|
15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı məhkəmə prosesi başlayır.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

Cinayət işi üzrə məhkəmə qarşısına beş nəfər çıxarılıb – binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Yanğın nəticəsində aralarında uşaqlar da olmaqla, 15 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.

Cia.az