|
Bu gün ingilis derbisidi: İngiltərəni ancaq qələbə xilas edə bilər
Fransada davam edən 15-ci Avropa çempionatında ikinci tur bu gün çox gərgin keçəcəyi  gözlənilən üç matçla davam edəcək.  Saat 17:00-da İngiltərə millisi Uelslə münasibətlərini  aydınlaşdıracaq. Saat 20:00-da Ukrayna-Şimal İrlandiya qarşılaşması başlayacaq. Günün son oyunu isə saat 23:00-da Almaniya və Polşa milliləri arasında olacaq.

İngiltərə birinci turda Rusiya millisinin son dəqiqədə vurduğu qolla iki vacib xal itirib. İki ingilis millisinin qarşılaşmasında Roy Hocsonun Fransada ən gənc komandası favorit hesab oluna bilər. İngilislər ilk oyunda da göründüyü kimi, Fransaya yaxşı komanda ilə gəlib. Komandanın hücum xəttinə baxın: kapitan Runi, Harri Keyn, Deniel Starric, Ceymi Vardi. Bu, sadəcə, soyadlar deyil, milyonları özündə birləşdirən Avropa markasıdır...
 
Uels də Slovakiya millisinin qapısına ilk qolu vuran  Qaret Beyli ilə qürur duya  bilər. “Real”ın oyunçusu  sanki bütün komandanı tək arxasınca apara biləcək güc göstərir. Əgər ingilislər ruslarla oyunda qələbəni əldən verməsəydilər, bu gün iki ingilis komandası bəlkə də özlərini yormadan  heç-heçəyə  razılaşardılar. Uelsi heç-heçə qane edir, İngiltərə millisi isə qrupda lider olduğunu göstərmək, ruslarla oyunda təsadüfi qol buraxdıqlarını, ən əsası növbəti mərhələyə çıxmaq istədiklərini sübut etməlidir. Bunun üçün isə mütləq qələbə lazımdır. Heç-heçə indi o qədər risklidir ki, uduzmaq isə...qudbay Fransa... 
 
 
Həm İngiltərənin, həm Uelsin müdafiə xətti ilk oyunda yaxşı tərəfdən özünü göstərdi. Xüsusilə Marek Xamşikin təşkil etdiyi Slovakiya hücumları qarşısında Eşli Uilyamslı Uels müdafiəsi qələbə üçün hər şey etdi. İngiltərənin populyar “Mirror”  nəşri B qrupundakı bu oyunun taleyinin də əsasən, komandaların müdafiə xəttindən asılı olacağını proqnozlaşdırır. 
İngiltərə millisinin sabiq üzvü Alan Şirer BBC-yə deyib ki, Roy Hocson  Uelslə oyunda  Harri Keynə yenidən şans verməlidir. “İlk oyunda hücumların sonunda xeyli səhvlər buraxan Keynə və Starrlicə yenidən şans vermək, oyunları alınmazsa,  o zaman əvəzləmək lazımdır. Harri Keyn əla futbolçudur. Amma o da Rusiya ilə oyunda yorğun görünürdü” deyə, Şirer bildirib. Runi isə deyib ki, bu gün  komanda Rusiya ilə oynadığı kimi futbol sərgiləsə, hər şey qaydasında olacaq.  
 
Statistikaya gəlincə, komandalar arasında indiyədək 103 oyun keçirilib.  Bunların 68-də ingilislər, cəmi 14-də isə Uels millisi qalib gəlib, 21 oyun heç-heçə bitib. Sonuncu dəfə Uels İngiltərə millisinə 1984-cü ildə qalib gəlib. Uels bu tarixi dəyişə biləcəkmi?  
 
 
Ukraynanı  “maşın” vurub, amma...
 
Ukrayna ilk turda son dünya çempionu Almaniya ilə qüvvəsini sınadı və 2:0 məğlub oldu. Amma necə oyunda? Hansı komandaya? Ukrayna-Almaniya qarşılaşmasına Rusiya kanallarının şərhçiləri Ukrayna millisi haqda ən yaxşı və əlbəttə ki, haqq etdikləri sözləri dedilər, ukraynalılara hətta açıq  azarkeşlik də etdilər. Bu obyektiv mövqedə heç bir siyasi çalar axtarmağa dəyməz, ukraynalılar Mixail Fomenkonun rəhbərliyi altında Rusiyadan bir baş üstün, təşkilatlanmış bir komanda yaradıblar və ən xoş sözlərə layiqdirlər. 
 
Amma nə edəsən ki, rəqib də rəqib deyildi, futbol maşını idi... Mixail Fomenko almanlarla oyundan sonra elə belə də deyib: “Heç bir sürpriz olmadı. Oyunçular da bilirdilər ki, rəqib kimdir, kimə qarşı oynayırıq... Maşın maşındır”. Baş məşqçi deyib ki, Almaniyaya məğlubiyyət artıq  keçmişdir və komada Şimali İrlandiya ilə oyuna həm psixoloji, həm fiziki hazırlaşıb. Fomenko deyib ki, Şimali İrlandiya və Polşa ilə oyun Ukraynanın qrupdan çıxıb-çıxa bilməyəcəyinə aydınlıq gətirəcək. 
 
 
“Dnepr” klubunun baş məşqçisi Miron Markeviç Ukraynanın növbəti mərhələyə çıxacağını deyib: “Ukrayna  heç bir panikaya düşmədən öz gücünə inanmalıdır. Fikrimcə, biz qrupdan çıxmalıyıq”.  Markeviçin sözlərinə görə, hamı Almaniyana ilə oyundan danışır, amma Şimali İrlandiya ilə oyundan qorxmaq lazım: “Şimali İrlandiya kombinasiyalı  və müdafiədən oynayan, rəqibinə isə oyun meydanı  verməyən komandadır. Məncə, ən çətin qarşılaşma Şimali İrlandiya ilə olacaq”. 
 
Ukrayna və Şimali İrlandiya milliləri  indiyədək 4 dəfə qarşı-qarşıya gəliblər. Ukrayna millisi iki oyunda qələbə qazanıb, iki oyun isə heç-heçə bitib. FİFA-nın reytinq cədvəlində də ukraynalılar bugünkü rəqiblərindən öndədirlər.  Ukrayna 19-cu, Şimali İrlandiya isə 25-ci yerdə qərarlaşıb. Daha maraqlı bir fakt: Şimali İrlandiyanın baş məşqçisi  Maykl Onil 1996-cı ildə indi rəhbərlik etdiyi millinin heyətində Ukraynaya qarşı oynayıb. 

Polşa  və Almaniya ya heç-heçəyə razılaşar, ya da...
 
Polşa ilk turda Şimali İrlandiya ilə görüşdə minimal hesabla (1:0) qələbə qazanıb və bu gecəki görüşdə heç-heçə polşalılar üçün ən məqbul variantdır. Əgər bu, Almaniyanın da planlarına daxildirsə...
 
 
Almaniya belə çempionatlardakı ilk görüşündə adətən açıq oyun nümayiş etdirməz, komanda üçün lazım olan xalı əldə edib köşəsinə çəkilərdi. Bu dəfə isə “alman maşını” ilk turdan açıq oyuna üstünlük verdi.  Almaniyanın rəqibləri buna görə Fomenkonun komandasına minnətdar olmalıdır. Çünki Ukrayna Almaniyanı oynamağa,  hücum xəttini, müdafiəsini  göstərməyə məcbur etdi. Amma bəlkə almanlar da özləri  bilərəkdən “maşının səsini” daha güclü etdilər ki, Fransaya iddialı gələn bəzi komandalar “qazlarından” indidən bir az alsınlar... 
Bəzi mütəxəssislər hesab edir ki, Almaniyanın topa nəzarəti və hücumların yüksək səviyyədə təşkili  müdafiədəki problemləri gözardı etmir. Almaniya cərimə meydançasında rəqibə zərbə vurmağa imkan verir. 
 
Polşa  millisi və Almaniya bir-birilərini o qədər yaxşı tanıyırlar ki, onların oyunlarının videoyazısını izləməyə bəlkə də ehtiyac qalmır. Almanlar inkar edirlər, amma polşalıların futbolu da, futbolçularının oyunu da bir-birinə çox oxşayır. 
 
 
Almaniya millisinin baş məşqçisi Yoahim Löv bugünkü oyun haqda danışarkən deyib ki, V qrupundakı iki komanda-Ukrayna və Polşa futbolu bir-birinə çox bənzəyir. Məşqçinin sözlərinə görə, Ukrayna kimi Polşa da oyunu müdafiədən qurur, 3-4 futbolçunu əks-hücumlar üçün görəvləndirir. Polşa Şimali İrlandiyaya minimal hesabla qalib gəlib və bu oyun əksər mütəxəssislərin yekdil rəyinə görə “Avro-2016"nın ilk turunda ən baxımsız oyun  hesab olun bilər. Matçda yeganə qolu 51-ci dəqiqədə Arkadiuş Milik vurub. İrlandiyalılar Polşa millisinin qapıçısı Voytsex Şesnın qapısına yaddaqalan hücum təşkil edə bilməyiblər.
 
 
Almaniya və Polşa komandaları “Avro-2016"nın seçmə mərhələsində bir qrupda olublar. Polşa Berlində 3:1 hesabı ilə məğlub olub. Varşavada isə polşalılar Almaniya millisinin 18 matç ardarda uduzmaması seriyasına son qoyub. Polşa 2: 0 hesabı ilə qalib gəlib.  FİFA-nın reytinq cədvəlində Polşa  27-ci, Almaniya isə 4-cüdür. Bu komandalar arasındakı  12 qarşılaşmanın 8-də almanlar,  yalnız birində Polşa qələbə qazanıb,  3 oyunda isə heç-heçə qeydə alınıb.
musavat