|
Baba Tağıyevin “Qapıları”ndan şikayət var

Qalmaqallı sabiq deputat Baba Tağıyevin “Avropa qapıları” keyfiyyətsiz materiallar satmaqla istehlakçıların hüquqlarını pozur. Axar.az-a verilən məlumata görə, şirkətin vətəndaşları aldatması ilə bağlı Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.

Hər iki nazirlikdə sabiq deputatın şirkəti barəsində dosye hazırlanıb və araşdırmalar aparılır. Bu araşdırmaların nəticəsindən asılı olaraq cərimə tətbiq oluna bilər.

Yada salaq ki, daha əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi şirkətə qarşı 4 min manat cərimə tətbiq edildiyinə dair məlumat yaymışdı. Əldə etdiyimiz məlumatda deyilir ki, şikayətlərin ardı-arası kəsilmir deyə, araşdırmalar yenidən davam edir.

Şirkətin rəsmi saytında isə qeyd olunub ki, xammal istehsal və komplektləşdirmə üçün tələb olunan məhsullar, lak-boya materialları, həmçinin aksessuarlar xaricdən alınır. Siyahıda İtaliya, Türkiyə, İran, Rusiya və Gürcüstan kimi dövlətlərin şirkətləri ilə əməkdaşlıqdan bəhs olunur. Ancaq həmin firmaların adları açıqlanmır.
Xəbərlərə görə, xammal kimi istifadə edilən zərərli ağaclar Rusiyadan idxal olunur. Bu ağac materialları zərərli olduğundan Rusiyanın mebel sənayesində istifadəsinə icazə verilmir.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov da “Gundelik-baku.com”a bildirmişdi ki, “Avropa qapları"ndan ardıcıl şikayətlər daxil olur:

“Dövlət orqanları bu şirkətin keyfiyyətsiz məhsullarının öhdəsindən gələ bilmir. Onlar vətəndaşlara saxta ödəniş qəbzi verməklə, istehlakçıların hüquqlarını pozmaqla, müqavilə şərtlərini yerinə yetirməməklə fərqlənirlər. Dəfələrlə Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilib”.

B.Tağıyev isə biznesdən 8 ildir uzaqlaşdığını qeyd etsə də, “Avropa qapıları”na qeyri-rəsmi şəkildə nəzarət edir.