Sosial şəbəkə insanların həyatının bir hissəsinə çevrildikcə, gündəlik həyatdakı ünsiyyət formaları şəbəkəyə də yansıyır. Artıq sosial şəbəkədə insanlar arzuolunmaz şəxs hesab etdiklərini dostluqdan silir, hətta blok etməklə onu özlərinə “yaxın buraxmırlar”. Psixoloqlar izah edir: sosial şəbəkədə dostluqdan çıxarmalar və blok etmək nə deməkdir?
Bu, dözümsüzlükdür, yoxsa qarşı tərəfə tətbiq edilən cəza metodudur?
Ekspert Elnur Rüstəmov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu, daha çox cəza metodudur: “Çünki bəzən biz görürük ki, sosial şəbəkələrdə saxta profillər vasitəsilə aşırı tənqid, hətta təhqir edirlər. Bəzən məsələni şişirdirlər. Var tənqid etmək, var təhqir etmək, təhqir özü cinayət məsuliyyəti yaradır. Sosial şəbəkə istifadəçiləri bir çox hallarda bu məqamları gözləmirlər. Bu məqamda alternativ yol qalmır - yalnız blok etmək qalır. Düşünürəm ki, optimal yollardan biri də odur. Yox, əgər tənqid mədəniyyəti formalaşsa, o zaman blok etməyə ehtiyac olmaz. Amma biz tamamilə başqa bir məsələ ilə yanaşırıq. Bununla bağlı düşünürəm müəyyən tədbirlər də görmək lazımdır. Heç kim heç kimi təhqir edə bilməz. Hər kəsin şəxsiyyətinə hörmət olmalıdır. Kiminsə yazdığı status xoşuna gəlmirsə, baxma, münasibət bildirmə.
Hansısa xoşuna gəlməyən status ixtiyar vermir ki, kiminsə şəxsiyyətinə, şəxsi həyatına toxunasan. Şəxsiyyəti aşağılayacaq bir şeylər yazmaq olmaz. Bu cəhətdən diqqətli olmaq lazımdır. Bəzən bunu məqsədli şəkildə edirlər. Kəskin tənqiddən, təhqirdən kimisə ləkələmək, qara yaxmaq üçün istifadə edirlər. Əlbəttə, o zaman blok etmək yaxşı olardı. Bu, cəza kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, insanlarımız bu istiqamətdə maariflənməlidir. Bəzən deyirlər ki, niyə tanınmış simalar sosial şəbəkələrdə yoxdur. Çünki olmağına peşman edirlər. Yoxsa onlar da digər insanlarla dialoqa, ünsiyyətə maraqlı olarlar”.
Psixoloq Dəyanət Rzayev isə qeyd edib ki, bizdə əksər hallarda tənqidi də təhqir kimi qəbul edirlər və problem yaranır: “Tənqid odur ki, insan deyilənə baxmalı və öz səhvlərini düzəltməlidir. Tənqid səhvlərdən nəticə çıxarmaq üçündür. Amma sosial şəbəkədə bəzən dözümsüzlükdən tənqid yazanı blok edirlər. Sanki bizdə tənqid olunmaq istəmirlər. Təhqir olduğu halda blok etmək isə cəza metodu kimi qiymətləndirilə bilər”.
Ekspert Azad İsazadə isə bildirib ki, sosial şəbəkədə ünsiyyət adi, gündəlik ünsiyyətin davamıdır: “Sadəcə, sosial şəbəkədə ünsiyyətin formaları dəyişib, reaksiya eynidir. Həyatda kiminləsə zarafat etdim, kiminsə hərəkəti xoşuma gəlmədi, daha ona salam vermirəm, üz döndərirəm. Bununla öz narazılığımı bildirirəm. Sosial şəbəkədə bloka salmaq da elədir, üz döndərmək, salam verməməkdir. Yəni bu, o deməkdir ki, istəmirəm nə sənin mənim şəkillərimə baxasan, statuslarımı oxuyasan, nə mən səninlə bağlı məlumat alım. Burada hansısa psixoloji problem axtarmaq lazım deyil. Bu, nümayişdir. ”Zarafat edirəm", bunun üçün xüsusi işarələr var ki, başa düşüm. Bu, ünsiyyətin texniki formasıdır. Yəni blok etmək ünsiyyətdən imtina etməkdir".
musavat
