Cari ilin yanvar-may aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 455,1 mln. manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşu illik müqayisədə 31,6 % artıb.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 129,4 mln. manatı və ya 90,6%-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.
Ölkə iqtisadiyyatının böhran keçirdiyi bir dövrdə xarici investisiyaların həcminin artması bir qədər suallar doğurub. İqtisadçılar xarici investisiya qoyuluşunun 31,6 faiz artmasını izah etməyə çalışıblar. Məlum olub ki, əslində Dövlət Statistika Komitəsinin bu hesablama zamanı dolların bahalaşması amilini gözardı edib və nəticədə yanlış informasiya meydana çıxıb. Yəni əslində ölkəyə qoyulan xarici investisiyanın dollarla ifadəsində heç bir artım yoxdur, manatla ifadəsində isə devalvasiyadan yaranan fərq ölkənin uğuru hesab oluna bilməz.
İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dollarla hesablasaq, ölkəyə qoyulan investisiyaların həcmində azalma yox, artım müşahidə olunur: “Məsələ ondan ibarətdir ki, Azərbaycanda ötən illə müqayisədə xarici investisiyaların manatla ifadəsində artım müşahidə olunur. Belə ki, son 5 ayda Azərbaycana yatırılan investisiyaların həcmi təxminən 3,4 milyard manata bərabər olub. Lakin bunu xarici valyuta ilə ifadə edib müqayisə aparsaq , əksinə, 16,12 faizlik azalma müşahidə edilir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə yatırılan xarici investisiyaların həcmi azalıb. Ötən il bu rəqəm 2,6 milyard dollar olduğu halda bu il 2,2 milyard dollar həcmində investisiya ölkəyə daxil olub. Digər bir səbəb isə odur ki, ölkədə dolların alıcılığının artması xarici investorların imkanlarının genişlənməsinə gətirib çıxarır. Ancaq yenə də əvvəlki dövrlərdə olduğu kimi, investisiyaların böyük bir qismi Azərbaycanın iştirak etdiyi iri layihələrin tikintisi ilə bağlı beynəlxalq maliyyə institutlarından cəlb olunan vəsaitlər şəklində yatırılıb”.

R.Həsənovun fikrincə, hazırda ümumi qiymətləndirmə aparsaq, Azərbaycanda investisiya mühiti əvvəlki dövrlərlə müqayisədə nisbətən müsbətə doğru dəyişib, lakin azad məhkəmə sistemi olmadığından bu xarici investorları cəlb etmir: “Həm manatın dəyər itirməsi fonunda ölkədə istehsal imkanlarının genişlənməsi, rəqabətli istehsal imkanlarının olması, yatırılan vəsaitlərin səmərəliliyinin artması xarici investorları cəlb edən amillərdir. Əgər əvvəllər Azərbaycan iqtisadiyyatına 1 milyon dollar vəsait yatıran investor 800 min manatlıq iş görə bilirdisə, indi 1,5 milyon manatlıq iş görə bilər. Məsələyə bu baxımdan yanaşsaq, ölkəmizdə xarici investorlar üçün cəlbedici amillərin olduğunu deyə bilərik. Eyni zamanda qanunvericilikdə müsbətə doğru müəyyən addımların atılması da xarici investorların Azərbaycan yatırımlarının artacağını şərtləndirir. Lakin bu qədər investisiya fonunda biz qeyri-neft sektoruna yetərincə yatırım edilməsinin şahidi olmuruq. Bunun əsas səbəbi isə ölkədə qanunun aliliyinin təmin olunmamasıdır. Buna xarici investorları inandıra bilməməyimizdir. Əgər növbəti dövrdə ölkəyə xarici investorların cəlb edilməsini, iri kooperasiyaların Azərbaycana gəlməsini istəyiriksə, o zaman biz məhkəmə institutunun yenidən təşkil olunması istiqamətində işlər aparmalıyıq və məhkəmələrin müstəqilliyini təmin etməliyik. Əgər biz investorları məhkəmələr vasitəsilə hüquqlarını tam təmin edə biləcəklərinə, mülkiyyət toxunulmazlığına inandırmasaq, hələ ki biz uzun müddət xarici investisiyaların həcmində ciddi artımlar müşahidə edə bilməyəcəyik”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkəmizə investisiya qoyuluşunun artmasının səbəbi Azərbaycanın dünyada stabil ölkə kimi tanınmasıdır:“Bunun əsas səbəbi odur ki, Azərbaycan stabil dövlətdir. Çünki investorlar üçün əsas şərtlərdən biri stabillikdir. O dövlət ki, stabildir, daxili problemləri yoxdur, qanun çərçivəsində investorun bütün şərtləri qəbul olunur, qanunlar işləyir, həmin dövlətə investisiya qoyurlar. Bu dəqiqə Qazaxıstan, Gürcüstan və başqa bəzi ölkələr güzəştlərə gedirlər ki, onlara investisiya qoyulsun. Azərbaycanda isə ötən müddət ərzində əlavə 31 faiz investisiya qoyulub. Birinci ölkəmiz stabildir, ikincisi investorlar üçün elə bir problem yoxdur, üçüncüsü isə neft-qaz ölkəsi olduğu üçün Azərbaycana maraq böyükdür. Son vaxtlar biz bir sıra fərmanlar, sərəncamlar, qanunla qəbul etmişik ki, investorlar Azərbaycana investisiya yatırsın.
Təbii ki, iqtisadiyyatında problem olmayan ölkə yoxdur və bizdə də bir sıra problemlər var. Neftin ucuzlaşması nəticəsində yaşana iqtisadi problemlər bütün ölkələrdə var. Azərbaycanda isə bu problemlərin həlli üçün yetərincə qərarlar qəbul edilib. Dünya investorları üçün stabil ölkə tapmaq çətin məsələdir və bu mənada Azərbaycan əlverişlidir. Elə Rusiya dövləti ümumilikdə Azərbaycana 3 milyard dollardan çox investisiya qoyub".
