"Edvard Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı?"
Bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün «Facebook» səhifəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın səsləndirdiyi fikirləri şərh edərkən yazıb.
"Mənim görüşdə iştirakıma gəldikdə isə bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu, lap ağ eləmək oldu axı", - deyə PA rəhbərinin müavini qeyd edib.
* * *14:12
Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb.
Anspress-ə istinadən bildirir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.
Novruz Məmmədovun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.
"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər", - deyə Administrasiya rəhbərinin müavini bildirib.
