|
Bu gün ömürlük məhbuslarla bağlı mətbuat konfransı keçiriləcək
Azərbaycan həbsxanalarında ömürlük həbs cəzasına məhkum edilmiş məhbusların taleyi suallar yaradır. Cənubi Qafqaz dövlətlərindən yalnız Azərbaycanda ömürlük cəzaların illə əvəzlənməməsi daim müzakirə mövzusu olur. Onların içərisində elələri var ki, həbsdə olduqları müddət 20 ili ötüb. 
 
İyunun 22-də, saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində ömürlük məhbusların vəkilləri və yaxınlarının iştirakı ilə mətbuat konfransı keçiriləcək. 

Hazırda ömürlük məhkumların sayı 230-240 arasıdır.
 
Bu barədə “Yeni Müsavat”a Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov məlumat verdi: “Ömürlüklərin sayı 230-240 nəfərdir. Onlar Qobustan həbsxanasının 4,5, 6 saylı rejim korpuslarında yerləşirlər. Habelə xəstə ömürlüklər 3 saylı vərəm koloniyası və tibbi müəssisədə rejimli korpuslarda yatırlar. Ömürlük azadlıqdan məhrumetmənin bütöv vaxtı ərzində 1998-2016-cı illər arası ən azı 80 ömürlük məhbus öldü. Ölümün əsas səbəbləri həbsxana xəstəlikləri və özünəqəsdlərdir. Ömürlüklərin üçdə biri keçmiş ”ömürlüklərdir". 2000-ci illərdə Ali Məhkəmə ölüm hökmü verərkən, onda heç bir instansiyaya şikayət verilməzdi. Birinci və axırıncı instansiya idi. Ona görə biz bu məhbusların hökmdən şikayət vermək hüquqlarını dəstəkləyirik. Amma təəssüf ki, ömürlüklərə  verilən hökmlərin mahiyyətinə Apelyasiya Məhkəməsi yenə də baxmaq istəmir. Biz Avropa məhkəmələrinə şikayətlər verdik, amma bir işə 21 ildən sonra baxıldı".
 
Hüquq müdafiəçisi 1998-ci ilə qədər Azərbaycanda bir ömürlük məhbusun belə olmadığını qeyd etdi:“1998-ci ilədək bizdə ömürlük həbs yox idi. Stalinin vaxtında ölüm cəzası ləğv edildi və onun əvəzinə 25 il həbs verilirdi. Gürcüstanda bütün ömürlüklərə  15 il verdilər. Özbəkistanda ömürlüklərin  işlərinə yenidən baxılıb və onların yarısına 25 il, başqalarına ömürlük verdilər. Maraqlıdır ki, Rusiya və Gürcüstanda bizdən vermiş ömürlüklər (Keıjanovski və Qeladze) orada 15 il aldılar. Azərbaycanda buna imkan vermədilər.
 
Ömürlüklərin bir hissəsi 1990-cı illərin siyasi oyunlarının qurbanlarıdır. Məsələn, vaxtı ilə Samuxun icra başçısı işləyən mərhum Vaqif Hüseynov və onun oğlu Maqsud, Qubadlının ”Qaranquş" könüllü dəstəsinin üzvləri Qayıbov, Şahmuradov, XTPD-çilərin bir qrupu Əmiraslanov və başqaları. Digər ömürlük məhbus Məmməd Məmmədovun işi çox maraqlıdır. Qarabağda ermənilərə qarşı bir dəstə təşkil elədilər, Qarabağ partizanları adı ilə. Əvvəllər onlar qanunsuz silahlı dəstə maddəsi ilə ittiham olunurdular. Amma bu maddə ancaq o qruplara aiddir ki, konstitusiya əsasında yaradılmış qurumlara hücum edirlər. Amma Məmmədin hökmündə bu maddə qalır. Avropa Məhkəməsindən sonra da Ali Məhkəmə bu maddəni götürmədi. Hazırda Məmməd silahlı qrupun üzvü kimi orada yatır. Təxminən 3 il bundan əvvəl Qobustan həbsxanasında idim. Orada nümayəndə kimi məhkəmədə iştirak etdim. Amma poçt və qohumların vasitəsilə əlaqə saxlayıram. Orada ümumi vəziyyət dözümlüdür, amma özünə qəsdlər və xəstəlikdən ölənlərin sayı az deyil. Ömürlüklər üçün nə təhsil, nə iş, nə sport var. Dörd divar arasında yatırlar. Bu, psixoloji duruma çox pis təsir edir. 2014-cü ildə biz BMT-nin komitəsində bir fərdi şikayəti-Ali Quliyev Azərbaycana qarşı- udduq. 
 
Amma nə icrasında, nə də onun vaxtından əvvəl azad olunmasında irəliləyiş var. O, 26 ildir həbsxanadadır. Halbuki 25 ildən sonra vaxtından əvvəl azad olunma hüququna malikdir. Cinayət Məcəlləsinin 57.3-cü maddəsində göstərilir ki, məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər".
 
13 ildir həbsdə olan ömürlük məhbus Məmməd Məmmədovun anası Təranə Məmmədova oğlunun Qobustan həbsxanasında ağır şəraitdə cəza çəkdiyini bildirdi: “Oğlumu xəstə məhbusun yanına salıblar. Çox ağır vəziyyətdə günlərini sayan xəstədir. Məmməd deyir ki, xəstə olduğundan pəncərəni açmıram, o da siqaret çəkəndir. Bunun özü oğluma ən ağır işgəncədir. Ömürlük məhbus ailələri olaraq Mehriban xanıma müraciət edəcəyik. Əfv, amnistiya verilir, bir dəfə də ömürlük məhbuslarla bağlı bir qərar verilsə, ömrümüz boyu duaçı olarıq. İşə yenidən baxılıb, cəzalar illə əvəzlənsə, çox ömürlüklər azad olunar”.
Cia.az