Bu gün C qrupunda da üçüncü turun oyunlarına yekun vurulacaq. Saat 20:00-da Ukrayna-Polşa, Almaniya-Şimali İrlandiya komandaları qarşılaşacaq.
“Avro-2012"nin iki təşkilatçı ölkəsi-Ukrayna və Polşa bu oyuna fərqli əhval-ruhiyyədə çıxacaqlar. Çünki Mixail Fomenkonun rəhbərlik etdiyi Ukrayna millisinin növbəti mərhələyə çıxmaq şansı yoxdur. Bu qrupda Polşanın və Almaniyanın 4 xalı var, Şimali İrlandiya isə 3 xalla növbəti mərhələyə çıxmaq şansını saxlayır. Almaniya ilə bugünkü oyunda heç-heçəyə nail ola bilsə, şimali irlandiyalılar da ən yaxşı üçüncü komanda kimi 1/8 mərhələyə adlaya bilərlər. Almaniyaya qalib gəlsələr, Polşa isə uduzsa, irlandiyalılar hətta qrup lideri də ola bilərlər. Amma irlandiyalılar uduzsa, Ukrayna udsa belə, Fomenkonun komandasının yenə 3-cü yeri tutmaq şansı yoxdur. Çünki ukraynalılar xalları bərabərləşən şimali irlandiyalılara uduzduğu üçün 3-cü pilləni tuta bilməz...
***
Rusiya mediasında Ukraynanın Fransanı erkən tərk edəcəyinə sevinənlər var. Bəzi media orqanlarında Ukraynanın “Eurovision” da qalib gəlməsi xatırlanır və “Avropada musiqidə birinci, Fransada futbolda birinci” kimi ironik replikalar yazılır.
Ukraynanın son dünya çempionu Almaniyaya qarşı dirənişi bu komandanın sonrakı iki oyunda uğur qazanacağına əminlik yaratmışdı. Amma Ukrayna Almaniyadan sonra(0:2) Şimali İrlandiyaya da eyni hesabla məğlub oldu.

Ukrayna mediasında da komandanın bu uğursuzluğu dərin məyusluq yaradıb. Ukraynanın Almaniya ilə oyundan sonra sanki dəyişdiyi, xarakter və komanda oyunu göstərmədiyi tənqid edilir. Ukraynanın “ua-football” portalından sitat: “Fomenkonun rəhbərlik etdiyi komanda sanki ancaq güclü rəqiblə oynamağı bacarır. Əgər rəqib Almaniya və ya İspaniyadırsa komanda parlaq və məhsuldar oyun göstərir. Amma rəqib məsələn, Slovakiya və ya Şimali İrlandiyadırsa komandada mübarizlik itir”.

Ukrayna millisinin yarımmüdafiəçisi Ruslan Rotan onlara yönəlik tənqidləri bölüşür və düşünür ki, bu gün komanda ölkənin şərəfini qorumaq üçün meydana çıxmalıdır. “Sonuncu oyunda biz özümüzün və ölkəmizin şərəfi üçün oynamalıyıq. Bu son nəticəni dəyişməsə də, bizim üçün çox şey deməkdir” deyə, 34 yaşlı oyunçu bildirib. Boqdan Butko da Polşa ilə oyunda komandasının azarkeşlər qarşısında daha yaxşı oynamağa borclu olduqlarını deyib: “Komandaya azarkeşlik etmək üçün nə qədər adam Ukraynadan Fransaya gəlib. Onların qarşısında günahkarıq. İki oyunda bir qol belə vurmamışıq. Ona görə son oyunda qalib gəlib azarkeşlərin qarşısında oynamağı bacardığımızı sübut etməliyik”.

Polşa milisinin baş məşqçisi də Adam Navalka Ukraynanın bugünkü oyuna hansı əhval-ruhiyyədə çıxacaqlarından xəbərdar olduğunu deyib. O deyib ki, Ukrayna növbəti mərhələyə çıxmaq şansını itirsə də, rəqib üçün bu, şərəf oyunu olacaq. Baş məşqçi söyləyib ki, Polşa bu oyuna ciddi hazırlaşıb, çünki komandanın qrupda hansı yeri tutacağı müəyyənləşir ki, bu da çox mühümdür". Polşa mətbuatı yazır ki, baş məşqçi bu gün start heyətdə dəyişiklik etməlidir. Çünki Lukaş Piçenko, Bartoşa Kapustki və Kjiştofa Monçinskinin hərəyə bir sarı kartı var və onları 1/8 ərəfəsi itirmək risklidir.

Yada salaq ki, Ukrayna FİFA reytinqində 19-cu, Polşa isə 27-ci yerdə qərarlaşıb. Komandalar indiyədək aralarında 7 oyun keçiriblər. 3 görüşdə ukraynalılar, 2 oyunda isə polşalılar qalib gəlib. 2 oyun heç-heçə nəticələnib.
Löv: “Dünya çempionatı ərəfəsində də belə deyirdilər”
Şimali İrlandiya ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak edir. Kim gözləyərdi ki, indi onlar hətta 18 iştirak etmək şansı da var. Axı kim inanardı ki, üçüncü tur ərəfəsi almanlarla debütant arasında cəmi 1 xal fərq olacaq. Şimali İrlandiya Polşa ilə qarşılaşmayadək 12 oyun idi ki, uduzmurdu. Polşaya minimal hesablı məğlubiyyətdən sonra Ukraynaya inamlı qələbə şimali irlandiyalılara növbəti mərhələyə yüksəlmək şansı verib. Rəqibin isə Almaniya millisi olmasına baxmayaraq, Şimali İrlandiyanın onlara da qalib gəlmək iddialarından danışırlar.

Şimali irlandiyalılar Fransada iki fərqli oyun nümayiş etdiriblər. Polşa ilə oyunda komanda sönük oynayıb, rəqib qapısına oyun ərzində çox az zərbə vurub. Amma ukraynalılarla oyunda meydanda fərqli-mübariz və dəmir xarakterli komanda vardı.
Komandanın yarımmüdafiəçisi Djoş Maqennis deyib ki, bu gün almanlara qalib gəlmək gücündədirlər. “Almaniya hər oyunda diktə edən tərəfdir və istənilən hücumda qol vurmaq bacarığı var. Bizə çətin olacağını bilirik, Almaniya çox yaxşı komandadır. Amma hər komandanın öz zəif tərəfləri var. Onlar güclüdürlər, amma şimali irlandiyalıların mentaliteti də belədir ki, biz hər oyunda qalib gəlmək istəyirik. Bilirik ki, oyun ərzində 70 faiz topa rəqib nəzarət edəcək, amma biz effektiv komandayıq, bizi sındırmaq çətindir”.

Almaniyanın baş məşqçisi Yoaxim Löv qrupdakı son oyun ərəfəsi komandasına yönəlik tənqidlərə cavab verib. Löv deyib ki, komandasında lider olan futbolçunun olmaması barədə iddialar onu narahat etmir, əksinə, keyfini açır: “Bu çox gülməlidir. Dünya çempionatı ərəfəsində də belə deyirdilər. Amma biz dünya çempionu olduq. İndi bir dəfə heç-heçə oynadıq (Polşa ilə oyun nəzərdə tutulur-N.S.) deyə, yenə həmin söz-sohbətlərə qayıdıblar. Ötən həftə komandanın müdafiə xətti haqqında tənqidi danışırdılar, indi isə hücum xəttində problemlər olduğu haqda”.

Baş məşqçi deyib ki, Polşa ilə oyunda heç-heçənin səbəbini bilir: “Səbəb o deyil ki, parlaq hücumçu yoxdur. Sadəcə, biz rəqibin cərimə meydançasına lazımi səviyyədə hücum təşkil etmədik”.

Şimali İrlandiya ilə oyuna gəlincə, gözlənilir ki, favorit Almaniya olsa da, Lövün komandası qalib gəlmək üçün xüsusi cəhdlə irəli atılmayacaq. İrlandiya da almanlarla oyunda heç-heçəyə nail olsalar, növbəti mərhələyə yüksəlmək şansı əldə edəcəklər.
Almaniya FİFA reytinqində 4-cü yeri tutur, Şimali İrlandiya isə dünya komandaları sırasında 25-ci pillədədir. Almaniya və Şimali İrlandiya indiyədək 7 oyunda qarşı-qarşıya gəliblər. 4 oyunda güclü tərəf almanlar olub, 3 oyunda isə heç-heçə qeydə alınıb.
cia.az
