|
Papa bu gün İrəvana gəlir - "erməni sevgisinin" səbəbi nədir?
Roma papası Fransiskin bu gün Ermənistana səfəri başlayır. Səfər çərçivəsində Papa Ermənistan prezidenti Serj Sərkisyan, ermənilərin katolikosu II Qaregin və digər rəsmi şəxslərlə, habelə diplomatik korpus nümayəndələri ilə görüşəcək. Səfər proqramında “erməni soyqırımı qurbanları”nın xatirə kompleksinə ziyarət də var. II Qaregin və Papanın birgə bəyannamə imzalayacağı gözlənilir.

Roma papasının planlaşdırılan səfəri Azərbaycanda etiraz doğurub. Doğrudur, bu cür səfərlər hər bir ölkənin daxili işi sayılır. Amma Azərbaycanla Vatikan arasında son illərdə yaxın əlaqələr yaranıb. Ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu son illərdə Vatikan və Romada ən azı altı layihə üçün yardım edib. Bu yardımlara baxmayaraq, Papanın “erməni sevgisi” azalmır. Bir il öncə “erməni soyqırımı” ifadəsini işlədən Fransisk indi də təcavüzkar ölkəyə səfər edəcək, hətta qondarma “erməni soyqırımı” adı altında ucaldılan abidəni ziyarət edəcək. Heç şübhəsiz ki, bütün bunların kökündə xristian təəssübkeşliyi dayanır. Ekspertlər bildirirlər ki, Azərbaycan tərəfi artıq bu məsələdə susmamalıdır. Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə mövqe bildirilməsi vurğulanır. Türkiyənin də burada susqun mövqe sərgiləməməsinin vacibliyi qeyd olunur. 

XİN-in məsələ ilə bağlı mövqeyini almaq mümkün olmadı. 
Politoloq Hikmət Hacızadə Roma papasının bu addımının Azərbaycan və Türkiyəyə qarşı hörmətsizlik olduğunu qeyd etdi: “Bu, mövqeyimizi saymamaqdır. Xarici İşlər Nazirliyi izah notası yazmalıdır. Papaya açıq məktub yazsalar, nəticəsi pis olmaz. Burada təkcə xristian təəssübkeşliyi yoxdur. Belə baxanda Roma papası hər yerə burnunu soxur. Hesab edirəm ki, burada terminoloji problem var. O zaman Türkiyədə vətəndaş müharibəsi gedirdi, dinc əhali iki tərəfdən də əziyyət çəkirdi. Ölənlər oldu, bunu heç kəs inkar etmir. Bu məsələni türk hökuməti də qəbul edir. Bir il əvvəl Rəcəb Tayyib Ərdoğan onların ailələrinə başsağlığı vermişdi. Bir anlayış da var, bu, genosid adlanır. Bu tamam başqa şeydir. Vətəndaş müharibəsində həlak olan yerli sakinlər tamam başqadır. Genosid o deməkdir ki, günahsız insanları heç bir səbəb olmadan qırırlar. Vətəndaş müharibəsi hər bir ölkədə olub və əhali qırılıb. Papa başda olmaqda, bəzi şəxslər deyirlər ki, əhali qırılıb, doğrudur, bu belə olub. Ərdoğan bunu boynuna alaraq başsağlığı verdi. Amma bu genosid deyil. Əsas çətinlik budur. Papadan soruşsalar ki, Ermənistana niyə getmişdin, ziyarət etdin. Deyəcək ki, qırılan camaatı ziyarət etmişəm. Oxucular da bunu başa düşməlidir. Ermənilər belə bicliklə məşğuldur”.
 
İqtidaryönlü deputat Fəzail Ağamalı bildirdi ki, “erməni soyqırımı”nı tanıyanlardan biri də Roma papasıdır:“Onlar hər zaman ermənilərin yanında olublar. Tarixə nəzər yetirsək, Roma papalarının daim ermənilərlə yaxın əlaqələri olub. Bu gün də davam edir. Bundan sonra da əminəm ki, bu ənənə davam edəcək. Burada xristian təəssübkeşliyi var. Necə ki, bizdə bəzi dövlətlərin müsəlman təəssübkeşliyi var. Hər kəsə nümunə ola biləcək Pakistan var. Hər zaman Azərbaycanı müdafiə edir. Yeganə ölkələrdən biridir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Roma papasının erməni sevgisinin qarşısını ala bilmərik.
 
Azərbaycanla Roma arasında böyük işlər var. Ölkəmiz böyük yardımlar ayırır. Sadəcə, xristian təəssübkeşliyinə görə ermənilərin üzərinə getmirlər. Nə etsək də, bu mümkün olmayacaq. Bir müsəlman ölkəsi ilə ermənilərin münasibətləri gərginləşərsə, sizləri əmin edirəm ki, Roma papası yenə də onların yanında olacaq. Bu gün aparılan müharibələrə baxın, görəcəksiniz ki, bir xristian ölkəsində belə müharibə getmir. Xristian ölkələri müsəlmanlara qarşıdır”.
Deputat Azərbaycanın etdiyi yardımları dayandıra biləcəyi ilə bağlı fikirlərə də münasibət bildirdi: “Yardımları dayandıra bilmərik. Əksinə, əlaqələri daha da möhkəmləndirməliyik. Ermənilər düşməndir, onlarla belə torpaqları danışıqlar yolu ilə geri qaytarmaq istəyirik. Bizimlə münasibətləri zəif olan ölkələrlə belə əlaqələr qurmağa çalışmalıyıq. Ölkə başçısının siyasəti də bundan ibarətdir. Dövlət səviyyəsində buna etiraz etməyi məqbul saymıram. Bu, müstəqil bir dövlətin daxili işlərinə qarışmaq olardı. Beynəlxalq hüquq normaları da buna normal yanaşmır. Hansısa bir səviyyədə etiraz ola bilər. Siyasi partiyalar, QHT-lər və digər səviyyələrdə etirazlar edilməlidir. Erməni vəhşiliklərini papanın diqqətinə çatdırmaq olar”.