|
“Rusiyanın Qarabağa dair həll formulu çoxdan hazırdır”
İyunun 20-də Sankt-Peterburq şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu görüş, Rusiya ilə Ermənistanın davasının növbəti mərhələsidir:

“Ermənistan iki dəfə Vladimir Putini açıq şəkildə iqnor edib. Sonuncu imtina 2010-cu ilin sentyabrında Soçidə keçirilən prezidentlərin üçtərəfli görüşündə baş verdi. O zaman Putin Rusiyanın Dağlıq Qarabağ məsələsində xüsusi status istədi. Söylədi ki, Qarabağ münaqişəsi SSRİ dövründə yaranıb və həm Ermənistan, həm də Azərbaycan xalqlarının Rusiya ilə çoxəsrlik əlaqələri var. Bildirdi ki, ona görə gərək Rusiya bu məsələ ilə xüsusi məşğul olsun. Azərbaycan prezidenti bununla razılaşsa da Ermənistan imtina etdi. Qarabağ ermənilər üçün həm də böyük bir konfliktogen resursdur. Ermənilər Qarabağ məsələsini saxlamaqla göstərirlər ki, Rusiya heç kimdir. Bu baxımdan Ermənistan regionda Rusiyaya qarşı mübarizə aparmaq istəyən güclərə sanki bəyan edir ki, onlara qarşı vuruşmağa hazırıq. Bütün bunlarda Sank-Peterburq görüşünə Rusiya və Ermənistan arasındakı mübarizənin növbəti mərhələsi  kimi yanaşmaq lazımdır. Əgər Rusiya Ermənistanı əyə  biləcəksə, Qarabağ məsələsi həll olunacaq. Qarabağ məsələsinin həll olunması ilə bağlı isə Rusiyanın formulu  çoxdan hazırdır”.

Politoloqun sözlərinə görə, Putinin ortaya qoyduğu tələb 7 rayonun Azərbaycana, məcburi köçkünlərin öz yurdlarına qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına başlanılmasıdır: “Rusiya ilə Ermənistanın arasında ədavət  o qədər kəskindir ki, Putin, hətta Rusiyanın xarici işlər nazirini oyundan çıxardı. Çünki xarici işlər naziri demək olar ki, hər zaman Putini bu məsələdə aldadıb. Onların böyük əksəriyyəti ermənilərdir və ermənilərin xeyrinə olan fikirlər bildirib, fəaliyyət qurublar. İndi Putin sanki ayılmış kimi görülür. Çox kəskin bir vəziyyətdir. Əgər Putin dinc yolla Ermənistanın boynuna bildiklərini qoya biləcəksə, Dağlıq Qarabağ məsələsi qısa zamanda həll olunacaq. Ermənistan  bu dəfə də imtina edəcəksə, hesab edirəm ki, Qarabağda 7-10 günlük müharibə başlayacaq. Bu dəfə isə Rusiya prosesə bir müddət qarışmayacaq. Azərbaycan ordusunun da vəziyyəti hər kəsə bəllidir və belə qərar olacaqsa, nəticəni düşünmək elə də çətin deyil”.

Lakin M.Əhmədoğlu hesab edir ki, Rusiyanın Azərbaycana doğru addımlarını güzəşt hesab etmək olmaz:“Rusiya Ermənistana təzyiq edərsə belə, Azərbaycana güzəştə getmiş sayılmır. Sadəcə olaraq  beynəlxalq hüququn tələblərinə uyğun davranır. Sırf Rusiya-Azərbaycan münasibətlərinə gəlincə isə hesab edirəm ki, ölkəmiz qarşı tərəfin hansısa məlum layihələrinə üzv olmağa məcbur edilməyəcək. Rusiya Azərbaycanla düşmən olarsa, Yaxın Şərqdə heç bir iş görə bilməz. Hazırda İran, Türkiyə Rusiyadan  narazıdır. Əgər Azərbaycan da Rusiyadan haqlı narazılar sırasına qoşularsa, iki-üç il ərzində regionda Türkiyə, İran və Azərbaycan ittifaqı yarana bilər. Bu ittifaq isə təbii ki, Rusiyanın əleyhinə olacaq. Bu baxımdan Rusiyanın Yaxın Şərqdə siyasətini aparması üçün ən vacib aləti Azərbaycanla münasibətləridir. Rusiya maraqlıdır ki, Azərbaycan dövlət olaraq güclənsin. Azərbaycanı  öz təsirinə salmaqla Yaxın Şərqdə istədiyini edə bilməyəcəyini şimal qonşumuz yaxşı anlayır. Buna görə də Rusiya-Azərbaycan münasibətlərinin perspektivi elədir ki, burada misal üçün, Avrasiya Birliyinə, Gömrük İttifaqına üzv olmaq heç nəyi dəyişməz”.