Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən çıxarılarkən onun həbs edilməsi xəbəri yayılmışdı. Lakin sonradan bu məlumat təsdiqini tapmadı. Bu gün də sabiq nazirin statusu bilinmir. “MTN işi” üzrə 20-yə yaxın yüksək çinli xüsusi xidmət orqanı zabitləri, generallar həbs ediliblər. Eldar Mahmudovun adı həmin tutulan şəxslər siyahısında yoxdur.
İş üzrə 1 şəxs ev dustağı, 1 şəxs isə qaçaq kimi axtarışdadır. Ev dustağı olan MTN-in Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, axtarışda olan isə Eldar Mahmudovun badə yoldaşı, sahibkarları MTN-çilərin toruna salmaqda ad çıxaran “Akula” ləqəbli Akif Mustafayevdir.
Göründüyü kimi, Eldar Mahmudov “MTN işi” üzrə təqsirləndirilən, ev dustaqlığında olan, axtarışa verilmiş şəxs də deyil.
E.Mahmudovun “MTN işi” üzrə hazırda hansı statusda prosesə cəlb edilməsi haqda istintaqın rəsmi mövqeyi də mövcud deyil...
Maraqlıdır, niyə bu haqda ictimaiyyətə açıqlama verilmir?
Deputat Fəzail Ağamalı deyir ki, iş üzrə istintaq ölkə prezidentinin nəzarəti altındadır: “Eldar Mahmudovun barəsində konkret qərarın qəbul edilməməsinin istintaq tədbirləri ilə bağlı olduğunu düşünürəm. Əminəm ki, istintaq başa çatandan sonra Azərbaycanın qanunları çərçivəsində Eldar Mahmudov da cəzasını alacaq. Buna şübhəniz olmasın”.
F.Ağamalı istintaqın gedişatından məlumatsız olduğunu diqqətə çatdırdı: “Sadəcə olaraq, proseslərin məntiqinə söykənərək bu nəticəyə gəlmişəm ki, istintaq gedir. İstintaq birbaşa Eldar Mahmudovla bağlıdır. Onun ətrafında da araşdırmalar gedir. Görünür, məsələ düşündüyümüz qədər sadə deyil. Ona görə də Eldar Mahmudovun barəsində söz-söhbətin yaranması üçün şərait var. İstintaqın nəticələri bəlli olduqdan sonra onunla bağlı vəziyyət aydınlaşar”.
F.Ağamalı qəzetimizə ötən açıqlamasında “Qətiyyən şübhə etmirəm ki, bütün bu olaylarda Eldar Mahmudovun birbaşa günahı var, bütün bu proseslərə o rəhbərlik edib” demişdi.
Deputatın belə bir şəxsin azadlıqda gəzməsinə, ümumiyyətlə, onunla bağlı rəsmi qurumların susqunluq nümayiş etdirməsinə münasibəti belə oldu: “İstintaqın gedişinə müdaxilə etmək istəmirəm. Bildiyim budur ki, istintaq ciddi və obyektiv şəkildə davam etdrilir. Bu birmənalıdır”.
Tanınmış hüquqşünas, “Viza” hüquq firmasnın rəhbəri Aslan İsmayılov E.Mahmudovun azadlıqda qalaraq barəsində rəsmi qurumların susqunluq nümayiş etdirməsini onun qol qoyduğu cinayətləri təkbaşına törətməməsi ilə izah edir.
Deyir ki, E.Mahmudov həbs ediləcəyi təqdirdə onun qanunsuzluqlarını öz imzaları ilə təsdiqləyən prokurorluq və məhkəmə sistemi rəsmiləri də cəzalandırılmalıdır: “Axı Eldar Mahmudovu necə tutsunlar, o, sabah deyəcək ki, mən heç nəyi təkbaşına etməmişəm. Eldar Mahmudov adamları qanunsuz həbs edib, istintaq aparıb. İstintaqa nəzarət edənlər hara baxıb? Məhkəmə hakimiyyəti də həmin qanunsuzluqları öz hökmlərində qanuni don geydirməklə təsdiqləyib. Bu gün Eldar Mahmudovu həbs etsələr, o da deyəcək ki, həmin adamlar da gəlib cavab versinlər. Çünki bu qanunsuzluqları birgə etmişik”.
A.İsmayılov deyir ki, əgər siyasi hakimiyyət iş üzrə həbslərin davam etdrilməsini, bütün günahı olan şəxslərin həbs edilməsini tələb etsə, hazırda həbs edilənlərdən qat-qat çox vəzifə daşıyıcısı tutulmalıdır:“Rəhbər vəzifədə olub qanunsuzluqlara, cinayətlərə göz yumanları da həbs etməlidirlər. Eldar Mahmudovun, onun dəstəsinin cinayətləri bağışlanılası cinayətlər deyil və kifayət qədər çoxdur. Mahmudov istəsəydi belə o qədər cinayəti təkbaşına törədə bilməzdi. Problem ondadır ki, Eldarı cəlb etsələr, o da özünün ranqında olanların həbsini tələb edəcək”.
A.İsmayılov deyir ki, “MTN işi” üzrə həbs edilən sabiq MTN-çilər həbs edildikdən sonra E.Mahmudovla bağlı ifadələr veriblər: “Əminəm ki, bu gün həbsdə olan MTN-çilər ifadələrini çoxdan veriblər. Heç ifadə verməsəydilər belə orada baş verənlər hamıya bəlli idi. Eldar Mahmudov, onun əlaltıları həmin cinayətləri 1 günun içində deyil, illərlə törətməkdə davam ediblər. Mənim özümlə bağlı da 10 dəfə cinayətləri olub. Əgər o dəstə ifşa edilməsəydi, bu gün mən də həbsdə olardım. Yəni onlar bu cinayətləri istəsəydilər belə gizlədə bilməzdilər”.
