|
Əli Həsənov insan haqlar və reket mediadan danışdı
İyunun 16-da Milli Məclisdə (MM) parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə “18 iyun Azərbaycan Respublikasında İnsan huquqları Günü” mövzusunda dinləmələr keçirilib.
 
Dinləmələrdə deputatlar, qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri, ombudsman, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov  iştirak edib. Tədbiri açan MM sədrinin müavini Bahar Muradova bildirib ki, son illərdə parlament tərəfindən çox gözəl bir ənənə formalaşdırıb, ölkəni və dünyanı əhatə edən müxtəlif məsələlərlə bağlı ictimai müzakirələr, dinləmələr təşkil olunur. “Bu, həm də ictimaiyyətlə, qeyri-dövlət təşkilatlarının təmsilçiləri ilə öz-özlüyündə məsləhətləşmə xarakteri daşıyır. Biz burada mövcud vəziyyətlə bağlı durumu dinləyir, öz istəklərimizi ifadə edir, eynin zamanda bu müzakirələrdən səmərəli şəkildə faydalanmağa çalışırıq”. 

“SSRİ-də əmək, sosial hüquqlar əksini tapmışdı, ancaq ümumilikdə insan hüquqları ritorikadan başqa bir şey deyildi”. Bu fikirləri isə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. Aparatı rəhbəri insan hüquqlarının daim inkişaf edən sahə olduğunu vurğulayıb: “Hər yeni nəsil yeni problemlər gətirir. İnsan hüquqları ilə məşğul olan insanlar heç vaxt sakit dura bilməzlər və biz də bu problemləri həll etməliyik. Mən sevinirəm ki, Azərbaycanda çoxlu sayda QHT yaranıb və insanlar üçün çalışır. Ölkə rəhbərliyi də insan hüquq və azadlıqları sahəsində problemlərin həllini diqqətdə saxlayır. Qeyd etmək istəyirəm ki, Milli Məclis Aparatı insan hüquqlarına zidd olan heç bir qanunu qəbul etməyəcək”. 

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bir sıra aktual məsələlərə toxunub: “Müstəqillik illərinin ilk vaxtlarında Azərbaycan xalqının hüquq və azadlıqları pozulub. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilərkən insanların hüquq və azadlıqları pozulub. Bir milyona yaxın insan yurd-yuvalarından çıxarılıb. Təəssüf ki, beynəlxalq təşkilatlar buna qiymət vermir”. Report.az-ın xəbərinə görə, PA rəsmisi bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra təmin edilən ictimai-siyasi sabitlik demokratik və hüquqi dövlət quruculuğunun başlanmasına şərait yaratdı: “Xaos və anarxiyanın, vətəndaş cəmiyyəti müharibəsinin aradan qaldırılması ölkənin inkişafına təkan verdi”.
 
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün münbit şərait var: “İndi media orqanı təsis etmək çox asandır. Media orqanı yaratmaq istəyən şəxs Ədliyyə Nazirliyinə müraciət edir və 7 gün müddətinə ona cavab verilir. Azərbaycanda sosial şəbəkələrdən də istifadə genişlənib. Ölkə əhalisinin 75 faizi gündəlik internet istifadəçisidir. Ölkədə 1 milyon 200 min nəfər facebook sosial şəbəkəsindən istifadə edir. Bütün bunlar Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinin göstəricisidir”.
 
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda şəhər və rayon icra hakimiyyətləri sərbəst toplaşma azadlığını təmin etmək üçün mitinqlərin keçirilməsi üçün əlverişli qapalı və açıq yerlər ayırır: “Azərbaycanda 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün bütün addımları atır, onların maliyyələşməsini həyata keçirir”.
 

Əli Həsənov: “Azərbaycanda məmurun məsuliyyəti olduğu kimi, jurnalistlərin də məsuliyyəti var”

 
Prezidentin köməkçisi medianı məsuliyyətli olmağa da dəvət edib. (gün.az) Dövlət rəsmisi bu yaxınlarda onunla bir nazirin arasında olan dialoq haqqında danışıb. “Bugünlərdə bir nazir mənə zəng edərək qəzetlərdən birində onun təhqir olunduğunu bildirdi. Həqiqətən də həmin yazı başdan ayağa böhtan idi. Mən də ona təklif etdim ki, məhkəməyə müraciət etsin. O da dedi ki, ”işimi-gücümü atıb məhkəməyə müraciət etməyəcəm ki..." Sonra maraqlanıb öyrəndik ki, həmin jurnalist haqqında ən azı 15 məhkəmə işi var. Nə edək, bu adam özünü dəlioğlanlığa vurub. Azərbaycanda məmurun məsuliyyəti olduğu kimi jurnalistlərin də məsuliyyəti var və bu məsələlərdə hər kəs öz məsuliyyəti çərçivəsində hərəkət etməlidir", - Ə.Həsənov deyib.
 
Ə.Həsənov qeyd edib ki, bu gün reketçiliklə məşğul olan jurnalistlər az deyil: “Bunu siz də bilirsiz. Bu anlamda insan hüquqları sözün həqiqi mənasında ictimai davranış normasının dolğunluğundan, təkmilliyindən asılıdır. İctimai davranış normaları hamımızın qanun səviyyəsinə çıxardığımız, o cümlədən normal sayılan davranış qaydalarıdır. Jurnalistin, millət vəkilinin və digərlərinin davranış qaydaları var. Davranış normalarının ortaq xətti məhz insan hüquqlarının təmin olunması üçün dolğun şəraitin yaradılmasıdır. Hakimiyyət qanadı olaraq, həm qanunverici orqan olaraq daxil olan təşəbbüsləri və təklifləri ümumiləşdirib ümumi ictimai davranış qaydaları səviyyəsinə qaldırıb qanunvericilik təsviri kimi həyata keçiririk. Biz icra orqanları maksimum şəkildə çalışırıq ki, həm qanunlarda təsbit olunmuş, həm də təsbit olunmamış, vətəndaşlardan gələn fikirləri ümumiləşdirib cəmiyyətin dolğun idarəçilik ilə bağlı məsələləri həll edək. 
 
Məhkəmə hakimiyyəti müvafiq olaraq vətəndaşların məhkəməyə azad müraciət etmək hüququnu dolğun təmin etməli, insanların icra, qanunvericilik strukturundan və QHT-lərdən şikayət etmək hüququnu dolğun təmin etməlidir". 
 
İşğalçı Ermənistan dövləti tərəfindən Kəlbəcər rayonunda Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb, bir vətəndaşımız isə qətlə yetirilib. Hər iki şəxsin azad edilməsi istiqamətində komissiya tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla iş davam etdirilir. Bunu isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. (APA)
 
İ.Axundov bildirib ki, bu il aprelin 2-5-də itkin düşmüş hərbçilərlə bağlı İşçi Qrupu fasiləsiz iş rejimində çalışıb: “Həlak olmuş 19 erməni hərbçinin meyiti qarşı tərəfə verilib, 13 Azərbaycan hərbçisinin meyiti alınıb”. 
 
Onun sözlərinə görə, hazırda İşçi Qrupu Ermənistanın insan haqlarını pozması məsələsini beynəlxalq təşkilatlarda gündəliyə gətirməyə çalışır: “Bu məqsədlə GUAM-a da müraciət edilib. GUAM-da İşçi Qrupun yaradılması da nəzərdə tutulub. Hazırda 3803 nəfər əsir və girov kimi komissiyada qeydiyyatdadır, onlardan 252 nəfəri qadın olmaqla, 709 nəfəri mülki şəxsdir.  Ermənistan tərəfi əsir və girovlarla bağlı statistikanı gizlədir, inkar edir. Bununla belə, komissiya əsir və girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir”.
Cia.az