Ölkənin borclanması yenidən gündəmdədir. Ekspertlər bildirirlər ki, ölkədə xarici borclar nisbi olaraq kiçik həcmdədir, amma getdikcə böyüyür. Bəzi ekspertlər belə durumun ölkəni asılı vəziyyətə sala biləcəyini, hər vətəndaşın borc payının artımasının neqativ nəticələrə gətirib çıxaracağını vurğulayırlar. Bildirilir ki, bunun müstəqilliyə təhlükə törədə biləcəyi də istisna deyil. Bəzi ekspertlər isə qeyd edirlər ki, xarici borclar çox aşağı səviyyədədir və narahat olmağa dəyməz.
Ekspert Saleh Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, hər iki qrup ekspertlərin dediyində gerçəklik var: “Amma Lenin dövlət quruculuğu siyasəti nöqteyi nəzərindən yanaşdıqda, bu, belədir. Görünür, uzun müddət bu siyasətin təsiri altında yaşadığımıza görə hələ də belə labirintdən çıxa bilmirik. Əslində müxalifətin tənqid hədəfi iqtidarın borc vəsaitlərini cəlb etməkdə və ölkənin inkişafını zəruri maliyyə ehtiyatları ilə təmin etməkdə ləngiməsi olmalı idi. İqtidar isə çıxış yollarını aramalı idi. Dünyanın inkişafı təcrübəsi göstərir ki, hansı ölkə iqtisadiyyatının inkişafı üçün daha çox vəsait cəlb edə bilibsə, o da ən yüksək inkişafa nail olub. Elə bir dövlət yoxdur ki, yalnız daxili güc hesabına yüksək inkişafa nail ola bilsin. Xarici borclanma səviyyəsi ümumi inkişaf səviyyəsi ilə düz mütənasib asılılıqdadır. Niyə da olmasın, nə qədər çox vəsait gətirə bilsən, bir o qədər çox yarada biləcəksən, istehsalın artacaq, işsizlik enəcək, gəlirlərin artacaq. Yeni daxil olan maliyyə sənin çürüyüb torpağa qarışan bütün rezervlərini faydalı istifadəyə çevirəcək, boş qalan torpaqların, faydalı qazıntıların, ən mühümü insan amilin hərəkətə gətiriləcək və faydalı məhsula çevriləcək. Hansı xalq ki, yeni vəsaitlər cəlb edə bilmir, onların bir qayda olaraq, inkişafı çox aşağı səviyyədədir”.
Ekspertin sözlərinə görə, heç bir dövlət ölkəsinin inkişafına böyük miqdarda vəsait cəlb edə bilməsə, yüksək inkişafa nail ola bilməz: “Əslində hökümətlərin iş səmərəliliyinin ən yaxşı göstəricisi də elə bundan ibarətdir. Əgər hökümət bunu edə bilmirsə, ölkəsinin inkişafı da ya İran, ya Haiti və ya Nigeriya kimi olacaq. Əgər borc vəsaitlərini cəlb edə bilirsə, ölkəsinin inkişafını da Lüksemburq, İsveçrə, Sinqapur kimi çox yüksəklərə qaldıra bilir. Azərbaycanın hətta belə neft bumunun ən ciddi vaxtlarında borclanmaya böyük ehtiyacı vardı və indi də var, gələcəkdə də olacaq. Həm də borclanma üçün əldə olunan vəsaitləri yerləşdirmək üçün səmərəli və zəruri layihələr var, üstəlik, borc vəsaitlərini cəlb etməyə kifayət qədər imkanlar var. ”Borc bizi xarici kapitaldan asılı vəziyyətə sala bilər" arqumentinə cavab olaraq bildirmək istəyirəm ki, tam əksinə, hansı dövlətdən və ya onun özəl şirkətindən borclansan, o, tam sənin müdafiəçinə çevriləcək. Heç bir borc verən istəməz və imkan verməz ki, borc alan dövlətdə qarışıqlıq olsun. Əksinə, borc alan dövləti qoruyacaq. ABŞ dövlətinin və ya onun rezidentlərinin 50-100 milyardı yatırılan dövlətin ərazisinə kim girə bilər?".

S.Məmmədovun sözlərinə görə, bugünkü bütün amillər Azərbaycana böyük məbləğdə kredit alınmasının tərəfindədir: “Amma bir neçə vacib şərt nəzərə alınmalıdır. Kredit ciddi və səmərəli layihələrə xərclənməlidi, qətiyyən istehlak xarakterli istiqamətlərə yönəldilə bilməz. Kredilərin istifadəsi zamanı monopoliya aradan qaldırilmalı, hər kəs eyni səviyyədə proseslərə buraxılmalıdır. Kreditlərin istifadəsi üçün çoxsaylı layihələr hazırlanmalıdır, borclar yalnız hazır layihəyə verilə bilər”.
S.Məmmədov qeyd edib ki, Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutları- Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnkişaf və Yenidənqurma Bankı, həmçinin Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və sair qurumlardan kredit almaq imkanları var: “Bu qurumlarla Azərbaycan işləyir, amma ölkənin kvotası böyükdü, kreditləşmənin həcmini xeyli artırmaq olar. Həmçinin suveren dövlət fondlarından müxtəlif formalarda vəsait cəlb etmək olar. Özəl banklar və investisiya fondlarından, eyni zamanda transmili istehsalat və ticarət şirkətlərindən də vəsait cəlb etmək olar. Borclanma üçün çox böyük imkanlar var. Amma bu, heç də o demək deyil ki, bugünkü şəraitlə böyük miqdarda borc vəsaitləri cəlb etmək olar. Bir gerçəkliyi dərk etməliyik ki, neft erası qurtardı, heç kim sərmayə yatırmaq üçün bizə gəlib xahiş etməyəcək. Bu vəsaitlərin cəlb oluna bilməsi üçün çox geniş miqyaslı tədbirlər görmək və dünya miqyasında iş aparmaq lazımdır”.
Cia.az
