|
Bakıda gürcülərdən ibarət oğru dəstələr niyə çoxalıb?
Bakıda son zamanlar müxtəlif cinayət əməlləri törətdiyinə görə həbs olunan Gürcüstan vətəndaşlarının sayı artıb. Bu barədə konkret olaraq hansısa bir statistikaya istinad etməsək də, hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatlardan bu qənaətə gəlmək olar.
 
 Mağazalardan və mənzillərdən oğurluq edən, hətta insan oğurluğu kimi cinayət əməllərinə görə həbs edilən gürcülərin əsasən qrup şəklində fəaliyyət göstərdiyi görünür.
 
“Bakıda gürcünü girov götürən gürcülər tutuldu”, “Gürcülərdən ibarət cibgir dəstəsi tutulub”, “Mənzillərə qənim kəsilən gürcülər tutuldu” kimi başlıqlı yazılar yerli mətbuatın gündəmində tez-tez yer alır. 
 
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı məlum olur ki, törətdikləri müxtəlif cinayət əməllərinə görə saxlanılan Gürcüstan vətəndaşlarının əksəriyyətinin əvvəllər də məhkumluq həyatı yaşayıblar. Bu da onu göstərir ki, Azərbaycana gələn bu şəxslərin kriminal keçmişi ya araşdırılmır, ya da bu məsələyə məsuliyyətsiz yanaşılır.
 
Bəzən Gürcüstanda müxtəlif cinayət əməli törətmiş şəxslərin Azərbaycana keçmək istəyərkən qonşu ölkənin sərhədinə saxlanılması ilə də bağlı rəsmi məlumatlar yayılır. Görünür, Gürcüstanda törətdikləri cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq istəyən şəxslər arasında sığınacaq olaraq Azərbaycanı seçmək istəyənlər də var.
 
Bəs görəsən bu cür kriminal dəstələrin Azərbaycana gəlməkdə marağı nədir? 
 
Ekspertlərin fikrincə, buna əsas səbəb Mixail Saakaşvili dönəmində Gürcüstanda qanunların sərtləşdirilməsi, əvvəllər ölkədə meydan sulayan kriminal dəstələrin, avtoritetlərin fəaliyyətinin sıfıra endirilməsi, onlar üzərində qurulan basqıların çoxalmasıdır. Artıq hər bir sahədə qanunların danışdığı Gürcüstanda kriminal dəstələrin üz tutduğu əsas ölkələr sırasında ilk yerdə Rusiya var. Onların bir qismi isə Azərbaycanı seçir.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli mövzu ilə bağlı musavat.com-a danışıb.
Z.Məmmədli deyir ki, Gürcüstanda da kriminal dəstələr var və onların sırasına qoşulan azərbaycanlılar da az deyil.
 
“Dünyanın hər bir ölkəsində oğurluq hadisələri olur və onlar qanunla cəzalandırılırlar. Azərbaycanın özündə də hər gecə müxtəlif cür cinayət hadisələri baş verir. Bu cür hadisələr etnik, kimlik tanımır. Ancaq Gürcüstanda qanunun aliliyi təbii ki, var. Saakaşvili dövründə hüquqi dövlət qurulub. İndi də bu qoyulmuş ənənə davam etdirilir. Statistikaya baxsaq son zamanlar Azərbaycandan Gürcüstana istirahətə gedənlərin, investisiya qoyanların sayının 10 il bundan əvvəlkinə görə xeyli sayda artdığını da görə bilərik. Ancaq hazırda Gürcüstanda demokratik vəziyyətin kriminal dəstələrin başqa ölkələrə getməsinə necə təsir etdiyini demək çox çətindir. Məlumdur ki, qanunun ali olduğu yerdə insanlar rahat şəkildə yaşayır. Gürcüstanda da kriminal dəstələr var. Hətta onlarla iş birliyində olan azərbaycanlılar da var. Bakının özündə də oğurluq edən quldur dəstələr var. Bu dəstələr arasında azərbaycanlılar, Borçalıdan olanlar da az deyil. Ancaq bunları sistemləşdirib ”gürcülərin sayı artıb" demək məncə doğru deyil. Qanunun ali olmadığı, Azərbaycan kimi cəmiyyətlərdə qanundan kənar əməllərə meyillilik çox olur"- deyə Z.Məmədli bildirdi.
 
Təşkilat rəhbəri deyir ki, qanunun ali olmadığı ölkələrdə insanların kriminal hadisələrə, qanunsuzluqlara meyli daha çox olur: “Çünki qanunla onların sosial müdafiəsi, həyat şəraiti təmin olunmadığından onlar qanundan kənar hallara yol verirlər. Qanunun ali olduğu ölkələrdə kriminal hadisələrin, xüsusilə də oğurluq hallarının statistikası həmişə aşağı olur. Məsələn, Avropa ölkələrində bu cür hallar çox nadir hallarda müşahidə olunur. Ən çox kriminal hadisələr isə avtoritar ölkələrdə müşahidə olunur. Avropa dəyərlərinə meylli bir cəmiyyət qurmaq istəyən ölkələrdə kriminal hadisələrin azalması müşahidə olunur”.
Cia.az