|
Bu gündən amnistiya aktının icrasına başlanılır
Bu gündən etibarən 28 May-Respublika Günü ilə bağlı qəbul edilən amnistiya aktının icrasına başlanılacaq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən akt 10 min məhbusa şamil olunacaq, 3500 məhkum azad ediləcək.

Qərarın icrası 4 ay sürəcək. Amnistiya yalnız böyük ictimai təhlükə törətməyən cinayətlərə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərə tətbiq ediləcək. Qərar pul cəzası olan, şərti cəza çəkən, cəzaları Cinayət Məcəlləsinin 79-cu maddəsi ilə təxirə salınmış şəxslərə də şamil ediləcək. 

Eyni zamanda  bu qərar qüvvəyə mindiyi günədək cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər (amnistiya tətbiq olunmasına məhdudiyyətlər nəzərə alınmaqla)  təyin  olunmuş cəzalardan azad olunacaqlar. O cümlədən 4 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılacaq. 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırım siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya edilmiş, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Göründüyü kimi, amnistiya aktının əhatə dairəsi kifayət qədər genişdir. Bu baxımdan ictimaiyyətin gözləntiləri yüksəkdir. 
Əfv Komissiyasının üzvü, deputat Əliməmməd Nuriyev 4 ay ərzində amnistiya aktının tətbiqinin başa çatacağını bildirdi: “Bütövlükdə, amnistiya prokurorluq və məhkəmə orqanları, Penitensiar Xidmət tərəfindən həyata keçiriləcək. Bu aktın özəlliyi ondan ibarətdir ki, 2 min manata qədər cəriməsi olan şəxslər də bu cəzadan azad olunurlar. Eyni zamanda 2 min manatdan çox cərimə varsa, amnistiya aktı qüvvəyə minənə qədər cərimə 2 min manat qalmaq şərti ilə ödənilirsə, yenə də amnistiya onlara şamil olunur. Bu aktla minlərlə insan azadlığına qovuşacaq. Belə məhbusların saxlanılması təxminən 6 min manata başa gəlir. Bu baxımdan da onların  azad olunmasının müsbət tərəfi var. Eyni zamanda azadlığa çıxmış şəxslər çalışacaqlar, ailələrinə çörəkpulu qazanacaqlar. Bu şəxslərin kriminal davranışlarının da qarşısı alınacaq. Bu çox mühüm bir addımdır”.
 
Qeyd edək ki, amnistiya aktı qəbul olunandan bu günə qədər əsas müzakirə mövzularından biri siyasi məhbusların əksəriyyətinə bu qərarın şamil olunmamasıdır. Çünki onlar ağır cinayətlərdə ittiham olunurlar.

Hüquqşünas bu məsələyə də münasibət bildirdi: “Arzu edərdim ki, amnistiya aktından hər kəsə bir pay düşsün. Düşünürəm ki, ağır və az ağır cinayətlərdə ittiham olunanların cəzalarını azaltmaq mümkün idi. Amma bu akt ucdantutma hamıya şamil oluna bilməz.  Bunun mənfi tərəfləri də ola bilər. Çünki elə məhbuslar var ki, dəhşətli qətllər törədiblər. Bütün dünyada bu tipli aktlarda bunlar nəzərə alınır. Hər halda, bu akt qəbul olunub və yüksək qiymətləndirilməlidir. Tətbiqi də yüksək səviyyədə olmalıdır. Məlumatım var ki, bu prosesi həyata keçirəcək qurumlar ciddi şəkildə hazırlaşıblar. Prokurorluqda böyük bir seminar hazırlanmışdı. Amnistiyanın icrası zamanı heç bir qanunsuzluğa yol vermək mümkün olmayacaq. Çünki hüquq-mühafizə orqanlarına bununla bağlı ciddi tapşırıq verilib. Amnistiya ilə bağlı icraçılar hər hansı bir sövdələşməyə getməməlidirlər. Kimlərə şamil olunacaqsa, demək, olunacaq”.