Yay fəsli bütün sahələrə olduğu kimi, müxalifətin fəaliyyətinə də ciddi təsir edir. Hər ilin bu fəslində demokratik düşərgədə heç bir aktivlik müşahidə olunmur.
Maraqlıdır, onsuz da siyasi böhrandan çıxa bilməyən demokratik düşərgə bu yayı necə keçirəcək?
Ümid Partiyasının sədri İqbal Ağazadə Ağdaşda deputat seçkiləri başa çatdığına görə bundan sonra təşkilatlanma işinə daha çox diqqət ayıracaqlarını bildirdi: “Fəaliyyətimizi davam etdiririk. Xüsusilə gənclərlə işləyirik. Yay fəsli fəaliyyətimizə heç bir təsir etməyəcək. Mütəmadi olaraq, işlərimizi davam etdirəcəyik. Seçkilər təşkilatlanma işimizə əlavə stimul verdi. İnsanlar bir komandanın necə işləyə biləcəyini gördülər. Yeni mərhələdə gördüyümüz bu kimi işləri davam etdirməyi qarşıya məqsəd qoymuşuq”.
KXCP sədri Mirmahmud Mirəlioğlu partiyanın Ali Məclisinin sessiyasına hazırlaşdıqlarını bildirdi: “İyunun 24-də Elçibəyi ziyarət edəcəyik. Həmin gün sessiyamızı keçirəcəyik. Ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran məsələlər müzakirə olunacaq. İşlərimiz mövsümi xarakter daşımır. Antiböhran Koalisiyası və Azadlıq Siyasi Partiyalar Əməkdaşlıq Mərkəzinin fəaliyyəti ilə bağlı məsələləri KXCP rəhbərliyi səviyyəsində müzakirə edib, sonra da bu barədə yekun açıqlamamızı verəcəyik. Ondan sonra dostlarımıza müraciət edəcəyik ki, onlar da öz mövqelərini bildirsinlər”.
Müsavat başqanının müavini Elman Fəttah iyunun 25-də partiya Məclisinin növbəti sessiyasının olacağını qeyd etdi: “Məclisdə ölkədəki iqtisadi-siyasi vəziyyət, böhran və Azərbaycanı gözləyən problemlər müzakirə olunacaq. Müsavat başqanının ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzəsi olacaq. Eyni zamanda Müsavat başqanının baş prokurora Panama faktları ilə bağlı göndərdiyi məktub izlənilir. Hələ də cavab verilməyib. Verilməsə, biz məhkəməyə müraciət edəcəyik. Azərbaycanda baş verən məsələləri partiyamız yaxından izləyir. Öz mövqelərimizi yeri gəldikdə ortaya qoyuruq. Fəaliyyətimiz belə də davam edəcək”.
Qeyd edək ki, günlər öncə bəzi müxalif qurumların birləşdiyi Antiböhran Koalisiyasının ADP-nin gedişi ilə bağlı dağılması haqqında məlumatlar yayıldı. Xəbəri dəqiqləşdirmək üçün koalisiyanın üzvü, “AĞ blok”un lideri Tural Abbaslı ilə əlaqə saxladıq. O, koalisiyanın fəaliyyətini dayandırmadığını bildirdi: “Yay aylarında siyasi səhnədə susqunluq olur. Nəticədə cəmiyyətin diqqətini çəkən tədbirlər, aksiyalar təşkil olunmur. Bu baxımdan ola bilsin ki, Antiböhran Koalisiyasının fəaliyyətini dayandırması ilə bağlı şayiələr yayılsın. Hər həftə iclaslarımızı keçiririk. Sonuncu iclasda ADP çıxmaq istəyini bildirdi. Koalisiya üzvləri gələn iclasa qədər Sərdar bəydən qərarını təxirə salmağı xahiş etdilər. Bu iclasda məsələ daha geniş şəkildə müzakirə olunacaq. Üzvlər ADP-nin qalmasının tərəfdarıdırlar. Hələ ki ADP-nin çıxmaqla bağlı konkret qərarı yoxdur. Amma etiraf etməliyik ki, müxalifətin durumu hazırda çox acınacaqlıdır. Biz çalışırıq gələcəyin ”AĞ" Partiyası olaraq yeni siyasi mühit yaradaq. İnsanların inamını qaytarmağa çalışacağıq. Amma yayda siyasi proseslərin səngiməsi artıq adi hala çevrilib".
Cia.az
