Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü ərəfəsində işğalçı ölkə yenidən təxribatçı mövqeyə əl atmaqdadır. İyunun 15-də düşmənin açdığı atəş nəticəsində Azərbaycan ordusu daha bir şəhid verib. Apreldə itirdiyi əraziləri geri qaytarmayınca danışıqlarda iştirak etməyəcəyini iddia edən işğalçı bu arzusuna çatmadığını görüb hər vəcdlə cəbhədə gərginlik yaratmağa, danışıqların növbəti raunduna üstün mövqedə getməyə çalışır.
Bundan əlavə, işğalçı ölkənin bütün gücü ilə separatçı rejim təmsilçilərini danışıqlarda tərəf kimi tanıtmağa yönəlik cəhdləri də müşahidə olunur. “Dağlıq Qarabağ danışıqların tamhüquqlu iştirakçısı olmalıdır. Əks təqdirdə, biz qapını örtməliyik”,- deyə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov İrəvanda jurnalistlərə açıqlamasında deyib (ANS). O bildirib ki, Dağlıq Qarabağın danışıqlarda iştirakı üçün zəmanət verilməlidir. “Biz Dağlıq Qarabağın danışıqlarda tamhüquqlu iştirakçı olması ilə bağlı dəfələrlə fikirlər səsləndirmişik. Düzdür, Dağlıq Qarabağ danışıqlarda tamhüquqlu olmasa da iştirak edir. Təsadüfi deyil ki, həmsədrlər son mərhələdə Qarabağın danışıqlarda iştirakının əhəmiyyətini vurğulayıblar. Qarabağsız bu problemi həll etmək mümkün deyil” - Şarmazanov bildirib.
Bundan əvvəl də bir neçə dəfə Ermənistan rəhbərliyi qondarma Dağlıq Qarabağ rejimini danışıqlar masasına əyləşdirmək istəyib. Bəzi hallarda ATƏT-in Minsk Qrupunun həmsədrləri də Ermənistanın bu mövqeyini dəstəkləməyə cəhd ediblər. Bir müddət əvvəl ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov demişdi ki, müəyyən mərhələdə Qarabağ heç zaman iştirak etmədiyi danışıqlar prosesinə qatılmalıdır.
Lakin Azərbaycan tərəfi birmənalı şəkildə bundan imtina edərək dəfələrlə bəyan edib ki, münaqişə tərəfi kimi Ermənistanı tanıyır və heç zaman qondarma rejimlə danışıqlar masasına əyləşməyəcək.
İyunun 20-də keçiriləcək danışıqlardan gözləntilər isə o qədər də böyük deyil. Daha çox diqqəti çəkən ATƏT-in Sankt-Peterburq görüşündən kənarda qalmasıdır. Almaniya kansleri Angela Merkelin Qarabağın açarının Rusiyada olduğunu deməsinin ardınca belə bir halın baş verməsi təsadüfə bənzəmir. Bəzi müşahidəçilər bunu Rusiya-Qərb anlaşması kimi izah edir, ancaq əksini düşünən, atəşkəsə nail olan Moskvanın Qərbi oyundankənar vəziyyətdə saxladığını zənn edənlər də var.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, prezidentlərin Sankt-Peterburqda keçiriləcək görüşündə münaqişənin həllinə yönəlmiş ciddi razılaşmaların əldə olunacağını gözləmir: “Əvvəla, görüşə hazırlıq prosesinə nəzər yetirsək, görərik ki, alt səviyyədə elə bir qeyri-adi və intensiv hazırlıq getməyib. Həmsədrlər ayrı-ayrılıqda xarici işlər nazirləri ilə görüşlər keçiriblər, lakin nazirlərin ikitərəfli görüşü və danışıqları olmayıb. Bu cür dolayı yolla, vasitəçilərin köməyi ilə aparılan müzakirələrdə hər hansı önəmli razılığın əldə olunduğuna şübhə edirəm. Amma hesab edirəm ki, görüş nəticəsiz bitməyəcək. Çünki görüşün təşkilatçısı olan Rusiya müəyyən nəticənin əldə olunmasına səy göstərəcək”.
Siyasi təhlilçinin fikrincə, ola bilər ki, Vyana görüşündə prinsipial razılıq əldə olunan məsələ - təmas xəttində müşahidə mexanizminin yaradılması ilə bağlı hansısa sənəd imzalansın. Yaxud tərəflərin atəşkəsə sadiqliyinin, eləcə də münaqişənin həllinə dair ümumi prinsiplərin əks olunacağı bəyanat qəbul edilə, substantiv danışıqların davam etdiriləcəyi vurğulana bilər: “Güman ki, həmsədrlərin nazirlərlə görüşlərində məhz bu məqamlar diqqət mərkəzində olub. Lakin münaqişənin həlli ilə bağlı tərəflərin mövqeyi bir-birindən hələ ki çox uzaqdır və uzlaşmaz görünür”.

Ş.Cəfərli ATƏT-in prosesdən kənarda qalmasını da səbəbsiz saymır: “Təəssüflə vurğulamalıyıq ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi tamamilə Rusiyanın inhisarındadır. Moskva yeganə həmsədr ölkədir ki, münaqişə tərəfləri üzərində real təsir vasitələrinə malikdir. Şimal qonşumuzun işğalçı Ermənistanla münasibətləri haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur, hər şey göz qabağındadır və hamıya məlumdur. Eyni zamanda Azərbaycan da Moskvanın mövqeyini nəzərə alır və hazırkı şəraitdə buna məcburdur. Qeyd etdiyim kimi, digər iki vasitəçinin - ABŞ və Fransanın bu cür imkanları yoxdur. Həm bu amilə görə, həm də belə görünür ki, Azərbaycanda və Ermənistanda geosiyasi baxımdan hələlik elə də kritik maraqları olmadığı üçün Vaşinqton və Paris - Avropa Birliyi - Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində təşəbbüsü öz üzərlərinə götürmək istəmirlər”.
Politoloqun fikrincə, Qərbin bu məsələdə Rusiyanın dominantlığını qəbul etməsinin digər səbəbi onların postsovet məkanında Rusiyaya qarşı yeni cəbhə açmaq istəməməsi ilə də əlaqədardır: “Hazırda Qərb üçün postsovet məkanındakı prioritet istiqamətlər Ukrayna, Gürcüstan və Moldovadır. Bu ölkələr tədricən Rusiyanın təsir dairəsindən çıxarılır. Növbəti amil kimi onu da qeyd etməliyik ki, Azərbaycan və Ermənistan adı çəkilən 3 keçmiş sovet respublikasından fərqli olaraq, strateji seçim etməyib. Ermənistan Cənubi Qafqazda faktiki olaraq, Rusiya Federasiyasının bir anklavıdır. Azərbaycan isə bir sıra səbəblərə görə birmənalı seçim etmir və balans siyasətini davam etdirməyə çalışır. Bütün bu səbəblərlə əlaqədar Dağlıq Qarabağ münaqişəsində təşəbbüs bu gün tam şəkildə Rusiyanın əlindədir. Mən belə bir şəraitdə münaqişənin ədalətli həllini gözləmirəm”.
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc isə Rusiyanın bölgədə əsas söz sahibi olmasında təəccüblü nəsə axtarmağa lüzum görmədi. O, həmçinin Almaniya kanslerinin açıqlamasına orijinal şəkildə reaksiya verdi: “Məgər Rusiya Qafqazdan nə vaxt gedib ki, biz təkcə münaqişələrin açarını Kremldə axtaraq? Əslində bölgəni kənar aləmlə bağlayan yeganə arteriyaları Azərbaycan yaradıb. Bakı-Ceyhanı və Xəzəri Avropa ilə birləşdirən neft-qaz xəritəsini bir anlıq kənara qoysaq, region yenə də əvvəlki kimi sovetlərdən asılı qalır. Söhbət ondan gedir ki, Rusiyasız təhlükəsizlik sistemini qurmaq mümkün deyil. Özünün ən barışmaz anti-Moskva mövqeyinə baxmayaraq, dəyərli Vəfa müəllimə (Vəfa Quluzadə-red.) müstəqil başqırd və altay dövlətlərində çay içmək nəsib olmadı. Biz hələ onu demirik ki, minimum infrastrukturu olmayan minlərlə rus kəndini barmaqla göstərən qərbyönümlü fikir adamları bir vaxtlar türk sultanlarının istirahət məkanı olan Qara dənizin və Sevastopolun rus çəkmələri altına düşməsini sakitcə seyr etməyə məhkum qalıblar. Yəqin rəhmətlik Vəfa Quluzadə Krımın birləşməsi ilə bağlı referendumu görüb ürəyi partlayardı”.
Cia.az
