Türkiyə son günlərdə gərgin münasibətdə olduğu Rusiya ilə əlaqələri bərpa etmək üçün ciddi cəhdlər edir. Bu, Türkiyə hökumətinin təmsilçilərinin açıqlamalarından açıq şəkildə sezilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın Amerikadan qayıdarkən təyyarədə verdiyi açıqlamada, eləcə də, Rusiya Günü ilə bağlı Türkiyə prezidenti və baş nazirinin rusiyalı həmkarlarına göndərdikləri məktublarda barışıq mesajlarını təxmin etməmək mümkün deyildi. Artıq demək olar ki, qardaş ölkə şimal qonşumuzla münasibətləri istiləşdirmək üçün mümkün olanı edib.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə tərəfi mümkün variantların hamısından istifadə edib: “Çox təəssüflər olsun ki, top onlar tərəfdə olmasına baxmayaraq, Rusiya münasibətlərin normallaşması üçün bir işartı belə buraxmır. Sərt tələblərindən əl çəkmir. Təyyarənin vurulmasına görə üzr istənilməsi, təzminat verilməsi və təyyarəni vuran şəxslərin cəzalandırılması tələbləri var. Bunlar çox ağır şərtlərdir. Əslində ortaq komissiyasının qurulması təklifi Türkiyənin ən böyük güzəştidir. Hər iki ölkənin ekspertləri məsələləri daha dərindən araşdıra bilərlər. Dövlətlər də buna uyğun şəkildə siyasət apararlar. Türkiyə Rusiyadakı səfirini də dəyişdi. Yeni səfir müəyyən mesajlar verə bilər. Düşünürəm ki, Türkiyənin cəhdləri nəticəsiz qalmayacaq, sonda Rusiya barışığa getməyə məcbur olacaq. Çünki hazırkı vəziyyəti çox ağırdır. Avropa Birliyi ilə münasibətlər gərgin, Amerika ilə bundan da gərgindir. Üstəgəl Türkiyə ilə yaşanan gərginlik onları ağır vəziyyətə salır. Rus hakim dairələri ağıllı başla düşünüb, Putinə müəyyən məsləhət verməlidirlər. Məntiq bunu deyir. Münasibətlərin normallaşması üçün Türkiyənin ”yol xəritəsi" də ola bilər. Son gəlişmələr xəritənin olmasından xəbər verir. Bundan sonra hansı addımların qaldığını demək çətindir. Pilotun vurulması ilə bağlı açıqlama verilə bilər. Çünki təyyarənin vurulması düzgün idisə, pilotun öldürülməsi yanlış idi. Düzdür, burada türk hərbiçilərin günahı yoxdur. Türkmən silahlıları önə çəkilir. Yəni Türkiyə bu məsələdə məsuliyyət daşımır. Təyyarəçilər öldürülməsəydi, Türkiyə-Rusiya münasibətləri bu qədər gərginləşməzdi. Bu baxımdan qardaş ölkənin açıqlamasının yeri var. Amma növbə artıq Rusiyanındır. Çünki Türkiyə bundan artıq güzəştlər edə bilməz".
Politoloq rus siyasətçilərin yanlış açıqlamalar verdiklərinə də toxundu: “Məsələlərə bu cür yanaşmaqla Rusiya problemlərini həll edə bilməyəcək. Bu problemdə bir tərəf tam qalib ola bilməz. Sadəcə ortaq məxrəclər tapılmalıdır. Rusiya Türkiyəni aşağılamaqla heç nəyə nail ola bilməyəcək. Rus televiziyaları və mətbuatı daim Türkiyənin ünvanına təhqirlər səsləndirirlər, İstanbulu alacaqlarını, Türkiyədə kürd və erməni dövlətləri yaradacaqlarını deyirlər. Kreml istəsə, bu fikirlərin səsləndirilməsinə mane ola bilər. Demək Türkiyənin aşağılanması onlara sərf edir. Amma itirdiklərinin fərqində deyil.
Doğrudur, qardaş ölkə də az şeylər itirmir. Amma indiki vəziyyətdə türk iqtisadiyyatı ruslardan daha üstündür, iqtisadi artımlar var. Rusiya isə tənəzzülə doğru gedir. Vəziyyətin bu cür qalmasından ən çox ruslar əziyyət çəkirlər. Təəssüf edirəm ki, Rusiyada məsələyə strateji tərəfdən yanaşan siyasətçilər yox dərəcəsindədir. Yalnız Putinin yaxın dostu sayılan keçmiş maliyyə naziri Qərbdən gələn sanksiyaların qarşısının alınmasından danışır, amma onun fikirlərinə məhəl qoyan yoxdur.
Əminəm ki, Türkiyə ilə münasibətlərin düzəlməsi ilə bağlı onun maraqlı fikirlər var. Bu cür danışan siyasətçilər azdır. Türk mediası məsələyə soyuqqanlı yanaşır. Bir dənə də olsun Rusiya əleyhinə təhqir yoxdur. Rusiya mətbuatı və kanalları isə PKK-ya silah satılmasının vacibliyindən danışır. Nəticədə münasibətlər gərginləşir. Əslində hər iki ölkə arasında münasibətlərin düzəlməsi bölgə üçün də xeyirdir. Amma təəssüflər olsun ki, Rusiya hələ bu qapını bağlı saxlayır”.
