|
Parlamentdə söz güləşdirmək olarmı...
Ötən həftə Milli Məclisdə spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında baş verən insident yeni müzakirə mövzusunu ortaya çıxarıb. Belə ki, spiker deputata sərt şəkildə irad bildirərək onunla bağlı araşdırma aparmaq üçün Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyevə tapşırıq verib. 

Komitə sədri iyulun 3-4-də İntizam komissiyasının iclasının keçiriləcəyini nəzərə çatdırıb.

“Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarşı  belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq”. A.Abiyev deyib ki, Zahid Oruc bəzi qaydaları yadından çıxarıb: “Hər bir deputatın başqa bir deputat həmkarı ilə söz güləşdirməyə haqqı var. Lakin etika qanununda yazılıb ki, hər deputat sədrin fikrinə hörmətlə yanaşmalıdır. Çünki sədri 125 deputat və xalq seçib. Onun qarşılığında niyə sənə söz deyən kimi başlayırsan cavab verməyə. Parlament sədri ilə üzvlər arasında bir məsafə olmalıdır. O yuxarıda, biz isə aşağıda otururuq. Parlament üzvünün sədrlə söz güləşdirmək haqqı yoxdur. Bu, qanunvericliyə ziddir”. 
 
Komissiya sədrinin xüsusilə sonuncu fikirləri birmənalı qəbul olunmur. Hesab edilir ki, elə söz güləşdirmək üçün ən ideal məkan parlamentdir. Yəni daha yaxşı olar ki, söz, fikir dartışmaları, xalqın problemləri ilə bağlı məsələlər parlament divarları arasında müzakirə olunsun, ortaq qərar qəbul olunsun.
 
Barəsində səslənən fikirlərlə ilə bağlı Z.Orucun münasibətini öyrənmək istəsək də, o, vacib işlərinin olduğunu əsas gətirib açıqlama vermək istəmədi. Ancaq qeyd etdi ki, mətbuatda bəzi fikirləri dərc olunub. Qeyd edək ki, bundan əvvəl Z.Oruc “nizamnamədən kənar heç kəsə qarşı heç nə etməmişəm. Bunu kimsə başqa cür düşünürsə, bu, mənim problemim deyil” söyləyib. Xatırladıb ki, üstündə mübahisə düşən qanunun lehinə çıxış edənlərdən biri də özü olub. Ancaq maraqlısı budur ki, deputat həmkarları da Z.Orucu haqlı saymır. 
Məsələn, deputat Fəzail Ağamalı moderator.az-a  açıqlamasında spikerə haqq qazandıraraq keçmiş müavinini qınayıb: "Siz balkonda oturursunuz, jurnalistlərin oturduğu yerə nisbətən biz sədrə daha yaxın yerdə əyləşirik. Milli Məclisin daxili nizamnaməsinə əsasən sədr bu və ya digər çıxışlara müdaxilə edə bilər. Ona görə də Oqtay Əsədovun bəzi çıxışlara rəy bildirməsi, müdaxilə etməsi tamamilə qanunauyğun bir şeydir. Dünənki mübahisəyə də diqqətlə qulaq asdım. Hesab edirəm ki, Oqtay Əsədovun Zahid Oruca iradı tamamilə obyektiv idi. Zahid Oruc deyir ki, sərhəddə “Tax Free”ni tətbiq etməyək və fikrini də belə əsaslandırır ki, Avropa guya dağılır və s. Spikersə haqlı olaraq bildirdi ki, nəinki Avropa, dünyanın 131 ölkəsi bunu tətbiq edib, məgər dünya dağılıb? Əslində bunun tətbiqi turistlərin Azərbaycana gəlməsinə-getməsinə stimul verən bir şeydir. Tutaq ki, biz azərbaycanlılar da xaricə gedəndə orada istehlakımız üçün bir şey alırıqsa, qayıdanda sərhəddə “Tax Free”yə verib hava limanındaca pulumuzun müəyyən hissəsini geri alırıq, indi Azərbaycan da buna gedir. Zahid Oruc buna nə üçün aqressiv münasibət bəsləməlidir? Sözünü dedin, fikrini bildirdin, Oqtay Əsədov da çox mədəni şəkildə bildirdi ki, buna getmək olmaz. Bundan sonra Zahid Orucun ona bu cür aqressiv, bütün etik normalardan kənar münasibət bildirməsi yolverilməzdir. Zahid Oruc orada elə ifadələr işlətdi ki, həmin sözlərə görə Oqtay Əsədovun əsəbləşməsinə tamamilə haqq qazandırmamaq olmur. Elə ifadələr vardı ki, jurnalistlər eşitmədilər".
“Mən bu məsələlərdə həmkarımı qınayıram. Zahid Orucla bir komitədəyik, hətta otaqlarımız da yanaşıdır. Tez-tez bizim söhbətlərimiz, fikir mübadiləmiz olur. Mən onu intellektli, vətənpərvər, öz üzərində çalışan bir siyasətçi kimi qiymətləndirirəm. Amma onun parlament iclaslarında tez-tez spikerlə polemikaya girməsini dəstəkləmirəm”. 
Bu fikirlər isə Milli Məclisin hakim partiyadan olan deputatı Aydın Mirzəzadəyə məxsusdur.  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hətta həmkarı ilə ikili söhbətlərində bu barədə iradlarını dəfələrlə çatdırıb: “Hətta sonuncu insidentdən sonra onunla xeyli söhbətim oldu, düzgün addım atmadığını, bunun yolverilməz olduğunu onun nəzərinə çatdırdım. Parlament sədri parlament iclaslarını aparmaq və qanunverici orqanı tək şəkildə təmsil etməkdən ötrü seçilib. Bizim daxili nizamnaməmizdə xüsusi bir bənd var: sədr və sədr müavinləri növbədənkənar çıxış edə bilərlər. Bu, o deməkdir ki, onlar istənilən məsələyə reaksiya verə, yazıla, yaxud öz fikrini bildirə bilər. Zahid Orucun fikrinə spiker yönləndirici münasibətini açıqladı, eyni zamanda əks fikir bildirdi. Yəni iki fikir ortadadır. Amma Zahid Orucun təkidlə ona nəyisə isbat etməyə çalışması artıq heç də parlament axarını zənginləşdirmədi. Bu cür polemikalar, söz yarışı bizə lazım deyil! Hər kəs açıq şəkildə öz fikrini bildirir, mətbuat onu görür, səsvermə keçirilir”. 

A.Mirzəzadə spikerin Z.Orucdan yaşca böyük olmasına da diqqət çəkdi: “Üstəlik, spikerin həyat və iş təcrübəsi Zahid Orucdan qat-qat çoxdur. Onun bir böyük kimi Zahid Oruca hansısa bir məsələdə irad bildirməsində də mən qəbahət görmədim. Amma Zahid Orucun onunla mübahisəyə girməsi, öz dediyini təkidlə qəbul etdirməsi artıq parlament polemikalarından daha çox, ”Məclisdə mən haqlıyam" deyib axıradək mübahisə etməyi xatırladır. Mənə elə gəlir ki, İntizam komissiyasında Zahid Orucla bu məsələ ilə bağlı ciddi bir söhbət olacaq. Amma mən də öz tərəfimdən bir komitə üzvü kimi, otaqları qonşu olan həmkar kimi, Zahidlə iclasdan sonra xeyli söhbət etdim və onu bu taktikasından çəkindirməyə çalışdım. Onunçün şərait yaradılır, mövqe bildirir, aktivliyinə heç bir problem yaranmır. Ancaq spikerə qarşı hörmətsizliyi, yaxud öz fikrini zorla qəbul etdirməyə çalışması, iclasın axarına problem yaratması heç də bizə başucalığı gətirmir. Hər şey bir yana, bizdə yeni seçilmiş və gənc deputatlarımız var, onlar nə öyrənəcək, nə təcrübə qazanacaqlar? Hər halda, mən hesab edirəm ki, Zahid Oruc bu məsələdən müəyyən nəticə çıxaracaq". 
musavat