İyunun əvvəlində Bakıda baş tutan Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan diasporunun gücləndirilməsi, ölkəmizin Qarabağla bağlı haqlı mövqeyinin beynəlxalq aləmdə müdafiə olunması, həmçinin “hücum diplomatiyası”nın həyata keçirilməsi üçün bir sıra təkliflər səsləndirildi, çağırışlar edildi.
Ali tədbirdə dünya azərbaycanlılarına, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciətlər qəbul edildi. Bundan əlavə, qurultay iştirakçıları Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul etdilər. Artıq qurultaydan müəyyən qədər vaxt keçib. Bu tədbirdə iştirak etmiş soydaşlarımız hazırda nə deyə bilərlər? Qarşıya qoyulan məqsədlərlə bağlı hansı işlər görülür, yaxud nə kimi problemlər var? Qurultay nümayəndəsi olmuş şəxslərdən bu suallara cavab istədik.

Hollandiyada mühacir həyatı yaşayan “Yeni Müsavat”ın sabiq əməkdaşı Kamal Qasımov bu barədə açıqlamasında maraqlı məqamlara toxundu: “Məsələ burasındadır ki, dövlət tərəfindən konkret strategiya hazırlanmalıdır. Heç olmasa yaxın və uzaq məqsədlər müəyyən edilməlidir. Diaspora fəaliyyətindən imtina edib lobbiçilik haqda düşünmək, bu yöndə kadrların hazırlanmasına başlamaq lazımdır”.
K.Qasımovun fikrincə, qurultayda da səsləndirildiyi kimi, dövlət olaraq əsas problemlərimizdən biri informasiya müharibəsində qarşı tərəfdən kifayət qədər geri qalmağımızdır.
Həmsöhbətimiz informasiya müharibəsində müəyyən işlər gördüklərini də vurğuladı və konkret misallar gətirdi: “Bir neçə gün öncə, daha dəqiqi, 9 iyunda Niderland Krallığının Haaqa şəhərində ”Ukrayna və Cənubi Qafqazda Demokratikləşmə" adli simpozium keçirildi. Təbii ki, bu tədbir Azərbaycan haqda fikir mübadiləsi aparmaq və qarşıya qoyduğumuz planların həyata keçirilməsi üçün göydəndüşmə imkan idi və biz də bunu dəyərləndirdik. Simpozuimda həm məruzəçi, həm də iştirakçı olan insanlarla fikir mübadiləsi apardıq. Ukraynada baş verən hadisələri yaxından izləmək imkanı olmuş və “Böyük qardaşın kölgəsi” kitabının müəllifi, jurnalist Laura Starink, eləcə də müxtəlif siyasi partiyaların gənclər təşkilatlarını təmsil edən siyasi fəallarla, o cümlədən yeni yaranmaqda olan DWARS Partiyasının nümayəndələri ilə görüş və müzakirəmiz baş tutdu. Baxmayaraq ki, informasiya texnologiyasının yüksək inkişaf etdiyi bir zamanda yaşayırıq, insanların aldığı məlumatların yanlış və ya bizim maraqlara xidmət etməyəcək bir tərzdə çatdırılmasının şahidi olduq. Təbii ki, müzakirələr zamanı bu sahədə birgə çalışmaq, informasiya mübadiləsi aparmaq üçün razılığa gəldik. Yaxın günlərdə yenidən bir araya gələcəyimiz görüşdə əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan münasibətləri, işğal edilmiş Azərbaycan torpaqları və Ermənistandan deportasiya edilmiş insanların taleyi, onların insan haqları məsələləri olacaq. Görüşün nə zaman planlaşdırılması məhz qarşı tərəfin gündəlik iş qrafikindən və yaxın zaman üçün görüləcək işlərdən asılıdır".

30 ildən çoxdur Azərbaycandan uzaqlarda yaşayan Krım-Azərbaycan İcmasının sədri Rəhim Hümbətov isə “Yeni Müsavat”a bildirdi ki, qurultayda qarşıya qoyulan məsələlərin həlli həm Azərbaycanın maraqları nöqteyi-nəzərindən, həm də diasporun inkişafı baxımından vacibdir: “Yaşanan cəmiyyətlərə uğurlu inteqrasiya bu baxımdan mühüm strateji məsələdir. Amma bəzən müəyyən diaspor aktivistləri uğurlu inteqrasiyani tam, yəni 100 faizli uyğunlaşmaq kimi anlayırlar, bu isə artıq assimilyasiya olmaq deməkdir. Uğurlu inteqrasiya lazımi səviyyədə lobbiçilik fəaliyyətinə təkan verə bilər. Şübhəsiz ki, diaspor quruculuğunda bir çox işlər görülüb, indi də bu işlər aparılır. Gənc olmasına baxmayaraq, diaspora bir sıra nailiyyətlərə sahibdir. 1-2 misalla bu uğurları xatırlatmaq istərdim. Erməni lobbisinin Xarkov vilayətində qəbul etdirdiyi ”soyqırım" qərarının bizim təşkilatın təşəbbüsü ilə ləğv edilməsi, Krım Parlamentinin analoji qərarının de-fakto ləğvi və s. rezonans doğurmuş hadisələr buna bariz nümunədir".
R.Hümbətov daha sonra əlavə etdi ki, Krımda yaşayan azərbaycanlılar son zamanlar daha da fəallaşıb. Belə ki, Krımın Azərbaycan İcması növbəti konfransını keçirəcək: “Krım Azərbaycan İcmasının 19 iyun 2016-cı il tarixli İdarə Heyətinin iclasında növbədənkənar konfransın keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Konfransın keçirilməsi bu ilin sentyabr ayına nəzərdə tutulur. Konfransda cari məsələlərlə yanaşı təşkilati məsələlərin də həlli nəzərdə tutulur”. Həmsöhbətimiz əlavə etdi ki, konfransa hazırlıq üzrə Təşkilat Komitəsinə icmanın sədri Rəhim Hümbətov, İdarə Heyətinin üzvləri Əli Orucov, Meydan Şamilov, Rövşən Tağıyev, Çapay Cəfərov, Allahverdi Tağıyev, Elməddin Orucov, Faiq Mirzəyev, Arif Sadıxov, Mehman Mamedov, Arif İbrahimov, Hikmət Hüseynov, Arif Səlimov və Ülvi Həkimov daxil edilib.
