Apreldəki 4 günlük müharibədən sonra münaqişə zonasında kövrək atəşkəs rejimi davam edir. Hələ ki nə prezidentlərin Vyana görüşü, nə də Rusiyanın təşəbbüsü ilə təşkil edilən Sankt-Peterburq danışıqları atəşkəsin geridönməz şəkil almasına, yəni böyük sülh sazişi yönündə kardinal addımlar atılmasına gətirə bilməyib.
Konkret olaraq prezidentlərin Sank-Peterburq görüşünün nəticələri ilə bağlı ekspert fikirləri və rəyləri müxtəlif olaraq qalır. Sözsüz ki, danışıqlarda nələrin müzakirə olunması və ilkin hansı razılığın əldə edilməsi müstəsna olaraq təmaslara qatılmış şəxslərə bəllidir.
Onlardan biri - Azərbaycanın Prezident Administrasiyası rəhbərinin müavini, şöbə müdiri Novruz Məmmədov artıq bəyan edib ki, Peterburqda tərəflər problemin mərhələli həlli barədə razılığa gəliblər - hərçənd erməni tərəfi bu açıqlamanı dərhal təkzib etməyə çalışıb, ardınca isə Rusiya XİN rəsmisi Mariya Zaxarova, yumşaq desək, rəsmi Bakını qınayıb.
Bunun ardınca Azərbaycan prezidenti İlham Əliyev ordu günü ilə bağlı elədiyi çıxışda Neva sahillərindəki danışıqların bəzi detallarını açıb, faktiki, Novruz Məmmədovun sözlərini təsdiqləyib. Prezident bildirib ki, görüşdə müəyyən müsbət nəticələr əldə olunub, Ermənistanın şərtləri qəbul edilməyib və konflikt yalnız mərhələli şəkildə həll oluna bilər.
***
Məsələyə Rusiya ekspert dairələrindən verilən şərhlər də diqqət çəkir və dolayısıyla Azərbaycan Prezident Administrasiyası rəsmisinin söylədiyini təsdiqləyir.
“Dağlıq Qarabağa dair danışıqlar stolunda yeganə konkret təklif bundan ibarətdir: erməni tərəfi Dağlıq Qarabağın hansısa statusu qarşılığında əraziləri Azərbaycana qaytarır”. Musavat.com-un məlumatına görə, bu barədə tanınmış rusiyalı politoloq və hərbi ekspert Aleksandr Xramçixin erməni portalına müsahibəsində bildirib.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Azərbaycan və Ermənistan prezidentləri çox ciddi və işgüzar təkliflər üzərində işləyir” bəyanatına münasibət bildirən politoloq deyib: “Mən hələ bilmirəm bu nə təkliflərdir. Ehtimal eləmək çətindir. Bəlkə də bu, elə köhnə təklifin təkrarıdır ki, Ermənistan Dağlıq Qarabağın hansısa statusu qarşılığında əraziləri Azərbaycana qaytarır - nəyə ki, Azərbaycanın razı olacağı aydındır. Ancaq fikrimcə, bu, hansısa yüksək muxtariyyət statusudur, hərgah, heç kim deməyib ki, Bakı hətta aşağı muxtariyyətə də razıdır. Mən təsəvvür edə bilmirəm ki, erməni tərəfi bina könüllü şəkildə razılıq versin”.
Rusiyalı ekspertə bəlli olan və güzəştli sayılan yeganə təklif bundan ibarətdir. “Əslində isə bu təkliflər müxtəlif səbəblərdən nə Azərbaycanı, nə də Ermənistanı qane edir. Başqa təkliflər mənə məlum deyil. Və daha nələrin fikirləşilə biləcəyini tapmaqda mən çətinlik çəkirəm. Dəfələrlə dediyim kimi, tərəflərin məsələdə mövqeyi bir-birini istisna edir” - Xramçixin əlavə edib.
Yada salaq ki, “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində Ceyms Uorlik bildirib:“Deməliyəm ki, Azərbaycan və Ermənistan prezidentləri çox ciddi və işgüzar təkliflər üzərində işləyir. Əlbəttə ki, bu təkliflərlə bağlı fikir ayrılıqları var. Heç kim tam anlaşma da gözləmirdi. Ancaq hər iki tərəf, daha dəqiqi, iki prezident bu təkliflər üzərində işi davam etdirməyə razılıq verib”.
***
Əslində indi ən qəliz seçim qarşısında qalan məhz Ermənistan, Sərkisyan rejimidir. Çünki həm torpaqların azad edilməsi, həm də kompromislərə ciddi dirəniş göstərəcəyi halda onun hakimiyyətdən gedişi qaçılmaz olacaq.
“Ermənistan başa düşür ki, gec-tez Qarabağ prosesi başlamalıdır”. Bunu axar.az -a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, növbəti görüşə qədər rəsmi Bakı konkret addımlar ata bilər: “Əslində Qarabağ məsələsi üzrə görüşlər Madrid prinsipləri əsasında qurulur. Madrid prinsipləri isə özlüyündə mərhələli həll planı deməkdir. Yəni plana əsasən, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlamalıdır və yalnız bundan sonra digər məsələlərlə bağlı danışıqlar davam etdirilə bilər. Görünür, hansısa incəliklərdən dolayı bu plan yenidən təxirə salınır. Aparıcı dövlətlər başa düşürlər ki, artıq münaqişə ilə bağlı müəyyən irəliləyişə ehtiyac var. Hər şey mərhələli həll prosesinin başlamasından asılıdır. Növbəti görüşlərin arxasında müəyyən konkret nəticələr artıq labüddür. Ola bilsin, rəsmi Bakı yeni görüşə qədər konkret addımlar atsın. Ermənistan hər görüşdən sonra təşvişə düşür. Sərkisyanın Sankt-Peterburq görüşündən dərhal sonra Dağlıq Qarabağa gedərək separatçı rejimə dəstək verməsi sübut edir ki, ermənilər gec-tez prosesin başlayacağını bilirlər”.
***
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tezliklə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırdıqlarını açıqlayıb. Belə bir görüşün Varşavada reallaşa biləciyi istisna edilmir. Hərçənd fərqli ünvan da mümkündür.
Gözlənilir ki, prezidentlərin aprel döyüşlərindən sonra sayca üçüncü olaraq bu görüş nəhayət ki, nizamlama prosesinə əhəmiyyətli konkretlik və aydınlıq gətirəcək. Əks halda, belə təmasların heç bir önəmi qalmayacaq və müharibə riski təzədən aktuallıq qazanacaq. Rəsmi Bakı da dönə-dönə bəyan edib ki, yalnız imitasiya xətrinə danışıqlara getməyəcək.
Bir sözlə, Qarabağ münaqişəsi ətrafında situasiyanın hansı istiqamətdə - böyük sülh anlaşması, yoxsa müharibə variantı istiqamətində inkişaf etdiyi xeyli dərəcədə prezidentlərin üçüncü görüşündə ortaya çıxa bilər. Hər halda, sonsuza qədər nəticəsiz danışıqlar davam edə bilməz. Xüsusən də aprel hadisələrindən sonra - müharibə riskinin təhlükəli həddə artdığı bir dönəmdə.
Bəs vasitəçilər, ilk növbədə də məsələdə açar rola malik Rusiya bunu ciddiyə alırmı, yoxsa yenə əsas hədəf işğala son qoymaq deyil, atəşkəsin saxlanmasıdır? Bu sualın cavabını yəqin ki, çox gözləmək lazım gəlməyəcək.
Cia.az
