İyunun 14-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar iclası keçirildi. Dövlət himninin səsləndirilməsindən sonra gündəliyə daxil edilmiş məsələlərin müzakirəsinə keçildi.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Elm haqqında” Qanunu təqdim etdi. Çıxışının əvvəlində ölkə prezidentinin magistratura təhsilini alanlara hərbi xidmətdən möhlət hüququnu verən sərəncamı imzalamasını yüksək qiymətləndirdi, bu qərarın elmin inkişafında mühüm rol oynayacağını dedi.
Daha sonra Milli Məclis Azərbaycan və İran arasında imzalanan sazişləri müzakirəyə başladı.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində ”Xudafərin" və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təqdim etdi. O bildirdi ki, bu layihə ilə bağlı hələ 1989-cu ildə razılaşma olsa da, sonradan ərazilərimizin Ermənistan tərəfindən işğalı məsələnin reallaşdırılmasına imkan verməyib. Nəhayət, bu sənədin icrası barədə razılaşma əldə olunub. V.Ələsgərov dedi ki, bu sənədin icrası həm də Azərbaycanın ərazi bütövlüyünün tanınmasının növbəti təsdiqidir.
Bundan əlavə, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” saziş, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” saziş, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında” çərçivə sazişi, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” çərçivə sazişi də deputatların müzakirəsinə təqdim edildi.
Deputat Zahid Oruc sazişlərin Azərbaycan və İranın dövlət maraqlarına uyğun sənədlər olduğunu vurğuladı: “Təəssüf ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar bu layihələr vaxtında icra olunmadı. Üstəlik, İranın o zamankı rəhbərliyi hətta bu layihələri Ermənistanla birgə icra etmək istəyirdi, ancaq mərhum prezident Heydər Əliyev buna imkan vermədi”.
Deputat 6 iyunda İran prezidentinin Ermənistan XİN başçısı Nalbəndyanı qəbul etməsinə də toxundu:“Həsən Ruhani tərəfindən Ermənistan prezidentinə xüsusi salam göndərilməsini də, sadəcə, diplomatik etiket nümunəsi kimi qiymətləndirmək mümkün deyil. Çünki bunun ardınca Ruhani İrana səfər edəcək. Mən çağırış etmirəm ki, Həsən Ruhani İrəvana getsin, ya getməsin. Amma İran prezidentinin köməkçiləri yanlışlığa yol verirlər”. Z.Oruc xatırlatdı ki, Bakı hər zaman Tehrana qarşı normal davranıb: “İran Ermənistan və Azərbaycan arasında bərabərlik işarəsi qoymamalıdır”. Spiker isə “hər yazılan yazıya da inanma. Mən inanmıram ki, Ruhani İrəvana səfər edəcək”-deyə, reaksiya verdi.
Deputat Fazil Mustafa bu sənədin tarixi əhəmiyyətə malik olduğunu vurğuladı: “Biz sadəlövh deyilik. Bilirik ki, qəbul olunan sənədin icra mexanizmi hələlik yoxdur. Amma İslam prinsiplərinə zidd olaraq Ermənistana dəstək verən bir ölkənin Azərbaycanın ərazi bütövlüyünə münasibəti ortaya qoyulur. Artıq bu sazişdən sonra hər görüşdə deyəcəyik ki, buyurun, siz də yardım edin, o əraziləri azad edək və bu layihəni icra edək. Bəli, İsrail bizə silah verir və biz bu silahla işğalçıya zərbə endiririk. Amma buyurun, Rusiyanın Ermənistana verdiyi silahlar qədər siz də bizə silah verin və biz işğalçını sizin silahınızla vuraq və bu layihəni reallaşdıraq. Biz torpaqlarımızı İransız da azad edəcəyik. Amma din qardaşının torpağını azad edən dövlətə dəstək verən İran öz tarixində, bu qara ləkəni silməlidir”. Deputat digər mühüm məsələyə də toxundu: “İran və Türkiyə ilə viza məsələsinə biz də baxmalıyıq, biz Ermənistana bu avantajı verə bilmərik”.
Spiker O.Əsədov isə deputatın “səhv buraxdığını” söylədi: “Heç kimin köməyi bizə lazım deyil! Biz öz torpaqlarımızı özümüz azad edəcəyik”. Spiker ardınca “mən də müəyyən məsələlərlə razıyam. Ancaq qəzetdə bir yazı gedən kimi biz qızışırıq, düşürük ortaya” deyə, əlavə etdi.
Deputat Qüdrət Həsənquliyev dedi ki, ölkə prezidenti magistr və doktorantlara möhlət hüquqi verərkən həm də deputaların burdakı çıxışlarını nəzərə alıb: “Mən sizin narahatlığınızı başa düşürəm. İqtidar çalışır ki, İranla normal münasibətlər olsun. Amma ”səni sevəcəyəm, sən sevməsəm də" misalı da var və bu, mümkün deyil. Çox təəssüf ki, biz bunun qarşılığını İran tərəfindən görməmişik".
Q.Həsənquliyev İranın siyasətinə etirazını bildirdi: “Biz İranın din xadimlərindən soruşmalıyıq ki, bu, necə dostluqdur ki, torpaqlarımızı işğal edən Ermənistanı ən yaxın müttəf adlandırırsınız? Bunun əvəzində deyirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz? Biz ona görə əməkdaşlıq edirik ki, İsrail bizə silah versin, torpaqlarımızı azad edək. Bəs İran niyə Ermənistanla əməkdaşlıq edir? Azərbaycan torpaqlarını işğalda saxlasın? Qarabağ həm də İranda yaşayan 30 milyon bacı-qardaşlarımızın torpaqlarıdır. Qarabağ da bizim üçün Qüdsdür. Hörmətli şeyximiz İranın dini liderinə müraciət etməlidir ki, bu, nə deməkdir, bu, necə dostluqdur? Sərkisyanın əli Xocalıda azərbaycanlıların qanına batıb. Onlar elə İranda yaşayan 30 milyon bacı-qardaşlarımızın doğmalarıdır. Qarabağda çoxlu sayda məscidlər dağıdılıb, İran isə Ermənistanı dost adlandırır. Ona görə də biz İranın bu siyasətinə etiraz etməliyik”. Q.Həsənquliyev cənubda yaşayan azərbaycanlılara da müraciət etdi: “Onlar da öz səsini qaldırmalıdır. Vaxtilə ruslarla farslar bizim torpaqları bölüb. Qarabağ həm də cənubdakı qardaşlarımızın torpaqlarıdır. Onlar da öz etiraz səsini qaldırmalıdır”.
Spiker dedi ki, Azərbaycan dövləti zəruri hallarda münasibətini bildirir: “Bunu hər dəfə səsləndirmək, qıcıqlandırmaq düzgün deyil”.
Deputat Fərəc Quliyev də İranın davranışlarını “qəribə” adlandırdı. Dedi ki, vaxtilə Azərbaycan açıq şəkildə ərazisindən İrana qarşı istifadə olunmayacağını bəyan etdi. Deputat Nalbəndyanın yüksək səviyyədə qəbuluna, viza razılaşmasına etiraz etdi: “İran Qüdsü elan edən dövləti düşmən, Qarabağı işğal edən ölkəni isə dost elan edir, bu, qəbulolunmazdır”. F.Quliyev Araz suyunun çirklənməsi ilə əlaqədar birgə fəaliyyəti zəruri saydı: “Azərbaycan və İran arasında komissiya yaradılmalı və tələb edilməlidir ki, Ermənistan dərhal işğal altındakı ərazilərdən qoşunlarını çıxartsın”.
Deputat Q. Paşayeva Almaniya parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qərar barədə çıxış edərək ona etirazını bildirdi. Türkiyə Böyük Millət Məclisində təmsil olunan 3 partiyadan olan millət vəkillərinin adından Almaniya Bundestaqına qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul etdikləri üçün etiraz müraciətinin göndərildiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycan parlamenti tərəfindən də bu istiqamətdə müraciətin vacibliyini vurğuladı.
Deputat Fəzail Ağamalı Almaniya Bundestaqının saxta “soyqırım”la bağlı sənədinə parlament adından etiraz bildirməyə çağırdı.
Deputat Siyavuş Novruzov İran parlamentinin bəzi üzvləri ilə çox sərt müzakirələrinin olduğunu desə də, son sazişləri müsbət qiymətləndirdi: “Mən çıxışlara qulaq asanda 1992-ci il yadıma düşdü. Elə bil hamı bizə borcludur. Təbii ki, İranın Ermənistana münasibəti bəllidir. Ancaq hər bir ölkənin xarici siyasətinin prioritetləri var. Unutmayaq ki, vaxtilə Mütəllibov və AXC-Müsavat hakimiyyətləri ermənilərlə bir yerdə Naxçıvanı blokadaya alanda İran Naxçıvana kömək əlini uzatdı və ”Ümid" körpüsü açıldı".
S.Novruzov cənublu qardaşlarımızla bağlı çıxışlara da münasibət bildirdi: “Misal var, kəsək oturub daşın gününə ağlayır. Orda 37 milyon azərbaycanlı var. Burda da 9 milyon. Onlar öz haqlarını tələb edə bilmir, biz onların adından danışırıq. Bizimlə söhbətləri zamanı deyirlər ki, qardaş, bizim işimizə niyə qarışırsınız, İran bizim dövlətimizdir. 1994-cü ilə qədər müharibə getdi, İran-İraq müharibəsində vuruşanların 20 mini gələrdi, bizimkilərə də təcrübələrini öyrədərdilər, vuruşardılar, torpaqlarımız da işğal olunmazdı”.
Deputatlar yağıntılarla əlaqədar kənd təsərrüfatına dəymiş zərərdən danışdılar. Deputat Tahir Kərimli, Əli Məsimli və Aqil Abbas seçicilərinə dəymiş zərərlə əlaqədar dövlətin yardım göstərməsini xahiş etdilər.
Vergilər Məcəlləsinə edilən dəyişikliklər də müzakirələrə səbəb oldu. Qeyd edək ki, hazırda vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının 25 faizi hesabına vergi orqanlarının büdcədənkənar fondu formalaşdırılır. Yeni layihədə isə vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulur. Vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə həmin fond vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanskiyalarının 50 faizi hesabına vergi orqanlarının büdcədənkənar fondunu formalaşdıracaq.
Deputat Qüdrət Həsənquliyev dəyişikliklərə qarşı çıxdı: “Cərimə sanksiyaları ilə maaşdan əlavə pul alan məmurlar maraqlı olacaqlar ki, daha çox cərimə yazsınlar. Yaxud onlar çalışacaqlar ki, vətəndaşlar maliyyə intizamını pozsunlar və onlar da vətəndaşlara cərimələr yazsınlar. Elə nazirliklər var ki, oranın əməkdaşları maliyyə sanksiyası tətbiq edə bilmir. Bəs onların əmək haqları necə olacaq? Belə çıxır ki, onların maaşları artmayacaq?”
Deputat Siyavuş Novruzov da dəyişikliyin əleyhinə çıxdı:
“Şəffaflıqdan, birlikdən danışırıqsa, büdcədənkənar vəsait anlayışını başa düşə bilmirəm. Əgər işçinin sosial vəziyyətini yaxşılaşdırmaq istəyirsənsə bu, dövlət büdcəsinə daxil edilsin.
Müxtəlif dövlət qurumlarının büdcəsi artırılsın, eləcə də orada əmək haqqı fonduna ayrılan vəsait artsın. Çünki büdcədənkənar vəsaitləri nə Hesablama Palatası, nə də digər dövlət qurumları yoxlaya bilmir. Hətta onların işi məhdud olur. Hardan bilim ki, Vergilər Məcəlləsinə edilən dəyişiklikdən sonra kimlər nə qədər mənfəət götürmür?! Buna kim zəmanət verə bilər?
Ziyad müəllim (Ziyad Səmədzadə-red.) buna zəmanət verə bilərmi? Burada tərəfkeşliy, ayrı-seçkilik nə dərəcədə tənzimlənəcək? Hazırda bu rəqəm 25 faizdir, indi isə biz bunu 50 faiz edirik. Gələcəkdə bu 100 faiz ediləcək. Belə çıxır ki, insanlar qazandıqları pulu ancaq vergi işçilərinin əmək haqqının artırılmasına verəcək. Bu cür yanaşma düzgün deyil. Bir də görürsən ki, regionlarda hansısa abadlıq işi aparılanda deyirlər ki, bunu büdcədənkənar vəsait hesabına həyata keçirmişik. A kişi, göydən dollar, manat yağır?! Prezidentin Ehtiyat Fondu var və ənənəvi şəkildə regionlara maliyyə vəsaitləri ayrılır. Həmin o məbləğlər də büdcədə nəzərdə tutulmuş vəsaitdir. Hər şeyin hesabı-kitabı var. Ümumiyyətlə, bu cür yanaşmalar ləğv edilməlidir. Daxil olan bütün vəsaitlər dövlət büdcəsinə köçürülməlidir. Cəbhəboyu ərazilərdə xidmət edən əsgərlərin maaşı niyə artırılmasın? Halbuki onlar yağışda, boranda vətənin keşiyində dururlar. Ancaq maliyyə sanksiyası tətbiq edə bilmədiyindən onun sosial təminatı yaxşılaşmır. Bu kimi sanksiyalar nəzərdə tutulanda buna aidiyyəti qurumlarla razılaşdırıb sonra tətbiq etmək lazımdır. Hansı xarici ölkənin təcrübəsində belə bir yanaşma var? Özümüzdən Amerika kəşf etməli deyilik. Sanksiyaların tətbiq edilməsinə qarşı deyiləm. Sadəcə, istərdim ki, bütün əldə olunan vəsaitlər dövlət büdcəsinə daxil olsun. Yalnız bundan sonra şəffaflıqdan danışmaq olar. Əks təqdirdə, biz rüşvətxorluq mənbəyi yaradırıq".
Vergilər nazirinin müavini Sahib Ələkbərov isə çıxışında bildirdi ki, büdcədənkənar fondda hər bir manat ciddi nəzarət altındadır, burada heç bir şübhə ola bilməz.
