|
Problemli kreditlər artır - aidiyyəti qurumlar gözləmə mövqeyindədir...
Ölkədə problemli kreditlərin həcmi artmaqda davam edir. Mayın 1-də vaxtı keçmiş kreditlərin 1 milyard 381,3 milyon manat olduğu bildirilir. Mərkəzi Bankın (MB) açıqladığı statistikaya görə, mart ayı ilə müqayisədə apreldə problemli kreditlərin həcmi 54,8 milyon manat və ya 4,13 faiz artıb. Manatla 9 milyard 723,1 milyon kredit verilib. Bunun da 726,2 milyon manatının ödəmə vaxtı gecikir. Xarici valyutada da 9 milyard 35,6 milyon manatlıq kredit verildiyi qeyd edilir. Xarici valyutada problemli kreditlərin həcmi 655,1 milyon manat göstərilir.

Müstəqil ekspertlər və beynəlxalq reytinq agentlikləri vaxtı keçmiş kreditlərin daha çox olduğunu qeyd edirlər. Məsələn, “Moody’s” beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycan banklarında bu, kredit portfelinin 20 faizini təşkil edir. MB-nin məlumatında isə problemli kreditlər 7,4 faiz göstərilir. 
 
Ekspert Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a bildirib ki, ödənilə bilməyən kreditlərin həcmi rəsmi rəqəmlərdən xeyli çoxdur: “Problemli kreditlər deyiləndən daha çoxdur, bəzi banklarda bu cür kreditlərin həcmi 40-50 faizdir. Hətta bizdə məlumatlar var ki, bəzi banklarda bu rəqəm 60 faizə yaxındır. Bu, bütünlüklə bank sistemi üçün problemdir. Ona görə biz dəfələrlə mətbuatda təkliflər verdik ki, bu problem həll olunmalıdır. Bu problemi yaradan başlıca səbəb xarici valyutada götürülmüş, bu günə qədər qaytarılmayan kreditlərdir. Devalvasiya nəticəsində vətəndaşın aldığı borc iki dəfə artıb, vətəndaş bunu ödəmək iqtidarında deyil. Problemli kreditlərin həcmi getdikcə artır. Bu sahədə çox ciddi problemlər var. 
 
Ona görə nə qədər gec deyil, Mərkəzi Bankın rəhbərliyi, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi oturub düşünməli və hökumət qarşısında çox ciddi, əsaslandırılmış təkliflərlə çıxış etməlidirlər. Bu problem çözülməsə, vəziyyət daha da pisləşəcək. Bank sistemi faktiki olaraq iflic vəziyyətindədir, özünü tamamilə itirib. Məsələnin həllinin başqa yolu yoxdur. Biz dəfələrlə təklif etdik, yenə edirik. Bu məsələnin həllinin yeganə düzgün yolu Mərkəzi Bankın daxili borclanmaya getməklə xarici valyutada götürülən kreditlərin məzənnə fərqini banklara ödəməlidir, bu, ən yaxşı yoldur. Banklar da eyni zamanda insanlara, vətəndaşlara ciddi şəkildə güzəştə gedərək məzənnə fərqini aradan qaldırmalıdır”.
 
Qeyd edək ki, problemli kreditlərin həcminin artmasında devalvasiyanın rolu danılmazdır. Xüsusilə dollarla kreditlərin ödənişində çətinliklər var. Belə kreditlərə güzəştlər müzakirə olunsa da, heç bir addım atılmayıb. Ən son Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı 10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsinin müzakirə edilə biləcəyini söyləyib. Daha öncə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov səslənən məbləğdən 2 dəfə az- 5 min dollaradək kreditlərə güzəşt olacağı barədə ümid yaratmışdı. 
 
Ekspert Vüqar Bayramov isə qeyd edir ki, Mərkəzi Bank hələ də heç bir addım atmayıb: “Mərkəzi Bank tərəddüd edir və bu tərəddüd bank sektoruna ciddi çətinlik törətməkdədir”. Ekspertin sözlərinə görə, uzun müddət yüksək faizlərdən bəhrələnən banklar da faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan faydalanmağa çalışır: “Bununla problemi daha da dərinləşdirirlər. Nəticədə borcluların bank kreditlərini ödəməməsi getdikcə adiləşir. Devalvasiyadan sonra manatla xərcləri artan vətəndaşlara nə Mərkəzi Bankın, nə də yüksək faizlərini hələ də saxlayan bankların güzəştə getməməsi əksər borcluların ödəmə qabiliyyətini pisləşdirib. Əslində baş bank kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdı”.
Qeyd edək ki, əksər ekspertlərin fikrincə, kompensasiya mexanizmi zamanında tətbiq olunmalı idi. Belə olardısa, problemli kreditlərin həcmi bu qədər artmazdı. 
cia.az