|
Qız qızıla dönüb, yox xəbəri oğlanların...
“İndi neyniyəcəksən, uşağı doğacaqsan, yoxsa...” O, gözləri dolmuş halda sualın ardını eşitməmək üçün USM otağının qarşısını tərk edir. Bakıda fəaliyyət göstərən qadın məsləhətxanalarından birində apardığımız müşahidə əsasında şahidi oluruq ki, bu artıq 2 saatın içərisində övladını dünyaya gətirib-gətirməmək seçimi qarşısında qalan 7-ci anadır.  
 
Son illər Azərbaycanda yeni doğulan oğlanların sayı qızların sayından xeyli çoxdur və bunun səbəblərindən biri də inkişaf etmiş texnologiya nəticəsində dölün cinsinin əvvəlcədən müəyyənləşdirilməsi, selektiv abortların sayının artmasıdır. Əksər ailələrdə ikinci qız uşağı arzulanan olmur. Ailələr çox az hallarda bilərəkdən ikinci qızın dünyaya gəlməsinə razı olurlar. Əksəriyyət isə qızı elə ana bətnindəcə məhv edir. 

Qadağa ilə problemin həllinə nail olmaq mümkün deyil
 
Burada bir məqamı qeyd edək ki, uşaqlar arasında cins nisbətinin pozulması problemi təkcə Azərbaycanda yox, bütün dünyada mövcuddur. Belə hallara əvvəllər yalnız Cənubi Asiyada rast gəlinib. İndi isə problem Cənubi Qafqaz və bəzi Şərqi Avropa ölkələrini də əhatə edir. Hələ qədimdə ərəb dünyasında qız uşağı sahibi olmaq “utanc verən bir vəziyyət” kimi qəbul edildiyindən, qız uşaqları ya yeni doğulanda, ya da çox böyümədən diri-diri torpağa basdırılırdı. Həmin insanları isə adətən “cahil, duyğusuz, vəhşi çöl insanları” adlandırırdılar. Müasir dövrdə isə ana bətnindən körpələr vaxtsız alınanda belə bir fikir söylənir ki, “bu, istənilməyən hamiləlikdir”. 
 
BMT-nin Əhali Fondunun müşaviri Fərid Babayevin sözlərinə görə, normal halda hər 100 qız uşağına 106 oğlan doğulmalıdır. Azərbaycanda da 1975-1980-ci illərə qədər bu nisbət pozulmayıb. Lakin Dövlət Statistika Komitəsinin məlumatına görə, 1998-ci ildə 100 qız uşağına 118 oğlan doğulub və bu nisbət artmaqda davam edib. 2011-2015-cı illərdə rəqəmlər nisbətən tənzimlənib və ötən ilin nəticələrinə görə, ölkədə 100 qız uşağına 116 oğlan doğulub. Yəni oğlanlar qızlardan 10-11 faiz çoxdur. Bu nisbətə görə Azərbaycan dünyada Çindən sonra 2-ci yeri tutur. Çində bu rəqəm 100-118-dir. 
 
2012-ci ildə BMT-nin Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Hacəttəpə Universiteti ilə birlikdə apardığı araşdırmaların nəticələrinə görə, bu tendensiya davam edərsə, 2050-ci ilə qədər demoqrafik maskulizasiya (kişilərin sayının artması) yarana bilər. Mütəxəssis problemi  aradan qaldırmaq üçün ilk növbədə bütün aidiyyəti qurumların, dövlət strukturlarının onun həllinə cəlb edilməli olduğunu da deyir. Onun fikrincə, eyni zamanda cəmiyyət, KİV, ictimaiyyət nümayəndələri bu istiqamətdə təbliğat kampaniyalarına cəlb olunmalıdır, çünki qadağa ilə problemin həllinə nail olmaq mümkün deyil. 
 
Demoqrafiya özünü təhsildə də göstərir
 
Təbii ki, Azərbaycanda statistikanın bu cür davam etməsi narahatlığa əsas verir. Ailələrdə oğlan uşaqlarının daha çox istənməsinin səbəbləri müxtəlifdir. Bunun fəsadları da özünü bir neçə istiqamətdə göstərir və gələcəkdə daha böyük neqativ nəticələrin şahidi olacağıq. Bu yazıda toxunmaq istədiyimiz məqam isə demoqrafik problemin baş verməsi ilə bağlıdır. 
Təhsil Nazirliyindən bugünlərdə verilən məlumatda bildirilir ki, 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərinin IX siniflərini 111217 nəfər bitirəcək ki, bunun 51010 nəfəri qız, 60207 nəfəri oğlandır. Eyni zamanda bu il XI sinifləri bitirəcək 89325 nəfər şagirdin 39643 nəfəri qız, 49682 nəfəri oğlandır.
 
Ölkədə yeni doğulan uşaqların sayı da onu göstərir ki, oğlan uşaqları üstünlük təşkil edir. Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsaslansaq, 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki, onlardan da 53 faizi oğlan, 47 faizi qızdır. 2013-cü ildə dünyaya gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 46,4 faizi qız olub. 2014-cü ildə bu rəqəm müvafiq olaraq 53,2 və 46,8 faiz təşkil edib. 
 
Bu rəqəmlər qızların sayının azalmasının gələcəkdə doğuracağı fəsadların mənzərəsini tam təsvir etməsə də, yaxın 10 ildə oğlanların ailə qurmaq üçün qız tapmayacağının şahidi olacağıq. Fikrimizi təsdiqləyən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, xeyli zamandır cəmiyyətdə müzakirə edilən bir problemin ağırlaşması artıq özünü göstərməkdədir. 

Bəzi valideynlərin uşaqların dölünü tibbi avadanlıqlar vasitəsilə müəyyənləşdirdiyi bəllidir: “Bundan sonra valideynlərin ancaq oğlan döllərini saxlamasının ağır nəticələrə gətirib çıxaracağı barədə çox danışılıb. Nəticə olaraq demək istəyirəm ki, 5-10 ildən sonra ailə qurmaq istəyən oğlanlar artıq ölkəmizdə qız çatışmazlığı ilə üzləşəcəklər”.
 
Oğlanlar evlənməyə qız tapmayacaq...
 
2009-cu ildə əhalinin 54%-i qadınlar, 46%-i  kişilər olub. Lakin son vaxtlar selektiv abortlar nəticəsində qızların sayının azalması müşahidə edilir. Sosioloqların hesablamalarına görə, bu cür davam edərsə, 2020-ci ildə hər 4 oğlana bir qız düşəcək. Bu isə demoqrafiyanın pozulması deməkdir. Düzdür, doğulan uşaqlar arasında oğlanlar çoxluq təşkil etdiyi kimi, müəyyən yaş həddində ölən uşaqlar arasında da oğlanlar çoxdur. 45-50 yaş arası ölüm hallarında da kişilərin sayı çoxdur. Bu ölümlər bir tərəfdən balansın pozulmasının qarşısını alsa da, evlilik yaşında oğlanlar özlərinə yaş baxımından uyğun tərəf-müqabili tapa bilməyəcəklər. Bir vaxtlar kişilərimiz əcnəbi ölkələrdən xanımlara maraq göstərirdilər, qızlar evdə qalırdı. Bu gün müşahidə olunan vəziyyət gələcəkdə oğlanlarımızın evlənməyə qız tapmayacağı deməkdir. Azərbaycanlı qızların sayının az olması səbəbindən onlar əcnəbi qızlarla ailə qurmaq məcburiyyətində qalacaqlar, qarışıq ailələrin sayı artacaq ki, bu da milli kimliyin tədricən dəyişməsinə səbəb olacaq.

Qanunlar nə deyir...
 
Bir çox dini ölkələrdə ölkə qanunlarına əsasən abort qəti qadağan olunub. Ümumiyyətlə götürdükdə isə bu, cinayət olduğu qədər həm də günahdır. 
 
ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çin, Əfqanıstan, İran, İraq və Yəmən kimi ölkələrdə abort qadağan olunmaqla yanaşı, daxili orqanlara qarşı cinayət sayılır. Belə ki, yalnız uşağın anadan olması ananın həyatına təhlükə törədərsə, aborta icazə var. Bəzi Avropa ölkələrində abort etdirmək üçün qadının istəyinin olması kifayət etdiyi halda, İngiltərə, Macarıstan, İslandiya, Lüksemburq və Finlandiyada aborta yalnız sosial və tibbi göstərişlər əsasında icazə verilir.
 
Azərbaycanda isə qanunvericilik abortları qadağan eləmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində göstərilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Amma Cinayət Məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur etmək cinayət məsuliyyəti yaradır.
 
“Əhalinin sağlamlığının qorunması haqqında” 
 
Qanuna görə, hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır. Hamiləliyin 12-ci həftəsindən 22-ci həftəsinə qədər pozulma üçün sosial əsaslar göstərilməlidir. 22-ci həftədən sonra hamiləliyin dayandırılması ciddi tibbi göstərişilər olduğu halda qanunvericilikdə nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Azərbaycanda selektiv abortların qarşısının alınması üçün doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Tədbirlər Planı hazırlanıb. Bu, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib. Layihəyə görə, bu kimi halların qarşısının alınması üçün ölkədə doğulanların cins nisbətinin monitorinqinin həyata keçirilməsi nəzərdə tutulur. Diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir). Bu hal ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və selektiv abortlarla izah olunur. Ölkədə qadınların reproduktiv potensialının tədricən azalmasını (nəsillərin əvəz olunması nəticəsində reproduktiv yaşda olan qadınların sayının dəyişməsini) nəzərə alaraq, Dövlət Proqramı layihəsində doğulan uşaqların sayının 2025-ci ilə kimi hazırkı səviyyədə saxlanılması əsas prioritet kimi qəbul edilir.
cia.az