus şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb. FTB faktla bağlı ilkin istintaq aparır, lakin hələlik, Hillari Klinton barəsində cinayət işinin başlanmasına qərar verilməyib.
 
“Hillari Klinton dövlət katibi vəzifəsində çalışarkən elektron poçtundan istifadə etdiyini könüllü şəkildə danışdı. İstintaqa hörmət baxımından o, bu barədə heç bir şərh verməyəcək”, - deyə siyasətçinin mətbuat katibi Nik Merril bildirib. Onun sözlərinə görə, FTB-nin mənzil-qərargahında aparılan sorğu-sual 3,5 saat davam edib.
Məlumata görə, hüquq-mühafizə orqanları istintaq işlərini, Respublikaçılar və Demokratlar partiyalarının 18 və 25 iyulda keçiriləcək qurultaylarına qədər yekunlaşdırmaq istəyirlər. Bunun səbəbi belə açıqlanır ki,  Klintona qarşı ittiham irəli sürülərsə, Demokratlar Partiyası onun əvəzinə başqa birisinin namizədliyini irəli sürə bilsin.

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu kimi hadisələr əslində Klintonun şansını artırır: “Hesab edirəm ki, bunların hamısı qurulmuş oyunlardır. Baş verən hadisələr Hillari Klintonun prezident olma şansını daha da artırır. Çünki Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampla bağlı Amerikanın ciddi qayğıları var.  Buna görə də belə addımlarla Klintonun əzabkeş və çətinliklərə sinə gələn bir obrazını yaratmaq istəyirlər. Hesab edirəm ki, bununla onun seçki yolunu bir növ təmizləyirlər. Dövlət sirrini yayma məsələsi ilə bağlı əgər FTB-nin məlumatı vardısa, bunu indiyə qədər bəyan etməli idi. İndi - seçkilərin finişə doğru getdiyi bir zamanda belə məlumatın yayılması və həm də bunun Klintonun namizədliyi ilə əlaqələndirilməsi nə ağıla, nə də mövcud qanunvericiliyə sığan bir şey deyil. Dövlət katibi işləyərkən bu cür hadisələr baş vermişdisə, Klinton istefa verdiyindən indiyə qədər bunu öyrənə bilməyiblər? Əgər bu məlumatı dövriyyəyə məhz indi buraxırlarsa, bu, Amerikada prezident seçkilərini pozmaq xarakteri daşıyır. Burada partiya tərəfindən yeni namizədin irəli sürülməsi məsələsinə də toxunulub. Lakin məsələ burasındadır ki, partiya tərəfindən yeni namizədin irəli sürülməsi o qədər də asan deyil. Əgər belə olarsa, hər şey təzədən başlamalı, prezident seçkilərinin vaxtı isə uzadılmalıdır”.

Politoloq hesab edir ki, fövqəladə  heç nə baş verməyəcək: “Dövlət məlumatlarının gizlədilməsi və yayılması adı altında irəli sürülən iddianın da əsassızlığı Hillari Klinton vəkilləri və məhkəmə tərəfindən isbata yetiriləcək. Nəticədə isə baş verənlər, Klintonun xeyrinə işləyəcək. Amerika kimi bir dövlətdə prezident seçkilərinə bu cür qeyri-ciddi yanaşma, heç  zaman görünməyib. Hesab edirəm ki, bu cür yanaşmanı heç kim, xüsusilə də Amerika xalqı həzm edə bilməz. Alternativsiz seçki həyata keçirilməyəcək ki? Qeyd etdiyim kimi, Demokratlar Partiyasının yenidən namizəd irəli sürməsi və bundan sonra baş verməli olan işlər mürəkkəb bir prosedurdu. Bunların hamısı zaman tələb edir. İnanmıram ki, bundan sonra Amerikada Trampın prezident olma şansı artsın. Əksinə, onun şansı sıfıra enir. Onun kimi siyasətdən tam uzaq olan bir şəxsin prezidentliyə gətirilməsi, Amerika kimi bir dövlətin məhvinə səbəb ola bilər”.yeni musavat