Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun çıxışını “ədalətsiz şərh” adlandırması ölkə mətbuatının gündəmində əsas müzakirə mövzularından birinə çevrilib. Rusiyanı qeyri-obyektiv mövqedə suçlayanlar da olub, Zaxarovanı ermənipərəst adlandıranlar da.
Belə ki, Novruz Məmmədovun Sankt-Peterburq görüşü haqda səsləndirdiyi bu fikirlər Rusiyalı diplomatın diqqətini cəlb edib: “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır - əvvəlcə Azərbaycanın 5 rayonunun, sonra daha 2-sinin azad olunması və dəhlizin müəyyən edilməsi. Və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”.
N.Məmmədovun bu bəyanatını Mariya Zaxarova ədalətsiz şərh kimi dəyərləndirib. Bu barədə XİN-in rəsmi saytında məlumat yerləşdirilib: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşünə dair ədalətsiz şərh verməkdən imtina etmək lazımdır”
Sözügedən məsələ ilə bağlı mətbuata açıqlama verən deputat Qüdrət Həsənquliyev Azərbaycan Xarici İşlər Nazirliyini Zaxarovanın fikirlərinə cavab verməyə çağırıb: “Rusiya prezidentinin mətbuat xidmətinin sözçüsü Zaxarova öz kimliyini, rəsmi tutduğu statusu yadından çıxarıb. Onun narahatlığı bunu deməyə əsas verir ki, Novruz Məmmədov düzünü deyib. Mariya Zaxarova ermənipərəst adamdır. XİN də ona başa düşdüyü formada layiq olduğu cavabı verməlidir”.
Məsələ ilə bağlı XİN-in mətbuat xidmətindən münasibət öyrənməyə çalışsaq da, qeyri-iş günü olduğundan əlaqə yaratmaq mümkün olmadı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP-çı deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Zaxarovanın fikirləri Rusiya tərəfinin mövqeyi ilə üst-üstə düşmür: “Bu məsələyə münasibəti cənab prezident hərbiçilər qarşısında çıxışında açıq dedi. Həm danışıqlarda toxunulan məsələlər, həm Azərbaycanın mövqeyi, həm də danışıqlar prosesində gözlənilən məsələlər barədə danışdı. Bu gün danışıqlar prosesində Azərbaycanın mövqeyi əsas müzakirə mövzusudur. Azərbaycan özünün ərazi bütövlüyünün tanınması ilə bağlı beynəlxalq təşkilatlara, böyük dövlətlərə çağırışlar edib. Əlbəttə, Rusiya XİN rəsmisinin Novruz Məmmədovun açıqlaması barəsində fikirləri təəssüf doğurur. Onun uzun müddətdir xüsusi ironiya ilə Azərbaycan tərəfinin açıqlamalarını yalana çıxartmağa çalışması heç də diplomatik siyasət deyil. Digər tərəfdən, bu cür danışıqlar problemin həlli üçün aparılır və problemin də kökündə Ermənistan tərəfinin Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi durur.
Rusiya həmsədr ölkələrdən biridir və problemin həllinə dəstəyini verməlidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu baxımdan Zaxarovanın mövqeyi heç də Rusiyanın mövqeyi ilə üst-üstə düşmür".
Mirzəzadənin fikrincə, demək olar ki, Azərbaycan bu gün bütün sahələrdə Ermənistandan artıq gücə malik olduğunu nümayiş etdirib və bu baxımdan münaqişənin həllində də üstün mövqeyə malikdir: “Aprel ayında Ermənistan prezidenti danışıqlardan imtina etdiyini bildirirdi, xarici işlər naziri isə danışıqlara gedəcəyini bildirirdi. Novruz Məmmədovun bəyanatından sonra Ermənistanın xarici işlər naziri əks bəyanat verdi. Daha sonra Serj Sərkisyan danışıqlarda ortaq məxrəcə gəlməyin mümkün olduğunu bildirdi. Yəni prinsipcə Azərbaycan öz mövqeyindən əl çəkməyəcək. Bu məqamda əsas məsələ Azərbaycan ictimaiyyətinin reaksiyasıdır. Azərbaycan prezidentinin öz mövqeyini qətiyyətli şəkildə ortaya qoymağıdır. Ermənistanı xaricdə müdafiə edən müəyyən dairələr isə bundan ciddi nəticə çıxartmalıdırlar”.
Politoloq Arzu Nağıyev isə bildirdi ki, Zaxarovanın sözlərinə prezident son çıxışında tam şəkildə cavab verdi və baş verən proseslər haqqında öz mövqeyini ortaya qoydu: “Doğrudur, əvvəlcə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan münaqişənin həlli ilə bağlı başqa bir fikir səsləndirilmişdi və bizim XİN-də həmin fikri təsdiqləmişdi ki, Qarabağ problemi mərhələli şəkildə həll olunmalıdır. Sonradan Nalbəndyan öz dediyindən imtina elədi və Zaxarova da belə fikirləşdi ki, əgər Rusiyanın patronajı altında görüş keçirirsə, orada Rusiya heç bir öhdəlik götürməməlidir. Əsas məsələ bunun üzərində qurulmuşdu. Lakin mərhələli şəkildə bu məsələnin həlli ondan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində rayonlar qaytarılmalı və ondan sonra hər bir millətə öz müqəddəratını həll etmək haqqı verilməli idi.
Zaxarova düzgün mövqe tutmadı, Rusiyanın mövqeyini müdafiə elədi. Rusiya üçün əsas məsələ münaqişənin həllində təşəbbüsü ələ almaq idi, buna görə də Zaxarova o cür çıxış elədi. Bizim mövqeyimiz rayonların tam boşaldılması, suverenliyin bərpası və işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasından ibarət idi. Eyni zamanda əgər bu münaqişə həllini tapmasa, sülh variantı əsas götürülməklə, antiterror əməliyyatları keçirmək, bu yolla ərazilərimizin boşaldılması variantı da var idi. Lakin Zaxarova sırf Rusiyanın mövqeyindən çıxış elədi”.
