Azərbaycan müxalifətinin daha bir koalisiyası dağılma təhlükəsi ilə üzləşib. 10-a yaxın partiyanın ötən ilin dekabrındakı manatın devalvasiyasından az sonra yaratdığı Antiböhran Koalisiyasından qopmalar başlayıb. Bir müddət əvvəl Ümid Partiyası Koalisiyanı tərk edib.
Bu günlərdə isə ADP sədri elan etdi ki, Koalisiya artıq öz vəzifəsini yerinə yetirmiş bir təşkilatdır və buna görə ADP orada qalmamaq qərarındadır. Azadlıq Partiyasının sədri Əhməd Oruc da Sərdar Cəlaloğlunun mövqeyinə yaxın və bir qədər sərt mövqe bildirib. O qeyd edib ki, Antiböhran Koalisiyası istənilən effekti verməyib və aktuallığını itirib. Bir sözlə, böyük ehtimalla yaxın vaxtda cəmiyyət daha bir müxalifət birliyinin tarixə qovuşacağına şahidlik edəcək.
Azərbaycanda partiyaların birliklərinin uzunömürlü olmaması və qısa zamanda dağılmasının kökündə nələrin dayandığına gəlincə, bu barədə “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, bu tendensiyanın kökü müəyyən qədər 1988-ci ildə başlayan xalq hərəkatı dövrünə gedib çıxır.
Çünki ayrı-ayrı liderlərin ambisiyaları üzərindən o zaman da milli azadlıq hərəkatının vahid ideologiyasını, vahid hədəflərini, taktiki və strateji gedişlərin ümumiliyini təmin etmək mümkün olmurdu: “Məsələn, meydan hərəkatının özündə zahirən yekdillik görünsə də onun içərisində liderlər arasında bir sıra taktiki məsələlərdə fikir ayrılıqları mövcud idi. Sonradan bu fikir ayrılıqları Xalq Cəbhəsinin hətta İdarə Heyətinin parçalanmasına, onun içindən sosial demokratların çıxmasına, sonradan isə bir qrup insanın oradan uzaqlaşıb AMİP-i yaratmasına gətirib çıxardı. Bu gün demək çətindir ki, partiyalaşma prosesi həmin dövrdə labüd idi, ya yox. Zənnimcə, o dövrdə hələ hərəkat öz hədəflərinə çatmadığından birdən-birə möhtəşəm Xalq Cəbhəsi hərəkatının partiyalaşma dövrünə qədəm qoyması və yaxud da ayrı-ayrı liderlərin ambisiyaları üzündən bu prosesin getməsi bütövlükdə hərəkatın son məqsədinə çatmasını nəinki çətinləşdirdi, hətta heçə endirdi”.
Ekspertin fikrincə, məsələnin ikinci tərəfini siyasi mədəniyyətin hansı səviyyədə olmasında axtarmaq lazımdır: “Yəni Azərbaycan totalitar bir cəmiyyətdən sıyrılıb çıxmışdı, siyasi proseslər hələ rüşeym halında inkişaf edirdi. Bu səbəbdən də həm insanların siyasi intellektual səviyyəsi, həm də onların siyasi mədəniyyəti qeyri-yetkin səviyyədə idi. Bu nöqteyi-nəzərdən də bəzən hətta ən aydın məsələyə belə, fərqli münasibətlərlə rastlaşmaq mümkün idi. Formalaşmamış siyasi ənənələrin olmaması, siyasi mədəniyyətin qeyri-yetkinliyi bu vəziyyəti yaradırdı. Siyasi mədəniyyət həm də qeyri-yetkin siyasi mühitlə də bağlı idi. O zamanlar yeni inkişaf etməyə başlayırdı və o səbəbdən də qeyri-yetkin idi. Normal, sağlam, ambisiyaların meydan sulamadığı, dəqiq milli dəyərlərin, milli hədəflərin mövcud olduğu siyasi mühitdə mərkəzdənqaçma meylləri ya olmur, ya da nadir hallarda baş verir. Deməli, həm siyasi mədəniyyətin yetərsizliyi, həm də formalaşmamış siyasi mühit özü də mərkəzdənqaçma meyllərini şirnikləndirən amillərdən biri idi”.
İndiki şəraitə gəldikdə, Q.Hüseynlinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, ittifaqlar yaradıb az sonra ayrılan partiyaların əksəriyyəti məhz xalq hərəkatında çıxmış qüvvələrdir. Xalq hərəkatı hələ bütün hədəflərinə çatmamış sürətli partiyalaşma prosesinin getməsinin ziyanlarını bu gün də görməkdəyik: “Bu gün dövlət qeydiyyatına alınan partiyaların sayı 55-dir. Azərbaycan kimi kiçik bir ölkədə bu qədər partiyanın mövcud olması nonsensdir. Bu qədər partiyanın olması yaranan birliklərin sıralarından qopmaların tez baş verməsi və birliklərin tezliklə dağılmasına təsir göstərir. Onu da nəzərə almaq lazımdır ki, bu partiyaların böyük əksəriyyəti ideologiya ətrafında formalaşmış partiyalar deyil, liderlər ətrafında formalaşmış partiyalardır. Onların bir çoxunun üzvlərinin real sayı əslində partiya yaratmaq üçün lazım olan normanı təmin etmir. Qəribədir ki, belə partiyaların hansısa birlikdən çıxmaları ilə həmin birlik dağılmış elan olunur. Bəşər tarixində mövcud olan ideologiyalar sağçı, sağ mərkəzçi, mərkəzçi, solçu, sol mərkəzçi olmaqla təxminən beş ideoloji baxışlar sisteminə ayrılır. Bu beş tendensiya ətrafında da partiyaların formalaşması təbiidir. Azərbaycanda partiyaların yaranmasının daha çox liderə əsaslanması faktoru da həmin partiyaların yaratdıqları birliklərin, koalisiyaların qısa zamanda dağılmasında rol oynayır. Təəssüf ki, Azərbaycanda siyasi partiyaların blok, koalisiya qurmalarında və az sonra həmin birliklərin dağılmasında da siyasi liderlərin ambisiyaları çox şeyi həll edir. Ən kiçik məsələlər üstündə onlar uzun sürən əhəmiyyətsiz polemikalar açırlar, hər kəs öz mövqeyini qəbul etdirməyə çalışır. Lider incidisə, onun partiyasının üzvlərinin nə cür düşünməsindən asılı olmayaraq o partiya birlikdən çəkilir. Blokların, koalisiyaların tez dağılmasında həmin birliklərdə müəyyən daxili və xarici güclərin təsiri altında olan partiyaların mövcudluğu amilinin də rol oynadığını istisna etmirəm”.
Həmsöhbətimiz vurğuladı ki, inkişaf etmiş demokratiya ənənəsi olan ölkələrdə partiyalar sayları ilə deyil, keyfiyyətləri və cəmiyyətə təsir imkanları sayılıb seçilirlər. Bu nöqteyi-nəzərdən Azərbaycanda da partiyaların siyasi inteqrasiyasına, hətta birləşməsinə, hətta bəzilərinin siyasi səhnədən yavaş-yavaş uzaqlaşmasına ehtiyac duyulur.
