|
“Seçilənlər” kitabının təqdimatı keçirilib

İyunun 24-də Səməd Vurğunun ev-muzeyində yazıçı-publisist Günel Anarqızının “Seçilənlər” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə muzeyin direktoru Nüşabə Vəkilova, kitaba yazılmış “Ön söz”ün müəllifi Pərvin Nurəliyeva və başqaları kitabın məziyyətlərindən danışıblar.

Bildirilib ki, “Seçilənlər” kitabı dünya şöhrətli insanlar haqqında maraqlı yazılarla zəngindir. Kitabda tanınmış yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Çingiz Abdullayev, xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Altay Sadıqzadənin müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunmuş esselər, unudulmaz şairlərimiz Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, akademik Ziya Bünyadov, Şən və Hazırcavablar Klubunun kapitanı Anar Məmmədxanov, gözəl pianoçu Elmira Səfərova, eləcə də adlarını mədəniyyət tarixinə qızıl hərflərlə həkk etmiş onlarla digər böyük sənətkarımız haqqında ithaf xarakterli yazılar yer alıb.

Müəllifin 15 il ərzində (2001-2016) qələmə aldığı, mədəniyyətin müxtəlif sahələrini, eləcə də Azərbaycan diasporunun fəaliyyətini əhatə edən və doqquz bölmədən ibarət kitabda, 50-dən çox maraqlı müsahibə, esse, məqalə, xatirə, səyahət qeydləri və ithafları toplanıb. Bu yazıların əksəriyyəti müxtəlif vaxtlarda “El”, “Pəncərə (mədəniyyətə baxış)”, “Ölkəm” jurnallarında, eləcə də başqa mətbu orqanlarda dərc olunub. Müəllif görkəmli insanların düşüncə, fikir və duyğularını əks etdirməklə onlar haqqında gözəl təəssüratlar yaradıb.

Vurğulanıb ki, “Seçilənlər” kitabı müəllifin müəyyən mənada bir publisist və jurnalist kimi oxucular qarşısında hesabatıdır.

Sonda müəllif tədbirin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib.

Cia.az